Prezident İlham Əliyev “Vətən xilaskarı” ordeni ilə təltif edilsin - Tarixçi
Prezident İlham Əliyev prosesləri dəqiq qiymətləndirən, mühüm məsələləri elmi-praktik cəhətdən əsaslandırmağı bacaran, problemlərin həlli yollarını göstərən, verdiyi bütün vədləri yerinə yetirən, xalqın istəklərini gerçəkləşdirən praqmatik siyasətçidir. Onun siyasətdə ardıcıllıq və prinsipallığı öz bəhrəsini verdi.
Day.Az xəbər verir ki, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edən, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verməyən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı, 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi.
Q.Hacıyev Prezident İlham Əliyevin böyük diplomatik fəaliyyəti ilə tanındığını da vurğulayıb:
"2007-ci il 25 mayda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı zamanı dediyim - "Cənab Prezident, Siz işğal olunmuş Qarabağ torpaqlarını azad etsəniz, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək" müraciətinə cavab olaraq Prezident İlham Əliyevin dedikərini bu gün də yaxşı xatırlayıram: "İşğal olunmuş torpaqlarımızı azad etmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Onda Ermənistan bizim ərazilərimizi işğal altında saxlaya bilməyəcək". Sonralar dərc etdirdiyim "Prezident İlham Əliyevin fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin həlli prioritetdir" adlı məqalədəki fikirlərə (Azərbaycan qəzeti 20.10.2013) onu əlavə etmək lazımdır ki, cənab Prezident İlham Əliyev Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dövlət başçısı olduğunu sübut etdi. Buna görə də istərdim ki, Azərbaycaın yeni dövlət ordeni - "Vətən Xilaskarı" ordeni təsis edilsin. Cənab Prezident İlham Əliyev "Vətən Xilaskarı" ordeni ilə təltif edisin".
Q.Hacıyev qeyd edib ki, İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən şəxsiyyətdir.
Tarixdə öz xalqı üçün belə xidmətlər göstərən bir sıra tarixi şəxsiyyətlər olduğunu və onların əməllərinin tarixə məlum olduğunu xatırladan alim qeyd edib ki, Şah İsmayıl Xətai Azərbaycanın bütün ərazilərini birləşdirərək Səfəvilər imperiyasını yaratdı. Cüzeppe Qarribaldi yarıya bölünmüş İtaliyanı, Otto fon Bismark Almaniyanı birləşdirdi, Nadir Şah Əfşar Azərbaycan Səfəvilər imperiyasının ərazi bütövlüyünü bərpa etdi, nəhəng imperiyaya çevirdi. Mustafa Kamal Paşa Atatürk Türkiyəni dağılmaqdan xilas etdi, Türkiyə Cumhuriyyəti yaratdı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası dövlətini qurdu:
"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın işğal edilmiş ərazilərini azad etdi, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin elədi. Bunlarla yanaşı, Türk Birliyi perspektivinin reallaşması üçün böyük addım atıldı, dünyanın ən əhəmiyyətli keçidlərindən biri olacaq Azərbaycanın qərb regionu-Naxşıvan-Türkiyə yolunun qurulmasına qərar verildi. Bunlar yeni bir dünyadır!".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре