Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR
Yol hərəkətində təhlükəsizlik kəməri həm qanuni tələb, həm də həyati əhəmiyyət daşıyan bir vasitədir.
Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 37-ci maddəsinə əsasən, nəqliyyat vasitəsi hərəkətdə olarkən sürücü təhlükəsizlik kəmərini bağlamalıdır. Bu qaydalar sürücü və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün müəyyən edilib.
Qanuna görə, sürücü yalnız özü kəmər bağlamaqla kifayətlənməməli, avtomobildə olan sərnişinlərin də kəmərdən istifadə etməsini təmin etməlidir. Eyni tələb motosiklet sürücülərinə də aiddir. Onlar və sərnişinləri mütləq motoşlem taxmalı və onu düzgün şəkildə bağlamalıdır.
Bununla yanaşı, bəzi hallarda istisnalar nəzərdə tutulur. Kəmərdən yalnız aşağıdakı şəxslər istifadə etməyə bilər:
- 12 yaşınadək uşaqlar (arxa oturacaqda olduqda)
- Hamilə qadınlar
- Nəqliyyat vasitəsini geri hərəkət etdirən sürücülər
- Sürücülük təlimi zamanı sükan arxasında olan öyrənən şəxs və təlimçi
- Yaşayış məntəqələrində xidməti vəzifəsini yerinə yetirən operativ nəqliyyat vasitələrinin sürücü və sərnişinləri
Təhlükəsizlik kəmərindən istifadə etməmək inzibati məsuliyyət yaradır və 40 manat cərimə ilə nəticələnir. Bu qayda həm sürücülərə, həm də sərnişinlərə aiddir.
Unutmaq olmaz ki, təhlükəsizlik kəməri sadə bir qayda deyil - o, qəza zamanı həyat xilas edən ən vacib vasitələrdən biridir.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре