Əlincə Qalasi: Əfsanəvi, Rəvayətli Sirli Qala
Day.Az представляет новость на азербайджанском языке
Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alıncaq", "Alancıq", "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki "alan" (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" mənaları da olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Culfa rayonundakı "Əlincəqala" tarixi abidəsinin bərpa edilməsi haqqında" sərəncamı tarixi abidələrimizə göstərilən qayğının bariz nümunəsidir. Sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası qədim, orta əsrlər və yeni dövr tariximizin izlərini özündə əks etdirən nadir maddi-mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Beş minillik şəhər mədəniyyəti tarixi olan bu qədim diyar özündə ilk insanların yaşadıqları mağaraları, qədim yaşayış yerlərini, erkən şəhər mədəniyyəti qalıqlarını, möhtəşəm qala divarlarını, qayaüstü təsvirləri, daş qoç heykəllərini, xatirə memarlığının ən gözəl nümunələri olan türbələri əks etdirir. Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır ki, onların içərisində müdafiə qalalarının, o cümlədən "Əlincəqala"nın özünəməxsus yeri və rolu vardır".
Həqiqətən bu qalanın dünya mədəniyyət tarixində xüsusi yeri və əhəmiyyəti vardır. Bura mədəniyyətin beşiyi, sisivilizasiyanın mərkəzidir. Bura ən qədim insanların yaşayış məskəni olmuşdur. Nuh dastanı ilə bağlı Şumer və Naxçıvan əfsanə və rəvayətlərdə Əlincə qalanın da adı keçir.
Əlincəqalanın adı və salınma tarixi dəqiq məlum deyil. Xalq etimologiyasına görə, dağın adı "əlini çək" kimi də işlənmişdir. Elmi mülahizələrə görə isə dağın (həm də qalanın) adı Alançıq ("meydança", "kiçik meydan"; alan - qədim türk dilində "düzənlik", "meydan") sözündəndir. Naxçıvan folkloruna görə Əlincəqalanın adı Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə bağlı yaranmışdır. Zaman keçdikcə həmin qala adı canlı danışıq dilində tədricən Əlincə şəklinə düşmüşdür.
Ən qədim ulu dastanımız "Kitabi Dədə Qorqud" da Əlincə qalası möhkəm istеhkam qala kimi təsvir оlunur və 3 dəfə adı çəkilir: X boyda deyilir, "...yolu Əlincə qalasına uğramışdı..."; "...Əgrəgi tutdular, Əlincə qalasına zindana bıraqdılar"; "Hünərin var isə qartaşın Əlincə qələsində əsirdir, var onu qurtar".
Bu qalanın hündürlüyü 2000 m-dir. Çıxılması çətin olan sıldırım qayalıqlarla əhatə olunmuşdur. "Əlincəqala" tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmış, 1387-1401-ci illərdə, 14 il ərzində 4 dəfə Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinn "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci il 6 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarixi abidələr qeydə alınıb pasportlaşdırılarkən "Əlincəqala" haqqında da məlumatlar toplanmış və bu abidə, 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir.
Şəmsəddin Eldənizin hakimiyyəti dövründə Atabəylər dövlətinin baş xəzinəsi Əlincə qalasında saxlanmış, Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. İndiyə qədər uçuqları qalan Əlincə qalasında uzun müddətli hücumlara dözüm üçün hərbi-strateji və maddi-iqtisadi imkanların olduğu aydın görünür. Geniş düzənliyin ortasında yüksələn çılpaq, sıldırım dağa üç yandan dar "keçi cığırı" ilə qalxmaq olur. Bu cığırların zəif yerlərində divar və bürclərdən istehkamlar, səngərlər, hücum mövqeləri quraşdırılmışdır.
Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Burada bulaqlar, üzümlüklər, əkin yerləri, otlaqlar, bağlar, zəmilər, hovuzlar olmuşdur. Qazıntılar zamanı yaşayış və ictimai məkanlar, tövlə, anbar, təndir, ovdan, yeraltı su xətləri - "kəhriz"lər aşkar olunmuşdur. Burada əl dəyirmanı, saxsı qablar, balta və pullara da rast gəlinmişdir. Tarixçilərin verdiyi məlumata görə Azərbaycan Atabəyləri - Eldənizlərin hakimiyyəti dövründə Əlincənin əhəmiyyəti xüsusilə artmış, hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincədə yerləşirdi.
Yüksəklikdə yerləşən Əlincəqalanın çevrəsindəki qəbirstanlıq və türbələr, xanəgahlar bu yerlərin uzun illər abad yaşayış məskəni olduğundan xəbər verir.
Əlincə qalası həm də hürufilərin yaşayış məskəni, qiyam və mübarizə məkanı olmuşdur. Hürufiliyin banisi Fəzlullah Nəimi 1394-cü ildə Miranşahın əmri ilə Əlincə qalasında öldürülmüş və Əlincə- Xanegahı deyilən yerdə də dəfn edilmişdir. Bu yer bu gün Culfa rayonundakı Xanağa kəndidir. Hürufilər sözləri varlığın əsası kimi qəbul edirlər. Sözlər "Quran"da və Quran vasitəsilə Allahdan gələn vəhylər dünyanı yaratmışdır. Allahın Qurandakı sözlər vasitəsilə insanda təcəlla etməsi Hürufilik ideyasının əsasını təşkil edir.
Hərflərin və rəqəmlərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hərfləri müqəddəsləşdirən, hürufiliyi bir fəlsəfi-dini fikir sistemi olaraq quran, yayan şəxs azərbaycanlı Fəzlulluah Nəimi Astarabadi (1340-1394) olmuşdur. Bəzi mənbələrə görə Astarabad və ya Astabad Naxçıvanda Araz çayı sahilində şəhər olmuşdur. Bu şəhər sonralar Araz çayının sularına qərq olmuşdur.
Əlincə qalası ilə bağlı Naxçıvan fоlklоr mühitindən rəvayət və əfsanələr bayatılar mövcuddur. Bir Naxçıvan bayatısında deyilir:
Qurban olum torpağına, daşına,
Qaldır məni Əlincənin qaşına,
Qoy dolanım, Vətən, sənin başına
Deməsinlər, pərvanəsi çatışmır.
Naxçıvanın abidələri, xüsusilə Əlincə qala bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Muxtar respublikada tarixi abidələrin bərpası, geniş tədqiqi və təbliği turistlər tərəfindən də rəğbətlə qarşılanır.
Muxtar respublikada tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlər artıq öz bəhrəsini verir, Naxçıvan dünyada ilkin yaşayış məskənlərindən biri kimi qəbul edilir. 1996-cı ildə "Uluslararası qaynaqlarda Naxçıvan", 2009-cu ildə "Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan", 2011-ci ildə "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi", 2012-ci ildə "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzularında beynəlxalq simpoziumların keçirilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixə malik Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Bu günədək aparılan tədqiqatların nəticəsi və elmi sübutu olaraq 2008-ci ildə "Naxçıvan Abidələri Ensiklopediyası"nın nəşr olunması yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Son illər çap olunan "Naxçıvan tarixi atlası", "Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan", "Naxçıvanda arxeoloji tədqiqatlar", "Naxçıvan tarixi" çoxcildliyi və digər kitablar da Naxçıvan tarixi ilə yanaşı, həm də bu qədim diyardakı abidələrin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbələrdir.
Bu gün bu qala lazımi səviyyədə bərpa edilmişdir. Bərpa işləri zamanı Əlincə dağının ətəyində müvafiq yer seçilmiş və "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunmuşdur. Bina iş otaqları və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin, xüsusilə qədim məişət əşyalarının, pul və sikkələrin, kitab, jurnal və qəzet materiallarının nümayiş etdirilməsi üçün vitrinlər qoyulmuşdur. Bu da ziyarətçilərin qala sakinlərinin yaşayışı və qəhrəmanlıq tarixi haqqında ətraflı məlumat almasına imkan verəcəkdir.
"Əlincəqala" tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunmuşdur. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. Bərpa işləri zamanı qalanın zirvəsinə doğru yol çəkilmiş, qala ərazisində, eləcə də yol boyunca işıqlandırma sistemləri quraşdırılmış, oturacaqlar qoyulmuş və ətrafda yaşıllıqlar salınmışdır.
Tarixi yaşadanları tarix də yaşadacaqdır. "Əlincəqala" tarixi abidəsinin bərpa olunması da xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Qədim tariximizdən, dünya mədəniyyətindən soraq verən, Naxçıvanın əyilməzlik və mübarizlik rəmzi olan "Əlincəqala" abidəsi möhtəşəm görkəmi ilə dünya səyahətçilərinin, elm adamlarının, arxeoloq və etnoqrafların, folklorşünasların böyük marağına səbəb olacaqdır.
Əkrəm Rüfət oğlu Hüseynzadə
Filologiya üzrə fəlsəfə doktoru
AMEA-nın Naxçıvan Bölməsinin
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре