Bığ-saqqal: kişilik etalonu ya imic

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке. 

"İgid plovdan ovuclayıb yedi, sonra yağlı əlləri ilə bığlarını burub eşdi", "bəyin hirsindən bığları titrədi" - nağıllarımızda, ədəbiyyatımızda rast gəlirik bu kimi cümlələrə.

Nağıllarımızda igidlərin hamısı bığlı təsvir edilir. Elə xalq mahnımız da var: "Nəbinin bığları eşmə-eşmədi". Babalarımızın əksəriyyətinin bığı olub, atalarımız, qardaşlarımız, həyat yoldaşlarımız bığa bir o qədər önəm verməsələr də...

Bığ-saqqal kişinin qüruru idi

Qədimdən bu yana Azərbaycan kişisi üçün ən önəmli atribut hesab olunan, günümüzdə gənclərin o qədər də vacib və önəmli hesab etmədikləri bığ tək bizim kişilər üçün deyil, əcnəbilər üçün də önəmlidir.

Tarix boyu bığ və saqqala kişinin qüruru kimi qiymət verilib. Tarixdə kifayət qədər çox bığlı tanınmışlar var. Albert Eynşteyn, Mark Tven, Çarli Çaplin, Hitler, Stalin, Maksim Qorki, Salvador Dali həmişə bığları ilə qürrələniblər. Faşist Almaniyasının lideri Hitlerin kiçik bığı isə bütün dövrlərin ən çox müzakirə edildiyi məsələlərdən biri olub. Stalinin öz bığlarını çox sevməsi ilə bağlı şayiələr də olmamış deyil.

"Qaçaq Kərəm" əsərini oxuyanlar bilərlər, Kərəm düşməni Bığı bəyə ən ağır cəzanı məhz bığını kəsərək verir. Çünki o zamanlar kişinin bığı və ya saqqalı düşməni tərəfindən kəsilərdisə, onun el içində nə sözünün hökmü, nə də gəzməyə üzü olurdu. Qaçaq Nəbi isə xalqa əziyyət verən kəndxudanın bığını kəsmişdi.

Bığın da növü olurmuş

Maraqlıdır ki, hər şeyi növ və kateqoriyaya ayırmaq həvəskarı olan insanlar bığları da bir neçə növə ayırıblar. Bunlar qaytan, pala, burma, duqlas, badam, çin, pos, kiprik və s. kimi adlar verilən bığ növləridir.

Qaytan bığlı kişilər alt hissəsi az kəsilmiş, üstdən çox alınmış və ağız kənarlarından aşağı doğru bir az sallanan bığlara sahib olurlar. Pala bığlılar alt dodaqların kənarlarından azacıq təmizlənən, üstü uzun qalan və ucları burulan bığların sahibidirlər. Burma bığ nisbətən incə, uzunluğu çox olan və baş və şəhadət barmağın köməyi ilə burulan bığ növüdür. Pos bığlı kişilərin bığı topadır, burulmur. Stalinin bığı məhz bu növdəndir.

Badam bığlılar isə kənarları təraş edilən, sadəcə üst dodağın ortasındakı dəlikdə buraxılan bığ şəklidir. Hitlerin bığı buna misaldır. Duqlas bığı - üçbucaq şəklində olur, dodaqüstü tüklər qısaldılaraq forma verilir. Çarli Çaplinin bığlarını yadınıza salın. Çin bığı - yanağa doğru yönləndirilir, altı təraş edilir. Kirpik bığlı kişilərin bığı dodaq üstündə xəfifcə cizgi kimi olur. Mərhum müğənni Məmmədbağır Bağırzadənin bığları kimi.

"Bığlı" ölkələr

Psixoloqların fikrinə əsaslansaq, deyə bilərik ki, bığ saxlayan cavanların əksəriyyəti bunu dəb üçün edir. Belə ki, son dəbdə saxlanan bığ və saqqal onlar üçün kişiliyi və qüruru ifadə etmir. Gəncliyi və uşaqlığı sovet dövrünə düşən kişilər isə bığ saxlamağı vacib hesab etməsələr də, adətə əməl edirlər. Əsasən də müsəlman dünyasında bığlı-saqqallı adamları görmək adi haldır. Amma dəb xətrinə bığ-saqqal saxlayanlar daha çox əcnəbilərdir.

Dünyada ən çox bığ saxlayan kişilər Banqladeş, Pakistan, Əfqanıstan, Hindistan, İraq, Çeçenistan, Səudiyyə Ərəbistanı, Meksika, Suriya və Türkiyədədir. Bu ölkələr "dünya bığları"na liderlik edir. Bəlli tarixi dönəmlərdə bığ moda elementi sayılıb.

Etnoqraf Füzuli Bağırov isə daha maraqlı bir məsələdən danışdı - "bığ bağı" məsələsindən: "Tarixdə "bığ bağı" adlı bir kisənin mövcudluğundan bəhs edilir. Bu, kiçik bir kisəcikdir. Keçmişdə bəylər, xanlar saqqal və bığlarına həna (xına) qoyduqdan sonra uclarını bu kisənin içinə salırmışlar. Kisənin materialı hənanın daha yaxşı rəng almasına kömək edirmiş".

Psixoloq: "Bığ kişilik etalonu idi"

Psixoloq Dəyanət Rzayev deyir ki, bığ qədimdən bu yana kişilik etalonu hesab edilən bir anlayışdır:

"O vaxtlar belə bir fikir formalaşmışdı ki, kimin bığı daha böyükdür, o daha yaxşı kişidir. Eynilə papaq kimi, bığ da bir növ namus məsələsi idi. İslam dini də saqqalı doğru hesab edir, amma bığın olmaması məsləhət görülür. Bu, dodağa hər hansı infeksiyanın ötürülməsi məsələsi ilə bağlıdır. Ümumən götürsək, bığ və saqqal məsələsi qadın və kişini fərqləndirmək üçün kişilərin baş vurduğu bir yoldur. Qədimdə kişinin bığı düşməni tərəfindən kəsilirdisə, bu məğlub olmaq kimi qiymətləndirilirdi. O vaxt mərdlik vardı, kişi öz düşməninə ən ağır cəza vermək qərarına gəlirdisə, bu, bığın kəsilməsi ola bilərdi. Onda insanlar indiki kimi korlanmamışdılar, birini məğlub eləmək üçün alçaltmaq, indiki kimi təcavüzə əl atmaq yox idi".

Kişilər bığ-saqqalı niyə saxladıqlarını izah edirlər...

Jurnalist Fəxrəddin Hacıbəyli deyir ki, bığ və saqqal onun üçün sadəcə imic deməkdir: "Bığ və saqqal görünüşümə hansısa yeni bir çalar əlavə etməkdir. Eyni zamanda qəlibləşmiş, daşlaşmış fikirləri dağıtmaq üçündür".

Gənc aktivist Elyar Hüseynzadə: "Seyrək saqqal və nazik bığ mənim imicimdir, özümü onlarla daha yaxşı hiss edirəm".

Tanınmış jurnalist Eldəniz Elgün üçün isə bığlarının xüsusi önəmi var: "16 yaşımdan bığ saxlayıram. Haradasa 20 ildir. Bu mənim üçün zahiri məna daşımır. Amma bığım mənim üçün haradasa bir dost, bir mənəvi dəyər kimidir. Səbəbini bilmirəm. Amma bığıma hörmətim böyükdür".

Qocaman jurnalist Akif Əhmədov deyir ki, keçmişdə kişinin sözü onun möhürlü kazığı idi, söz verdisə, qurtardı: "Bığ-saqqal kişilik rəmzi, and yeri olub bir zamanlar. Üzərində olduğu kəsin boynuna kişilik kimi haqq qoyub. Sözübütöv, cəsarətli, ötkəm, ailəsində, camaat arasında sayılıb-seçilən adamlara bu rəmzlər hörmət, başqalarının onunla məsləhətləşməsi, hesablaşması və s. kimi çox vacib keyfiyyətlər gətirib. Amma indi bığı, saqqalı dəb xatirinə qoyur əksəriyyət. Cavan oğlan qəribə, hamı tərəfindən qınaqla qəbul edilən bığ-saqqal qoyur. Əlbəttə, hamıya aid deyil, bizim mərd kişilərimiz də var. Heç saqqal, bığ qoymasalar da, kişi oğlu kişidirlər".

Sevilən şair Namiq Hacıheydərlinin sözlərinə görə, Azərbaycan kişisi bığ saxlamamağı ağlına belə gətirməyib. Çünki bığını qırxan kişini az qala daş-qalaq edə bilərdilər: "Həmin dövrdə bu, "biqeyrətlik" hesab olunurdu. Təbii ki, bunlar bilgisizliyin, dünyagörüşünün çox aşağı səviyyədə olmasından qaynaqlanırdı. Ancaq zaman keçdikcə dəyərlər də dəyişir. Bu gün bığ və ya saqqal saxlamağı dəyər hesab etmək gülüş doğurar. Nədəni budur ki, dəyəri zahirdə deyil, mahiyyətdə aramaq gərəkdir. Bu, artıq inkaredilməz gerçəklikdir".

Artistlərin dəbi, ya solçuların ideologiyası?

Yazıçı-kulturoloq Aydın Xan Əbilin sözlərinə görə, Şərq və Qərb cəmiyyətlərində bığ-saqqal həmişə kişilik əlaməti olaraq qəbul edilib. Bu, mentalitetin ayrılmaz hissəsi olaraq qorunub saxlanıb:

"Vaxt var idi ki, saqqala və bığa qulluq etmək üçün xüsusi bərbərxanalar var idi. Kişilər öz saqqallarını həm dəbli saxlayırdılar, həm də qoruyurdular. Amma bığ-saqqal saxlamanın fizioloji tərəfləri də var. Çünki fizioloji sağlam olan insanda bığ-saqqal normal çıxır. Amma zəmanə gəncləri bığ-saqqalı kişilik rəmzi kimi gördükləri üçün yox, daha çox dəb xatirinə saxlayırlar. Belə ki, sevimli aktyor və müğənnisinin imicini təqlid edənlər var. Amma ümumilikdə götürsək, mən dövrümüzdə bığ-saqqal saxlayanları iki kateqoriyaya ayıra bilərəm. Birincisi, dininə görə saxlayanlar - buraya əsasən vəhabi təriqətinə qulluq edənləri aid etmək olar. Düzdür, onlar bığ yox, sadəcə, saqqal saxlayırlar. İkinci tərəfə isə özünü avropalı mütəfəkkirlərə, intellektuallara bənzədən qisim daxildir".

Kulturoloq bildirdi ki, çox az qisim də var ki, onlar da fərqli bığ-saqqal saxlayırlar: "Bu qismə solçuları aid etmək olar. Bilirsiniz ki, solçular və inqilabçılar zahiri görkəmlərinə o qədər də fikir verməyiblər və saqqal-bığ onlarda tez-tez rast gəlinəndir. Müasir solçular da bu oxşarlığı yaxalamağa çalışırlar".

Stilist nə deyir?

Tanınmış stilist Samir Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, indi cavan nəsil kişilik rəmzi kimi yox, sadəcə dəb xatirinə bığ və saqqal saxlayır:

"Kişilik nə bığdan, nə də saqqaldan asılı deyil. Kişilik insanın xarakterində, hərəkətindədir. Bu, sadəcə, dəbdir, bu il belədir, gələn il dəb dəyişən kimi bu da dəyişəcək. İndi ötən əsr deyil, zaman dəyişir, əvvəllər kiminsə bığı qırxılanda bu, təhqir kimi qəbul edilirdi, amma indi adi bir şeydir".

Stilist deyir ki, gənc nəsil adətən tanınmış simaları örnək götürür və onların stilini təqlid edir: "Məsəl üçün, müğənni Abbas və digərləri də indiki stillərini dünyaca məşhur simalardan götürüblər. Amma deyim ki, yaraşır da".

Maraqlıdır ki, bizə tanış olan müasir filmlərdə də bığ və saqqalın qırxılması təhqir kimi təbliğ olunur. Hamımızın yaxşı tanıdığı Türkiyənin "Aşka sürgün" serialında Nizar xarakterinin Rəsul obrazını təhqir etmək üçün saqqal və bığını kəsməsi tanış səhnədir. Bu mardinlilər üçün ölümdən betər qəbul olunurdu. Adətlər nə qədər dəyişsə də, elə indi də bütün türk dünyasında kişilik rəmzinə müdaxilə normal qarşılanmır...