Bəzi xarici fondlar qrantların hansı təşkilat və şəxslərə verilməsi ilə bağlı məlumatları gizli saxlayırlar – Elçin Mirzəbəyli

Qanun layihəsi qeyri-hökumət təşkilatlarının fəaliyyətində xarici maliyyə mənbələrinin istifadəsi ilə bağlı şəffaflığın və hesabatlılığın artırılmasını nəzərdə tutur. Layihəyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə bank və digər əməliyyatlar qadağan ediləcək. Bu, sadəcə inzibati texniki yanaşma deyil, təhlükəsizlik və iqtisadi şəffaflığa yönəlik strateji məqsədlərə xidmət edən bir məsələdir.
Day.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Millət vəkili xatırladıb ki, qanun layihəsində belə hallara görə yalnız inzibati məsuliyyət nəzərdə tutulur:
"Qeydiyyatsız maliyyə mənbələri bəzən qanunsuz gəlirlərin leqallaşdırılmasına, vergidən yayınmalara və daha da təhlükəlisi, terrorçuluğun və ölkənin təhlükəsizliyinə təhdid yaradan digər istiqamətlərin maliyyələşdirilməsinə yol açır. Ölkə qanunvericiliyində bu qəbildən olan hallar üçün cinayət məsuliyyətini nəzərdə tutan müddəalar var. Qeydiyyatsız maliyyə mənbələrindən istifadə nəticəsində sadəcə inzibati deyil, daha ağır hallarda cinayət məsuliyyəti də yarana bilər".
Deputat bildirib ki, qanunvericilik təkmilləşdirildikcə xarici maraqları ifadə edən qrupların öz nüfuz müvəkkillərinə onların pozucu əməllərinin maliyyələşdirilməsi üçün ötürdükləri maliyyə vəsaitlərinin forması da dəyişilir:
"Hazırda bununla bağlı dünyanın müxtəlif ölkələrində azsaylı da olsa, qanunsuz maliyyə vəsaitlərinin əmtəə, istehlak malları və s. formasında ötürülməsi ilə bağlı faktlar da var. Bu özünü nəqliyyat vasitələrinin və digər bu kimi daha böyük vəsait tələb edən mallarının alınmasında da büruzə verir. Bu kimi halların baş verməsi ehtimalı ilə bağlı məqamlar da nəzərdən keçirilməlidir. Müxtəlif dövlətlərin xarici ölkələrdəki nüfuz müvəkkilərini maliyyələşdirmək və yumşaq daxili güc formalaşdırmaq üçün yaradılan fond və təşkilatların əhəmiyyətli hissəsi son illər ayrı-ayrı ölkələr üzrə ayırdıqları qrant vəsaitlərinin miqdarını və hansı ölkələri əhatə edəcəyini açıqlasalar da, bu vəsaitlərin hansı təşkilat və şəxslərə verilməsi ilə bağlı məlumatları gizli saxlayırlar. Bu da, şübhəsiz ki, sözügedən vəsaitlərin qanunsuz yollarla və vasitələrlə ötürüldüyünə şübhələr yaradır.
E.Mirzəbəyli qeyd edib ki, dəyişikliklər qeyri-hökumət sektorunun daha şəffaf, hesabatlı və təhlükəsizlik baxımından etibarlı şəkildə fəaliyyət göstərməsi üçün hüquqi zəmin yaradır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре