Məktəblərdə təmiri kim aparmalıdır
Day.Az представляет новость на азербайджанско
Artıq 2012/2013-cü tədris ili başa çatdı. Bir çox məktəblər bu tədris ilini yeni və təmirli məktəblərdə keçirsələr də, bəzi məktəblər hələ də təhsili köhnə və təmirsiz şəraitdə davam etdirdi. Bu gün təmirə ehtiyacı olan, qəzalı vəziyyətdə olan məktəb binaları qalmaqdadır. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir edir. Çünki məktəblərdə verilən təhsilin keyfiyyəti qədər onun hansı şəraitdə verilməsi də önəmlidir.
Məktəblərin cari təmiri məsələsi hər zaman gündəmdə olan bir məsələdir. Cari təmir məsələlərinin konkret olaraq hansı dövlət qurumu tərəfindən həyata keçirilməli olduğu qaranlıq qaldığı üçün bu işlər hər zaman təhsil sistemi üçün müəyyən problem və narazılıqlar yaradır. Hər tədris ili başa çatdıqdan sonra növbəti tədris il üçün məktəblərin cari və əsaslı təmiri, yenidən tikintisi işlərinə başlanılır. Amma məktəblərin cari təmir məsələləri üçün konkret məbləğdə hansısa vəsaitlər ayrılmır. Buna görə müəyyən ehtiyacları olan məktəblərin direktorları cari təmir məsələlərini həll etmək üçün "təmirpulu", "fondpulu" yığımı həyata keçirirlər. Bəzi xırda işlərin həllində konkret valideynlərin, böyük məsələlərin həllində isə bir çox valideynlərin köməyindən istifadə edilir. Bu zaman ortaya bir sual çıxır - cari təmir işləri üçün müəyyən dövlət qurumlarına vəsait ayrılsa da, bu işlər hər tədris ilinin sonunda niyə məktəb direktoru, müəllim və ya valideynlər tərəfindən həyata keçirilməlidir? Niyə hər dərs ilinin sonunda məktəb direktorlarından məktəblərin cari təmir məsələləri ilə bağlı hesabat alınır? Məktəblərə cari təmir üçün heç bir vəsait ayrılmadığı və yaxud da çox az miqdarda ayrılan vəsait hesabına orta hesabla 1000-ə yaxın şagirdin təhsil aldığı məktəblərin təmir işlərini necə həyata keçirmək olar?
Təhsil ictimaiyyəti nümayəndələrinin rəyləri
Sualımıza cavab tapmaq üçün ilk müraciət etdiyimiz 138 saylı orta məktəbin direktoru Mirfaiq Mirheydərli APA-ya açıqlamasında deyib ki, il ərzində məktəbə lazım olan cari təmir məsələlərinin hər biri valideynlərin köməyi hesabına həll edilib. Onun sözlərinə görə, xırda təmir işləri ayrı-ayrı valideynlərə müraciət əsasında həll olunub: "Amma bəzən elə məsələlər olur ki, onun həllində bütün valideynlərə müraciət edirik. Əgər valideynlər uşaqlarının təhsili, daha zövqlü məktəbdə oxuması üçün hansısa işlər görürsə, bu, niyə ayrı-ayrı adamları narahat edir? Bu kiçik hallar niyə təhsilin üzərinə ləkə olaraq yapışdırılır? Cari təmir üçün də dövlət tərəfindən hər il müəyyən ayırmalar olur. Amma mən direktorluq etdiyim müddətdə bu məktəbə belə ayırmalar olmayıb. Son 6 ildə məktəbə kifayət qədər avadanlıqlar alınıb. Valideynlərin bir əli məktəbdə olmalıdır ki, kənar söhbətlərə imkan yaranmasın. Bəzi məsələləri biz direktorlar demədikcə, cəmiyyətdə bir çox ünsürlər bizim üzərimizə ayaq açır. Bir-iki adamın nöqsanını bütövlükdə təhsilin üzərinə yıxmaq olmaz".
M.Mirheydərli ölkədə məktəb direktorlarına inamın yaradılmasının vacib olduğunu deyib. Onun sözlərinə görə, bu gün bəzi direktorlar veriləcək pulun necə xərclənməli olduğunu bilmədiyindən, təmir işləri onlara etibar edilmir: "Bəlkə bizdə də bu təcrübəni yaratmaq lazımdır. Nəyə görə İsrail və digər ölkələrdə məktəb direktorlarına inanılır, onlara bu məsələlərlə məşğul olmağa icazə verilir, amma bizdə direktorlara inanılmır? Təkcə Bakı şəhərində 400-ə yaxın məktəb direktorunun hamısı deyilən kimidir? Bəzi işlərə görə etibar olunmur? Əgər etibar olunmursa, deməli, onların hamısı işdən çıxarılmalıdır. Yox, əgər direktor təyin olunmuşuqsa, etibar edilməlidir. Bəzən deyirlər ki, müasir məktəbin direktoru həm də menecer olmalıdır. Nə ilə, quru əllə? Mən vəzifəmin mənə verdiyi səlahiyyətin davasını döyürəm. Başı aşağı olan direktor başı yuxarı olan uşaq hazırlaya bilərmi? Sözləri demək lazımdır ki, məndən yuxarıda olan adamlar da bunları bilsinlər".
M.Mirheydərli qeyd edib ki, uzun müddət təmirsiz olan məktəb bu il dövlət proqramı çərçivəsində əsaslı təmir edilir. Məktəbdə aparılan əsaslı təmir işlərinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub. Direktorun sözlərinə görə, əgər işin gedişatı bu sürətlə davam etsə, məktəbin yeni tədris ilinə hazır olacağına inanır: "Düzdür, il ərzində məktəblərin cari təmir işləri üçün müəyyən məbləğdə ayırmalar olur. Lakin bu məbləğ nağd pul şəklində deyil, məktəblərin inkişafı üçün hansısa lazımi avadanlıqların, dəzgahların alınması şəklində həyata keçirilir. Bütün qurumlar tərəfindən məktəblərə avadanlıqlar və ya digər yardımları edirlər".
Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin keçmiş müdiri Şahrza Əliyev açıqlamasında deyib ki, son illər kimi məktəblərin təmir-tikintisi üçün büdcədən ayrılan vəsait Təhsil Nazirliyinə təqdim edilir və nazirliyin əsaslı təmir-tikinti idarəsi tərəfindən müvafiq məktəblərə ayrılırdı: "Son 1-2 il ərzində isə məktəblərin təmiri və tikintisi məqsədilə Təhsil Nazirliyinə hansısa ayrılmalar edilməyib. Bu vəsaitlər yalnız investisiya planında nəzərdə tutulan sosial proqramlar, o cümlədən məktəblərin əsaslı təmir-tikintisi üçün ayırmalar yerli icra hakimiyyətlərinə təqdim edilib. Cari təmir məsələlərinə gəlincə, bunun üçün Təhsil Nazirliyinin büdcəsində az da olsa, vəsait nəzərdə tutulurdu. Məktəblərin təmir məsələləri də nazirliyin büdcəsindəki vəsait hesabına ödənilirdi. Bu məbləğ isə çox az olduğundan, yalnız ehtiyacı olan məktəblərə ya pul, ya da avadanlıq şəklində ödənilib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bütün məktəblərin əsaslı təmir və tikintisinin aparılması nəzərdə tutulur. Buna görə də ayrı-ayrı məktəblərdə hər tədris ilinin sonunda müəyyən məqsədlər üçün "fondpulu", "təmirpulu" adı ilə pul yığılması düzgün deyil. Misir Mərdanovun təhsil naziri olduğu dövrdə hər zaman buna qarşı mübarizə aparılıb. İnanıram ki, hazırkı təhsil naziri Mikayıl Cabbarov da bu məsələyə qarşı daim müzakirə aparacaq və məktəblərdə əlavə pul yığımının qarşısını alacaq".
Milli Məclisin Elm və təhsil komissiyasının keçmiş sədri, professor Şahlar Əsgərov bildirib ki, təhsilin təmir və tikinti sahəsində olan problemlər vahid qurumun olmaması nəticəsində yaranır. Təhsil sistemində institusional səhv olduğunu deyən Ş.Əsgərov qeyd edib ki, hazırda belə işlərə nəzarət edən bir qurum yoxdur. Onun sözlərinə görə, əgər belə bir qurum olarsa, görülən işlərin və əldə olunan nəticələrin hesabatını ondan soruşmaq olar: "Amma indi pərakəndəlikdir və məktəblərin təmir və tikintisi ilə 6-7 təşkilat məşğuldur. Belə olduğu halda kimdən nə soruşasan? Təhsildə təmir və tikinti üçün müxtəlif təşkilatlara təklif vermək olar, amma onlara nəzarət etmək üçün qəbuledici bir qurum olmalıdır. İnstitusional bir qurum Təhsil Nazirliyinin tabeçiliyində idarə və ya komissiya şəklində fəaliyyət göstərə bilər. Rusiyada belə bir təcrübə var. Belə ki, məktəblərin təmir və tikintisinə nəzarət edən xüsusi qurum fəaliyyət göstərir və təhsildə baş verən qanun pozuntusu, yeyinti, maliyyə problemləri ondan soruşulur. Bir sözlə, Azərbaycanda da məktəblərin təmir və tikintisi məsələsinə nəzarət edən qurum yaradılmalıdır. Nəzarət qurumu olmadığı halda belə hallar dünən olub, bu gün var, sabah da olacaq".
Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Zəminə Əliqızı isə deyib ki, idarə hər zaman məktəblərin təmiri üçün şagirdlərdən əlavə fond pulu adı ilə pul yığımı məsələsinə qarşı mübarizə aparır. Onun sözlərinə görə, orta məktəblərin təmir və tikintisi dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq qurumlar tərəfindən həyata keçirilir: "Buna görə məktəblərdə hansısa məbləğdə pul yığılması düzgün deyil. Məsələ ilə bağlı dəfələrlə paytaxt məktəblərinin direktorlarına müraciət edilib və müvafiq tapşırıqlar verilib. Bundan sonra da belə hallara yol verən məktəb direktorları sərt şəkildə cəzalandırılacaq. Kiminsə bununla bağlı dəqiq faktı varsa, Təhsil İdarəsinə müraciət edə bilər".
Məsələ ilə əlaqədar APA-nın sualını cavablandıran təhsil naziri Mikayıl Cabbarov da qeyd edib ki, Azərbaycanın bütün ərazisində məktəb kollektivi və ya direktor tərəfindən hər hansı təmir işlərinin aparılması nəzərdə tutulmayıb. O bildirib ki, orta məktəblərin cari təmir işləri Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq mərkəzləşmiş qaydada aparılmaqla dövlət büdcəsindən maliyyələşdirilir. Nazirin sözlərinə görə, Təhsil Nazirliyinə bu məqsəd üçün kiçik bir vəsait ayrılır: "Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon icra hakimiyyətlərinə dövlət büdcəsindən ayrılmış maliyyə hesabına görülür. Ona görə də istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin cari təmir adı ilə vəsait yığması qeyri-qanunidir. Əgər belə hallar varsa, Təhsil Nazirliyinə və aidiyyəti dövlət qurumlarına müraciətlər edilməlidir. Bu məsələlərlə bağlı biz hər zaman barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq. Amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-də müzakirə etməli olacağıq".
Məsələnin həlli yolları
Araşdırma zamanı da məlum olub ki, məktəblərin təmirinin bir neçə qurum tərəfindən aparılması müəyyən problemlərə səbəb olur. Göründüyü kimi, məktəblərin təmirinin vahid mərkəzdən idarə olunmaması da ciddi problemlər yaradır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində isə 2013-cü ilin sonuna kimi Bakıda təmirsiz məktəb qalmamalıdır. Ümid edək ki, məktəblərin təmiri və tikintisi tam başa çatandan sonra onlarda müəyyən problemlər yaranmayacaq. Bundan əlavə, Təhsil Nazirliyinin bu məsələyə qarşı barışmaz mövqedə olması məktəblərin cari təmiri məsələlərinin məktəb direktorları, müəllimləri və valideynləri tərəfindən həyata keçirilməsinin qarşısı qısa zamanda alınacaq. Gələcəkdə cari təmir məsələlərinin hansı formada və səviyyədə həll olunacağını isə zaman göstərəcək.
Əsaslı təmir və tikinti işlərinin statistikası
İlk öncə qeyd edək ki, hər il dövlət büdcəsi tərəfindən bütün sahələrə olduğu kimi, məktəblərin təmir və tikintisinə müəyyən vəsait ayrılır. Ötən il də məktəblərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox ciddi işlər görülüb. Belə ki, 5000 yerlik 167 yeni məktəb binası inşa edilib, 21 məktəb üçün 5104 yerlik əlavə korpuslar tikilib, 103 məktəb əsaslı təmir olunub. O cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 54 yeni məktəb binası tikilib, 15 məktəb əsaslı təmir olunub və 4 məktəb üçün 1160 şagird yerlik əlavə sinif otaqları tikilib. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən isə Dövlət Proqramı hesabına 19 656 yerlik 93 yeni məktəb binası, 13 məktəb üçün 3 820 yerlik əlavə korpus inşa olunub, 84 məktəb əsaslı təmir edilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 792 yerlik 22 yeni məktəb binası və 1 məktəb üçün 60 yerlik əlavə korpus tikilib. Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 500 yerlik 2 yeni məktəb binası inşa olunub, 1 məktəb isə əsaslı təmir edilib. Yerli xərclər hesabına 3 məktəb əsaslı təmir edilib, Dövlət Neft Şirkəti tərəfindən 1 məktəb üçün 160 yerlik əlavə korpus tikilib, ABŞ-ın Kant Port təşkilatı tərəfindən 2 məktəb üçün 80 yerlik əlavə korpus inşa olunub. Hər il olduğu kimi, bu il də dövlət büdcəsindən təhsilə ayrılan ümumi xərclərin miqdarı artırılıb. 2011-ci ildə bu rəqəm 1 268 528 881 manat idisə, 2012-ci ildə 1 511 537 213 manat təşkil edib. Dövlət büdcəsindən təhsilə ayrılan investisiya xərcləri 2011-ci ildə 273,2 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 420,9 milyon manata çatdırılıb. 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən yeni ümumi təhsil məktəb binalarının tikintisinə, məktəblərin əsaslı təmirinə və əlavə sinif otaqlarının tikintisinə 84,8 milyon manat vəsait xərclənib. 2013-cü ildə məktəb tikintisi və təmiri üçün Təhsil Nazirliyinə dövlət investisiya xərclərində 1,2 milyon manat vəsait nəzərdə tutulub. 2012-ci ilin dövlət büdcəsində təhsil xərclərinin xüsusi payı 8,6 % olmaqla 1 511 537,1 min manat təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 243 008,2 min manat və ya 11,9 % çoxdur. Bunun 4 065,0 min manatını və ya 1,0%-ini cari və əsaslı təmir xərclərinə ayrılıb. 2013-cü ildə isə dövlət büdcəsində təhsil xərclərinin xüsusi payı 7,7 % olmaqla 1 530 482,6 min manat nəzərdə tutulub ki, bu da 2012-ci illə müqayisədə 18 945,24 min manat və ya 1,3% çoxdur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре