Çöpçülərin sirrləri: həqiqət ya yalan?

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Zaman bizi müasirləşməyə doğru aparsa da, bu gün hələ də çözə bilmədiyimiz bir çox məqamlar var...

Xalq arasında, çöpçü, nəzərçi, çıldaqçı fəaliyyətləri ilə məşğul olan insanları hamınız tanıyırsınız. Bir faktı da hamı təsdiq edir ki, adını sadaladığım bu peşə sahiblərinin işini elm hələ də öyrənə bilməyib.

Milli.Az bu gün sizə çöpçülər barəsində danışacaq, bu mövzuda müxtəlif insanların fikirlərini sizlə bölüşəcək.

"Mən Bakı kəndlərindən birində yaşayıram. Kiçik, sakit bir ailəm, iki övladım var. Özüm BDU-nu bitirmişəm. Ailə qurandan sonra ixtisasım üzrə işləyə bilmədim. Bunları deməkdə məqsədim odur ki, cahil insan deyiləm. 2003-cü ildə ailə qurmuşam. 22 yaşında ilk övladım Xəyyam dünyaya gəlib.

Mən şəhərdə böyümüşəm. Uşaq vaxtı bir balaca xəstələnən kimi, anam bizi həkimə aparardı. Amma gəlin gəldiyim ailənin qayda-qanunları başqa idi. Oğlum Xəyyam 3 aylığında möhkəm xəstələndi. Uşağın hərarəti enmir, qusur və öskürürdü. Anam, bacılarım hamısı bir-birinə qarışmışdı. Uşağı gəzdirmədiyimiz həkim qalmamışdı. Həkimlər uşağın dərdinə bir əlac edə bilmirdilər. Artıq körpəni xəstəxanadan evə qaytarmışdılar.

Gündən-günə arıqlayan uşağa baxıb, hər an onu itirmək qorxusuyla ağlayırdım. Bir gün günorta qaynanam uşağı "çöpçü"yə aparmağı məsləhət gördü. Dedi ki, "qızım, gəl bir uşağı "çöpçü"yə aparaq. Sonra Allah eləməsin bir şey olsa, ürəyimizdə qalmasın ki, niyə aparmadıq. Razılaşdım, uşağı götürüb, Maştağa qəsəbəsində yaşayan "çöpçü"yə getdik. Çöpçü qadın ilk öncə uşağın əllərindən tutub qaldırdı, sonra çox zəif olduğunu bildirdi. Bu aydın məsələ idi. Mən səbrsizliklə nəticəni gözləyirdim. Qadın 2-3 dəfə nə isə pıçıldayaraq, oğlumun burnuna üfürdü. Uşağın ağzından sap, alma qabığı və kağız qırıntsı düşdü.

Daha sonra çöpçü bir neçə gün keçəndən sonra yenə gəlməyi məsləhət gördü. Dedi ki, uşağın udlağında qalan bu qırıntılar boğazını yaralayıb" deyən Gülnarə Mahmudova uşağın çöpçüdən qayıtdıqdan sonra sağaldığını bildirir. O, deyir ki, çöpçüdən qayıtdıqdan sonra uşağın hərarəti enir və qusma dayanır. "Çox məətəl qalmışdım. Sanki möcüzə baş vermişdi, mənə bu yaxşılığı etdiyi üçün qaynanamı qucaqlayıb, öpürdüm".

Müsahibim, həqiqətən çöpçülərə inandığını və ikinci övladını da xəstələnəndə ilk öncə çöpçüyə apardığını bildirir...

Mehriban adlı digər bir xanım isə uzun illər yanına övladını apardığı çöpçünün vərəm xəstəliyi ilə dünyasını dəyişdiyini dilə gətirdi. "Qızımın 1 yaşı var idi, uşağın əhvalı iki günün içində dəyişdi. Qaynanam qızımı çöpçüyə apardı. Həqiqətən uşağın vəziyyəti düzəlmişdi. Bu, məndə də çöpçülərə inamı artırdı. Belə ki, ikinci övladım olandan sonra da həmin qadının yanına gedirdim. Sarışın, arıq qadın idi. Uşağın burnuna üfürməsi heç xoşuma gəlməsə də, məcbur idim. Sanki hansısa bir qüvvə məni o qapıya çəkirdi. Axırıncı dəfə övladımı çöpçüyə aparanda qadın xəstə olduğunu bildirdi. Dedi ki, bir müddət olmayacaq, hansısa xarici ölkəyə müalicəyə gedir. Aradan 1 ay keçdi xəbər yayıldı ki, çöpçü dünyasını dəyişib".

Mehriban xanım sonralar çöpçünün vərəm xəstəliyindən dünyasını dəyişdiyini öyrənir. Bu xəbəri alan müsahibim uşaqlarını həkim müayinəsindən də keçirir. Hal-hazırda heç bir övladında bu xəstəliyin çöpləri tapılmadığı üçün sevinən ana, bütün valideynlərə "çöpçü"lərdən uzaq durmağı məsləhət görür. O, deyir ki, valideynlər hər zaman yalnız həkimlərə etibar etməlidir. Çünki həkimlər ali təhsilli olmaqla yanaşı, öz sağlamlıqlarının da qayğısına qalırlar.

Çöpçü Nargilə isə deyilənlərlə razılaşmır. O, bildirir ki, çöpçünün bacardığını heç bir həkim bacara bilməz. "Bu sənətin öz sirləri var. Bu, bir ilahi vergidir. Mən bunun sirrlərini aça bilmərəm. Amma həqiqət olmasaydı, bu qədər uşaq sağalmazdı".

Çöpçülərin əl haqqı o qədər də çox deyil. Belə ki, çöpçülər 2-5 manata xidmət göstərirlər.

Onun sözlərinə görə, gündə ən azı, 7-8 belə xəstə bu qapıya gəlir. "Uzun illərdir, bu işlə məşğul oluram. Bu illər ərzində bir dəfə də olmayıb ki, xəstə sağalmasın. Əlimi uşağın boğazına vuran kimi bilirəm ki, çöpü var, yoxsa yox".

Çöpçü mənimlə danışmamaq üçün bəhanə gəzirdi ki, qapı açıldı. Qucağında 6-7 aylıq uşağı olan bir ana içəri girib həyəcanla "Uşaq iki gündür heç nə yemir, nə verirəmsə, qusur" deyə ağlayaraq, yardım istədi. Çöpçü əllərini yuyub, uşağı qucağına aldı və boğazını bir qədər ovduqdan sonra, arxa-arxaya 3-4 dəfə uşağın burnuna üfürdü. Uşağın ağzından meyvə çəyirdəyi və konfet kağızı düşdü. Çöpçü haqqını alıb, onları yola saldı və mənə də getməyi məsləhət gördü. Dedi ki, nə lazımdırsa gördün, get yaz.

Qapıdan çıxanda mənə kiçik bir sirrini də açdı. Dedi ki, əgər uşağın ağzından çıxan ilk çöpünü sellofana büküb onun üzərinə tikərlərsə, uşaq bir daha çöp götürməz. Amma çöpçülərin ilk çıxan çöpü çox zaman valideynlərə vermədiyini də bildirdi çöpçü.

Qulaq-burun-boğaz həkimi Elnur Niftəliyev bu mövzunun bu gün aktual problemlərdən biri olduğunu dilə gətirdi. Həkimin sözlərinə görə, çöpçülərin sirri tibb aləminə açılmaz olaraq qalır. "Bütün dərdlərin əlacını tapan tibb aləmi, çox qəribədir ki, bu çöpçülərin sirrini aça bilmir. Yadıma gəlir, elə bir hadisə olub ki, xəstə gətiriblər ağır vəziyyətdə, onun boğazına müxtəlif cihazlarla baxmışıq, heç nə tapa bilməmişik. Amma onu çöpçüyə aparıblar sağalıb" deyən həkim "çöpçü"lərin sirrinin bəli olmadığıını bildirdi. "Amma bir tək onu deyə bilərəm ki, valideynlər daha çox həkimlərə üstünlük verməlidirlər. Çünki "çöpçü"də olan hər hansı bir xəstəlik, uşağın bütün həyatını məhv edə bilər".

Terapevt Məlahət Abbasovanın fikrincə, infeksion xəstəliklərin demək olar ki, hamısı damcı-hava yolu ilə yoluxur. Bu da o deməkdir ki, əgər çöpçü xəstə olmuş olarsa, uşağın yoluxma ehtimalıı artır. "Çöpçü üfürdüyü zaman nəfəs və ağız suyu uşağın ağzına düşür. Əgər çöpçüdə hər hansı bir xəstəlik varsa, bu da uşağa ötürülür. Bu səbəbdən ehtiyatlı olmaq lazımdır" deyən həkim, onu da bildirdi ki, çöpçülər əgər bu fəaliyyətlə məşğul olmaq istəyirlərsə, mütləq həkim müayinəsindən keçməlidirlər.