Yurçeviç Rəfiyevə nə qədər qazandırıb?

Day.Az представляет новость на азербайджанском языке

Milli komandalara yeni baş məşqçilərin təyin olunması bir qrup insanın xeyrinə olub. Yığmalar müəyyən dairənin monopoliyasında olduğundan, ora namizədlərin kənar şəxslər tərəfindən müəyyənləşdirilməsi mümkünsüzdü.
 
Yenə namizədlərlə bağlı bütün işləri Riad Rəfiyev görüb. Milli komandaların sabiq meneceri hazırda "Sumqayıt"ın prezidenti olsa da, yenə AFFA-da bu siyasəti aparan əsas şəxsdi. Baş katib Elxan Məmmədovun ən etibarlı adamlarından biri olmasının da səbəbləri var.
 
U-21-in baş məşqçisi Milan Obradoviç, U-15 və U-16-da eyni posta gətirilən Miloş Velebit məhz Rəfiyevin kadrlarıdı. Onların hər birinin gəlişi, eləcə də digər namizədlərlə danışıqlar üçün Riad bəy ciddi komissiyon haqqı alıb, zəhməti dəyərləndirilib.
 
Əsas millinin baş məşqçisi Nikola Yurçeviç isə "Sumqayıt"ın prezidentinə 50 min avro qazandırıb. Menecer haqqi kimi AFFA büdcəsindən çıxarılan bu pulun nə qədərinin Rəfiyevə çatdığını bilmirik, yəqin hamilərini də unutmaz, lakin sənədləşdirmədə məhz onun şirkəti olan "3R Sports Management"in adı göstərilib. Hazırda bu quruma Rəfiyevin təyin etdiyi başqa biri rəhbərlik edir, imzaları o atır, amma qazanc Riad bəyin cibinə axır.
 
AFFA menecer haqqı ödəməklə qanunsuz iş görmür, prosedur belədi, zəhmət haqqı verilməlidi. Əmək sərf olunur, danışıqlar aparılır, bacarığı göstərmək lazım gəlir. Qəribə olan bütün bu məsələlərin yalnız bir adama, klub prezidenti olan dosta tapşırılmasıdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz