“Heç ağlımıza gəlməzdi ki, yolda “Yaşma” ilə qarşılaşarıq...”

Ötən ilin dekabrında, Qarabağda döyüş əməliyyatlarının başa çatmasından və Ermənistanın təslim olmasından təxminən bir ay sonra indiki Xocavənd rayonunun inzibati ərazisində, Hadrut ətrafındakı Çaylaqqala və Köhnə Tağlar kəndləri ətrafında tutulan erməni hərbçilərinin (onların sayı 60 nəfərdən çox idi) daha bir qrupu üzərində məhkəmə prosesi başlayıb.

Day.Az Milli.az-a istinadən bildirir ki, Azərbaycan hüquq-mühafizə orqanları həmin dəstənin daha əvvəl məhkəmə önünə çıxarılan digər üzvləri kimi, bu qrupu da terror-təxribat, diversiya əmllərində, mülki şəxslərə və hərbçilərə qarşı silahlı hücumlar həyata keçirməkdə və digər bu cür əməllərdə ittiham edir.

Bu dəfə məhkəmə önünə çıxarılanlar aşağıdakılardır:- Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç.

Qrupun işinə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır. Məhkəmə iclası səhər saatlarında başlasa da günün birinci yarısı ancaq prokurorun təqsirləndirilən ermənilərə ittiham aktını elan etməsinə sərf olunub. Üstəlik qrup üzvlərinə qarşı irəli sürülən ittihamların hamısı eyni olsa da prokuror onların hər birinə uzun-uzadı ittiham aktını ayrı-ayrılıqda oxuyub. Bu da yarım gün vaxt aparıb.

Günün  ikinci yarısında isə məhkəmə prosesi təqsirləndirilənlərin dindirilməsi ilə davam edib.

Qrup üzvlərindən Arsan Dilanyan deyib ki, onları hərbi komissarlığa çağırıb  silahla təchiz ediblər  və digər erməni hərbçiləri ilə birgə gecə "adını bilmədiyi ərazilərə" aparıblar.

"Bizə dedilər ki, bura Laçındır. Orada sakinlərlə (Laçında qanunsuz məskunlaşdırılmış ermənilər,-red.)  yanaşı Rusiya sülhməramlıları da var idi. Postları qorumaq üçün hamımıza silah vermişdilər. Maşınlardan düşüb piyada dağın başına (Ziyarət dağı,-red.) qalxdıq. Orada növbə dəyişikliyi oldu. Bizə deyirdilər ki, bura Ermənistanın ərazisidir, biz də sərhədlərimizi qorumalıyıq. 13 gün orada qalandan sonra komandirimiz Arsen Kazaryan zəng vurub dağdan enməyimizi əmr etdi. Aşağı düşüb ərzaq aldığımız yerə gəldik. Bizi aparmağa söz verən adam orada yox idi. Bizi əvvəl maşından düşürtdükləri yerə gəldik ki, oradan evə gedək. Amma  "Yaşma" Xüsusi Təyinatlılarının əsgərləri ilə rastlaşdıq. Heç ağlımızdan da keçmızdi ki, onlarla rastlaşarıq. Silahlarımızı yerə qoyub təslim olduq. Bizi maşına mindirib apardılar",-Arsen Dilanyan bildirib.

Daha sonra prokuror Dilanyana suallar verib. O, etiraf edib ki, ötən il oktyabrın 3-dən 15-nə qədər Ermənistan ordusunun tərkibində Cəbrayl istiqamətində gedən döyüşlərdə iştirak edib. Amma döyüşlərdən qaçıb və Ermənistana gedib. Müharibə başa çatandan sonra, noyabrın 27-də onu yenidən hərbi komissarlığa çağırıblar və Qarabağa göndəriblər.

"Mən döyüşməmişəm. Oktyabrın 15-də Cəbrayıldan qaçdım. Müharibə bitəndən sonra hərbi polis evimizə gəldi. Mənə dedi ki, əgər indi sərhədləri qorumağa getməsən, hərbi xidmətdən yanındığına görə həbs olunacaqsan. Məcbur olub hərbi komisarlığa getdim. Əgər yenidən müharibə başlasaydı qanuna uyğun olaraq müharibədə iştirak etməliydim. Amma mən vicdanıma sığınaraq döyüşmək istəmədim",-o bildirib.

Daha sonra A.Dilanyan tərəflərin suallarını cavablandırıb.

Vəkil soruşub:

-Azərbaycan öz torpaqlarını işğaldan azad edirdi. Əgər döyüşmək niyyətiniz yox idisə, Cəbrayıl rayonu işğaldan azad olunanda niyə Azərbaycan ordusuna təslim olmurdunuz?

-Arsen Dilanyan belə cavab verib:

-Mənim olduğum yerdə döyüş yox idi, mən müharibə-filan görməmişəm...

(Qeyd: Cəbrayıl istiqaməti Ermənistan işğalçı qüvvələri ilə ən şiddətli döyüşlərin getdiyi və düşmənin minlərlə itki verdiyi, praktiki olaraq darmadağın edildiyi ərazidir)

Hakim Dilanyanın istintaqa verdiyi ifadəni elan edib.  A.Dilanyan istintaqa verdiyi ifadəsində etiraf edib ki, məqsədləri Hadrut ətrafındakı mövqeləri qorumaq, onlara yaxınlaşan Azərbaycan hərbçilərinə  silahlı müqavimət göstərmək olub.