İqlim dəyişikliyi gündəliyi çərçivəsində ilk dəfə olaraq insan inkişafına vahid yanaşma vurğulanıb

İqlim dəyişikliyi gündəliyi çərçivəsində ilk dəfə olaraq insan inkişafına vahid yanaşma vurğulanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev "İqlim Dəyişikliyinin Sağlamlığa Təsirlərinə Hazırlaşmaq və Cavab Vermək üçün Səhiyyə İşçi Qüvvəsinin Gücləndirilməsi" adlı dəyirmi masada çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsiri bu müzakirələrdə mərkəzi yer tutaraq, iqlim və sağlamlıq mülahizələrini birləşdirən yeni paradiqmanın əsasını qoydu.

"Bu gün biz hər hansı bir səhiyyə sisteminin mühüm komponenti olan səhiyyə işçi qüvvəsindən istifadə etməklə iqlim dəyişikliyinin sağlamlığa təsirlərini necə azaltmağı müzakirə edəcəyik. Həkimlər, tibb bacıları və tibb texnikləri təkcə tibbi xidmət göstərənlər deyil, həm də sağlam cəmiyyətin sütunlarıdır. Səhiyyə mütəxəssislərinin hazırlanması uzun və baha başa gələn prosesdir və biz qlobal səhiyyə təminatçılarının çatışmazlığı ilə üzləşirik.

Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da əsas problemlərdən biri kənd yerlərində həkim və tibb bacılarının çatışmazlığıdır. İqlimə davamlı səhiyyə işçi qüvvəsinin inkişafı tibbi təhsil islahatı, aspirantura təhsili və ucqar ərazilərdə tibb mütəxəssislərini saxlamaq üçün məqsədyönlü strategiyalar daxil olmaqla bir çox aspektləri əhatə edir. Bu, təkcə strateji planlaşdırma məsələsi deyil, həm də insan hüquqları məsələsidir - insanlar sağlamlıq ehtiyaclarının ödənildiyi təhlükəsiz şəraitdə yaşamağa layiqdirlər",- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.