Hazırda Qarabağ və Şərqi Zəngəzurda 20-dən çox yaşayış məntəqəsində tikinti və yenidənqurma işləri aparılır

"Böyük Qayıdışa dair I Dövlət Proqramı" 2022-ci ildə təsdiqləndikdən sonra proqram üzrə sistemli, planlı və sürətli bərpa və quruculuq işlərinə başlanıldı. Geridə qalan dövr ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə işğaldan azad olunan ərazilərin Ümumi planı (13600 hektar sahədə) hazırlanıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan "Zəfər yolu ilə Böyük Qayıdış" adlı fotosərgi zamanı Komitənin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov məlumat verib.

O bildirib ki, Ümumi plan Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra növbəti mərhələdə 8 şəhərin Baş planı təsdiq edildi və 4 şəhərin layihə sənədləri ilə bağlı işlər yekun mərhələdədir:

 

"Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, daha 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri başa çatmaqdadır. Görülən işlər nəticəsində bu günədək 10 rayonun 30 yaşayış məntəqəsinə (6 şəhər, 2 qəsəbə və 22 kənd) keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Ümumilikdə o torpaqlarda 60 minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır. Bundan əlavə hazırda 20-dən çox yaşayış məntəqəsində tikinti və yenidənqurma işləri həyata keçirilir və yaxın dövr ərzində yeni köç prosesləri baş tutacaq. Beləliklə, "Böyük Qayıdış" prosesi getdikcə daha intensiv xarakter alır. Çünki biz ilkin mərhələdə daha çox planlaşdırma işi ilə məşğul idiksə, artıq real nəticələr göz önündədir. Bugünkü sərgidə də biz elə həmin nəticələrin bir növ hesabatını təqdim edirik.

Bu gün işğaldan azad olunmuş ərazilərdə sosial infrastrukturla yanaşı, yol-nəqliyyat şəbəkəsi də qurulur, 3300 km-dən artıq yollar layihələndirilir və tikilir, dəmir yolları, beynəlxalq hava limanları inşa edilir. Bu il Laçında Beynəlxalq Hava Limanı açıldı, Ağdamda dəmir yolu və avtovağzal kompleksi tikildi. Bütün bu layihələr Qarabağ və Şərqi Zəngəzuru daha dayanıqlı və əlçatan bir regiona çevirir. Bu da şəhərsalma və ərazi planlaşdırılması aspektindən çox önəmli bir məsələdir",- deyə R.Cahangirov bildirib.