Azərbaycan 4-cü Könüllü Milli Hesabatını təqdim etməyi planlaşdırır

Azərbaycan DİM istiqamətində iyunun 14-də 4-cü Könüllü Milli Hesabatını təqdim etməyi planlaşdırır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu mayın 7-si Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqunun açılışındakı nitqində deyib.

Onun sözlərinə görə, bu panellərin, iclasların məqsədi Azərbaycanda dayanıqlı inkişaf məqsədləri üzrə yenilikçi həll variantlarının gətirilməsidir.

"Bu elə bir platformadır ki, Azərbaycanın dördüncü könüllü hesabatı nəzərdən keçirilir. Azərbaycan az ölkələrdəndir ki, dördüncü hesabatını təqdim edir. Bu onu göstərir ki, Azərbaycan höküməti bu istiqamətə ciddi diqqət ayırır", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilir.