İntizam tənbehi verilmiş gömrükçülər bəraət alanadək xüsusi rütbələrə təqdim edilməyəcəklər

Gömrük orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti araşdırma qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilməyəcəklər.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar.

Gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.

Gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.