Tramvay nə üçün VACİBDİR?

Bakıda tramvay xəttlərinin bərpası ilə bağlı xəbərlər daim gündəmdə öz aktuallığını qorumaqdadır.  

Day.Az-a açıqlamasında urbanist Anar Əliyev deyib ki, tramvayların bərpası Bakı şəhəri üçün birmənalı olaraq önəmlidir.

O, qeyd edib ki, tramvay yerüstü nəqliyyatlar arasında ən çox sərnişin daşıya bilən vasitədir.

"Məsələn, avtobuslar adətən 80-100 sərnişin daşıya bilir, tramvay isə 200-300 sərnişin tutumuna malikdir. Bundan əlavə, əlavə sürücü cəlb etmədən yeni vaqonların birləşdirilməsi ilə daha iri tutumlu qatarlar yaratmaq mümkündür. 2030-cu ilə qədər tramvayların bərpası dövlət proqramında nəzərdə tutulub və bu, artıq təsdiq olunmuş plan çərçivəsində həyata keçiriləcək.

Bakı şəhərində tramvay xətləri metro ilə əhatə olunmayan ərazilərdə bərpa olunacaq. Hazırda şəhərdə 5 tramvay xətti nəzərdə tutulub və xəritəsi internetdə mövcuddur. İlk xətt Mehdiabaddan 28 May küçəsinə qədər uzanacaq. Bu istiqamətlər seçilərkən əsas məqsəd metro infrastrukturunun yaxın gələcəkdə tikilməyəcəyi ərazilərdə sərnişin daşımalarını rahatlaşdırmaqdır", - deyə o bildirib.

A.Əliyev vurğulayıb ki, tramvay həm ekoloji təmiz, həm də dayanıqlı nəqliyyat vasitəsidir:

"Ayrılmış xətdə hərəkət etdiyi üçün ümumi yol hərəkətindən asılı deyil və sərnişin daşımalarında fasiləsizliyi təmin edir. Bu səbəbdən, tramvay sisteminin bərpası şəhərin nəqliyyat infrastrukturuna müsbət təsir göstərəcək və sərnişinlər üçün rahatlıq yaradacaq.

Dünya təcrübəsinə baxdıqda, tramvayların bərpası trenddir. Postsovet şəhərlərində, məsələn, qonşu Gürcüstanda 2000-ci illərin əvvəllərində tramvaylar ləğv edilmişdi, amma indi Tiflisdə də tramvay sistemlərinin bərpası gündəmdədir. Son 30-35 ildə Türkiyədə 10-dan çox şəhərdə yeni tramvay sistemləri tikilib. Bu, tramvayların ekoloji təmiz, sərnişin tutumu yüksək və dayanıqlı nəqliyyat vasitəsi olmasının göstəricisidir", - o deyib. 

Nəsimi Ələsgərli