Qərarların qəbulu qlobal tərəfdaşlıqlar tələb edir - Çiriboqa
Çoxtərəfli diplomatiya şəraitində qərarların qəbulu mürəkkəb məsələdir və BMT qlobal problemlərin həlli üçün əsas platforma olaraq qalır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qlobal Cənub QHT Platformasının (GSNP) Latın Amerikası regionu üzrə baş katibinin müavini Luis Qalyeqos Çiriboqa (Luis Gallegos Chiriboga) WUF13 çərçivəsində keçirilən "Qlobal tərəfdaşlıq və qərarların qəbulu" mövzusunda QHT Forumunda deyib.
"Müasir geosiyasi vəziyyət qeyri-müəyyənlik və beynəlxalq hüquq, danışıqlar və münaqişələrin həlli mexanizmlərinə deyil, güc tətbiqinə və ya onun tətbiqi təhdidinə əsaslanan dünya nizamı ilə xarakterizə olunur", - deyə baş katibin müavini bildirib.
O qeyd edib ki, bu şəraitdə əsas qlobal çağırışların həllini təmin edə biləcək qlobal tərəfdaşlıqların təşviqi xüsusi əhəmiyyət daşıyır.
Qalyeqos vurğulayıb ki, qlobal tərəfdaşlıq dövlətləri, özəl sektoru, qeyri-hökumət təşkilatlarını, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini, yerli icmaları və akademik dairələri əhatə edir.
Onun sözlərinə görə, bu qədər geniş iştirakçı dairəsinin birləşdirilməsi fikir ayrılıqlarının aradan qaldırılması və ümumi rifahın qorunması üçün siyasi iradə tələb edir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре