Beynəlxalq Miqrasiya Təşkilatı iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində Azərbaycanı dəstəkləyir - MÜSAHİBƏ
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində Azərbaycanı dəstəkləyir.
Day.Az xəbər verir ki, bunu IOM-un baş direktorunun müavini Uqoçi Deniels Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.
"Biz şəhərlərə və hökumətlərə əhalinin yerdəyişməsi probleminin uzunmüddətli həll yollarını tapmaqda kömək edirik. Fəaliyyətimiz yalnız yerdəyişmənin nəticələrinin aradan qaldırılmasına deyil, həm də uzunmüddətli həllərə keçid yollarının müəyyənləşdirilməsinə yönəlib. Bu praktikada hansı anlama gəlir? Biz bilirik ki, bu, mənzil və dolanışıq vasitələri ilə bağlıdır. Bu iki amil həm şəhərlərin, həm də miqrantların və məcburi köçkünlərin iqlim dəyişikliyinin nəticələrinin öhdəsindən gəlməsinə imkan verən uzunmüddətli həllərin təmin olunması üçün xüsusilə məcburi köçkünlər və miqrantlar üçün vacibdir
Burada, Azərbaycanda biz hökumətlə mənzil və bu sahə üçün zəruri xidmətlər, eləcə də mənzilin dolanışıq mənbələri və iqlim dəyişikliyinin nəticələri nəzərə alınmaqla planlaşdırma ilə əlaqələndirilməsi məsələləri üzrə fəal işləyirik. IOM-un BMT-nin Məskunlaşma Proqramı və hökumətlə birlikdə həyata keçirdiyi adaptasiya üzrə iri layihəsi var. Azərbaycan iqlim dəyişikliyinin nəticələri ilə üzləşir və uyğunlaşmaya ehtiyac duyur. UN-Habitat ilə tərəfdaşlıq çərçivəsində biz hökuməti bu istiqamətdə dəstəkləyirik", - deyə o bildirib.
Deniels xatırladıb ki, Daxili Yerdəyişmələrin Monitorinqi Mərkəzinin son hesabatına əsasən, ötən il dünyada münaqişələr və ya iqlim amilləri nəticəsində məcburi köçkünlərin sayı 82 milyondan çox olub.
"Biz bilirik ki, onların çoxu şəhərlərə köçür. Bu isə o deməkdir ki, əhalinin yerdəyişməsi problemi mahiyyət etibarilə urbanizasiya məsələsinə çevrilir. Miqrasiya ilə şəhər inkişafı arasındakı əlaqə bizim üçün, IOM üçün böyük önəm daşıyır. Biz hökumətlər, tərəfdaşlar, humanitar təşkilatlar və yerli hakimiyyət orqanları ilə birlikdə çalışırıq ki, şəhərlərin planlaşdırılması zamanı miqrasiya amili də nəzərə alınsın. Miqrasiyanı urbanizasiyadan ayrı nəzərdən keçirməmək çox vacibdir. Əgər şəhərlər bunu öz planlaşdırmalarında nəzərə alsalar, miqrantların icmalardakı mövcudluğundan fayda əldə edə bilərlər. Çünki miqrantlar innovasiyalar gətirir, yaradıcılıq nümayiş etdirir, bizneslər yaradır və prosesə cəlb olunduqları halda inkişaf prosesinə töhfə verə bilirlər. Qlobal vəziyyəti nəzərə alaraq, WUF13-də iştirak IOM üçün çox vacib idi - təkcə mövqeyimizi çatdırmaq baxımından deyil, həm də müxtəlif ölkələrin şəhərlərinin bu məsələləri necə həll etdikləri ilə bağlı təcrübə mübadiləsi aparmaq baxımından", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı - İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре