Azərbaycanda müasir şəhərsalma siyasəti: dayanıqlı inkişaf, yenidənqurma və regional transformasiya
Müəllif: Fəridə Məmmədova, Trend
XXI əsrin ilk illərindən etibarən Azərbaycanda şəhərsalma siyasəti yeni mərhələyə qədəm qoymuş, yanaşma yalnız ayrı-ayrı yaşayış məntəqələrinin inkişafı ilə məhdudlaşmayaraq bütöv regionların kompleks şəkildə planlaşdırılmasını əhatə etməyə başlayıb.
Ölkədə iqtisadi imkanların genişlənməsi, sosial rifahın yüksəlməsi və dövlət idarəçiliyində həyata keçirilən islahatlar şəhər quruculuğu sahəsində daha müasir və uzunmüddətli inkişaf modelinin formalaşmasına şərait yaradıb. Bu dövrdə şəhərlərin inkişafı təkcə memarlıq və tikinti məsələsi kimi deyil, həm də iqtisadiyyat, ekologiya, nəqliyyat, sosial rifah və insan kapitalı ilə birbaşa əlaqəli strateji istiqamət kimi qiymətləndirilib.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yüz minlərlə insanın doğma yurdlarından məcburi köçkün düşməsi ölkənin şəhərsalma siyasəti qarşısında ciddi çağırışlar yaradıb. Qarabağdan və Ermənistan ərazisindən didərgin salınmış əhalinin əsasən Bakı və digər iri şəhərlərdə məskunlaşması urbanizasiya prosesini sürətləndirib, mənzil təminatı, kommunal xidmətlər, nəqliyyat infrastrukturu və sosial obyektlər üzərində əlavə təzyiq formalaşdırıb. Mövcud problemlərin aradan qaldırılması üçün ölkənin iqtisadi potensialının gücləndirilməsi əsas prioritetə çevrilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası nəticəsində ölkədə iqtisadi sabitliyin bərpasına nail olunub, neft strategiyası və beynəlxalq əməkdaşlıq imkanları Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Formalaşan iqtisadi resurslar hesabına məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni yaşayış massivlərinin salınması, infrastruktur layihələrinin icrası və məşğulluğun genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həmin dövrdə həyata keçirilən proqramlar şəhər təsərrüfatının yenilənməsi və regionların inkişafı üçün möhkəm əsas yaradıb.
Müstəqillik illərində Bakının siması tamamilə dəyişib, şəhər müasir memarlıq nümunələri, geniş prospektlər, yenilənmiş parklar və iri infrastruktur layihələri ilə regionun aparıcı mərkəzlərindən birinə çevrilib. Paytaxtda həyata keçirilən abadlıq və quruculuq işləri yalnız şəhərin xarici görünüşünü dəyişdirməyib, həm də sakinlərin həyat keyfiyyətinin yüksəlməsinə, turizm potensialının artmasına və investisiya mühitinin güclənməsinə xidmət edib. Müasir Bakı Azərbaycanın iqtisadi yüksəlişinin və dövlət tərəfindən həyata keçirilən ardıcıl inkişaf siyasətinin mühüm göstəricilərindən biri hesab olunur.
Şəhərsalma siyasəti paytaxtla məhdudlaşmayıb, ölkənin müxtəlif bölgələrini əhatə edən genişmiqyaslı layihələr həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sənaye zonalarının və iqtisadi parkların yaradılması istiqamətində qəbul edilən qərarlar regionların inkişafında yeni mərhələnin əsasını qoyub.
Sumqayıt, Qaradağ, Balaxanı, Pirallahı, Mingəçevir, Naxçıvan və Hacıqabul sənaye parklarının, eləcə də "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması ölkədə istehsal imkanlarının genişlənməsinə, yeni iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına mühüm töhfə vermişdir.
Eyni zamanda kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə Masallı, Neftçala, Sabirabad və Şərur şəhərlərində sənaye məhəllələri formalaşdırılıb. Bu model regionlarda iqtisadi fəallığın artırılması, yerli istehsalın genişləndirilməsi və sahibkarlıq mühitinin gücləndirilməsi baxımından mühüm nəticələr verib. Həyata keçirilən tədbirlər nəticəsində regionlarda sosial-iqtisadi inkişaf sürətlənib, yeni urbanizasiya mərkəzləri yaranıb.
Sənaye və şəhərsalma siyasətində aparılan islahatlar ekoloji vəziyyətin yaxşılaşdırılmasına da əhəmiyyətli təsir göstərib. Xüsusilə Bakının uzun illər sənaye tullantıları ilə tanınan Qara şəhər ərazisinin yenidən qurulması şəhərsalma sahəsində uğurlu transformasiya nümunələrindən birinə çevrilib.
Köhnə sənaye müəssisələrinin şəhərdən kənarda xüsusi zonalarda cəmləşdirilməsi nəticəsində həmin ərazilər yaşayış, ictimai xidmət və müasir biznes məkanları üçün istifadəyə verilib. Bununla yanaşı, "yaşıl şəhər" konsepsiyasına uyğun layihələrə üstünlük verilib.
2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycanın şəhərsalma siyasətində yeni mərhələ açdı. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanıldı dağıdılmış şəhər və kəndlərin müasir standartlara uyğun şəkildə yenidən qurulması prioritet istiqamətə çevrildi.
Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı təmin edilir, yeni yaşayış məntəqələri, sosial obyektlər və istehsal infrastrukturu yaradılır.
Azad edilmiş ərazilərdə həyata keçirilən layihələr çərçivəsində "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına xüsusi önəm verilir. Ağdam Sənaye Parkının yaradılması həmin bölgələrin iqtisadi potensialının bərpasına xidmət edən mühüm addımlardan biri olub.
Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri müasir urbanizasiya prinsiplərinə əsaslanmaqla yanaşı, tarixi-mədəni irsin qorunmasını da özündə birləşdirir. Azərbaycanda hər bir şəhərin inkişaf konsepsiyası onun təbii-coğrafi xüsusiyyətləri, tarixi irsi və formalaşmış ənənələri nəzərə alınaraq hazırlanır. Baş planların tərtibi zamanı yalnız şəhərin deyil, bütövlükdə regionun sosial-iqtisadi vəziyyəti, nəqliyyat əlaqələri, ekoloji balansı və demoqrafik göstəriciləri qarşılıqlı şəkildə uzlaşdırılır. Bu yanaşma şəhərlərin davamlı və balanslı inkişafını təmin etməyə yönəlib.
Müasir şəhərsalma proqramlarında insan amili əsas prioritetlərdən biri hesab olunur. Əhalinin rahat və təhlükəsiz hərəkəti üçün dayanıqlı nəqliyyat sistemlərinin qurulması, ictimai nəqliyyatın inkişaf etdirilməsi, velosiped və piyada zonalarının genişləndirilməsi, həmçinin "yaşıl" və rəqəmsal həllərin tətbiqi əsas istiqamətlər sırasındadır. Bununla yanaşı, tullantıların idarə olunması, enerji səmərəliliyi və ətraf mühitin qorunması sahəsində yeni mexanizmlər tətbiq edilir.
Baş planlarda gənclərin təhsil, məşğulluq və sosial inkişaf məsələlərinə də xüsusi diqqət ayrılır. Demoqrafik göstəricilər nəzərə alınaraq yeni məktəblərin, universitetlərin, idman və mədəniyyət obyektlərinin tikintisi planlaşdırılır, gənclər üçün innovativ məşğulluq imkanlarının yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilir. Məqsəd yalnız müasir şəhərlər qurmaq deyil, eyni zamanda sosial cəhətdən dayanıqlı və insan yönümlü yaşayış mühiti formalaşdırmaqdır.
Qədim tarixə və zəngin memarlıq irsinə malik Şəki Azərbaycanın ən mühüm mədəniyyət və turizm mərkəzlərindən biri kimi xüsusi diqqət mərkəzindədir. UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilən tarixi məkanların qorunması məqsədilə şəhərdə aparılan yenilənmə işləri böyük həssaslıqla həyata keçirilir. Şəkinin tarixi simasının saxlanılması ilə müasir infrastrukturun uzlaşdırılması şəhərsalma siyasətinin mühüm nümunələrindən biri hesab edilir.
Tarixi Böyük İpək Yolunun üzərində yerləşən Şabran isə qədim dövrlərdən ticarət və sənətkarlıq mərkəzi kimi tanınıb. Müasir dövrdə şəhər kurort potensialı, kənd təsərrüfatı məhsullarının emalı və enerji istehsalı sahəsində inkişaf edən regionlardan biri kimi diqqət çəkir. Şabranın inkişafı tarixi irsin qorunması ilə iqtisadi modernləşmənin paralel şəkildə həyata keçirilməsinin nümunəsi kimi qiymətləndirilir.
Beləliklə, Azərbaycanda həyata keçirilən müasir şəhərsalma siyasəti təkcə yeni binaların və infrastrukturun qurulması ilə məhdudlaşmır, eyni zamanda sosial rifahın yüksəldilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və tarixi-mədəni irsin qorunmasına xidmət edir. Ölkədə həyata keçirilən genişmiqyaslı layihələr şəhərlərin dayanıqlı inkişafını təmin etməklə yanaşı, insan yönümlü və ekoloji baxımdan müasir yaşayış mühitinin formalaşdırılmasına şərait yaradır. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri isə Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının ən mühüm nümunələrindən biri kimi diqqət çəkir. Bu yanaşma nəticəsində Azərbaycan şəhərləri müasir urbanizasiya prinsiplərini milli dəyərlər və tarixi irslə uzlaşdıraraq regionun inkişaf edən və yenilənən məkanlarına çevrilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре