Kamal Abdulla: "Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilib"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-fən fəaliyyətə başlayan "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşündə deyib.

2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini deyən K.Abdulla bildirib ki, bu il elan edilərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanıb.

K.Abdulla qeyd edib ki, 2015-ci ilin yaz və payız semestrlərində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı qış məktəbinin iştirakçılarının Azərbaycan haqqında nəzəri bilikləri olub: "Bu nəzəri biliklərə ciddi əlavələr etmək lazımdır. Biz çalışmalıyıq ki, Azərbaycana olan maraq məhəbbətə çevrilsin".

Tədbirdə dövlət müşaviri "Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları" kitabı haqqında məlumat verib. O bu nəşrin "Azərbaycan multikuralizmin qaynaqları" seriyadından ilk kitab olduğunu deyib. K.Abdulla qeyd edib ki, bu kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində öz əksini tapan multikultural dəyərlər toplanıb, onların yaradıcılığı tamamilə yeni rakursdan təqdim edilib.

Qeyd edək ki, qış məktəbi fevralın 15-dək Bakı, Quba, Xaçmaz və Qusarda işini davam etdirəcək.

Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Azərbaycanla yanaşı, Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva və Almaniya ali məktəblərinin tələbələri və xarici mütəxəssislər qatılıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.