Aygün Kazımova erməni müğənninin cavabını verdi

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Aygün Kazımovanın bu günlərdə Hamburqda keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimindəki çıxışı ətrafında gedən söz-söhbət hələ də səngimək bilmir.

Milli.Az bildirir ki, yerli mətbuatda A.Kazımovanın mərasimdə erməni təxribatının qarşısını alması xəbəri böyük rezonans doğurdu. Sonradan isə bəzi saytlar erməni dəyirmamına su töküb, xalq artistini yalan danışmaqda ittiham etdilər. Bununla əlaqədar Aygün Kazımova məsələnin kifayət qədər ciddi olmasını, hətta təxribatın qarşısının alınması üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, İdman və Gənclər Nazirliyinin, Azərbaycanın Berlindəki səfirliyinin məsələyə qarışdığını əlavə etdi və saytların yalan yazdıqlarını bildirdi. Son ana qədər ermənilərə qarşı necə mübarizə aparmağından danışdı.

Bu gün isə erməni mətbuatı Aygün Kazımova haqqında yazıb. Materialda sənətçimizin mükafat alarkən ingilis dilində "Çox sağ ol, Azərbaycan!", "Çox sağ ol, Qarabağ!" deməsi erməniləri qıcıqlandırıb.

Hətta yarışda Ermənistanı təmsil edən müğənni Andre bundan bərk qəzəbləndiyini deyib:

"Əvvəlcə mən səhnəyə çıxdım. Arsaxa (Qarabağ) və oradakı pərəstişkarlarıma təşəkkür etdim. Bundan sonra səhnəyə azərbaycanlı müğənni çıxdı (Aygün Kazımovanı nəzərdə tutur - red). O, mükafatını alandan sonra öz saxta Qarabağına təşəkkürünü bildirdi".

Erməni müğənni A.Kazımovanın "Sarı gəlin"i oxumasından bərk əsəbləşdiyini də gizlətməyib.

"Bilirsiniz, o niyə belə etdi? Hər şey mənim məşqlər zamanı oxuduğum "Dağlar qızı" ("Sarı gəlin"i nəzərdə tutur - red.) mahnısından sonra oldu. Bildiyiniz kimi, azərbaycanlılar bu mahnını özününkü hesab edirlər. Həmin vaxt hiss elədim ki, o məni izləyir. Həmin müğənni məhz bu səbəbdən eyni mahnını ifa etdi. Onların Qarabağa təşəkkür etmələri mənə çox gülməli gəldi.

Arsaxda (Qarabağ) onu tanımırlar. Tanımaq bir yana, nə onu, nə də ölkəsini qəbul etmirlər. Nəyə görə Qarabağa, qarabağlılara təşəkkürünü bildirir? "Dağlar qızı" ("Sarı gəlin") onların olduğu kimi, elə Arsax (Qarabağ) da onlarındır... Avropa səhnəsindən Qarabağa təşəkkürünü bildirən qonşu ölkənin həmin o naməlum xalq artistini məmnuniyyətlə dəvət edərdim, gəlib Arsaxın və oranın əhalisinin gözəlliyini görsün", - deyə Andre adlı müğənni kinayə ilə bildirib.

(Erməni müğənninin məşq zamanı "Sarı gəlin" ifa etməsi https://www.facebook.com/AndreMusicOfficial/videos/10154385711265102/?video_source=pages_finch_thumbnail_video)

Məsələyə Aygün Kazımova yenidən münasibət bildirib və erməni müğənninin səhvini düzəldib:

"Əvvəla, mən "Çox sağol, Azərbaycan", "Çox sağol, Qarabağ" deməmişəm. Mən "Çox sağol, mənim Azərbaycanım", "Çox sağol, mənim Qarabağım" demişəm. Qarabağı ancaq ermənilər özlərinin adlandıra bilərlər. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və qəbul edir. Qarabağ mənimdir, bizimdir. Mən Qarabağ döyüşlərində iştirak edən, ermənilərə atəş açan qadınam. Mən belə haqsızlığıa heç yerdə susa bilməzdim. Yenə olsa, yenə də onların təxribatlarının qarşısını alacağam".

Aygün Kazımovanın Daf Bama Music Awards 2016-da təşəkkür nitqi:

Aygün Kazımova həmçinin açıqlamasında erməni müğənni Andrenin yerinə səhvən Siruşo deməsinə də aydınlıq gətirib:

"Orada iki erməni müğənni çıxış etdi. Biri Andre, digəri isə Siruşo idi. Mən elə bilmişəm, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"I Siruşo ifa edib. Sən demə, Andre imiş... Mənim üçün fərqi yoxdur onların adı nədir. Mənim üçün onların bir adı var. O da erməni! Əlbəttə, onların arzusunu, istəklərini gözlərində qoyduq. Bu onlara hələ çox yer edəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.