Azərbaycan şəhərlərinin simvolları necə müəyyən edilsin?

Day.Az представляет новость на азербайджанском языке.


Bütün dünyada olduğu kimi Azərbaycanın da bir sıra şəhərlərinin simvolları formalaşıb.

Bu şəhərlər sırasına Bakını, Gəncəni, Naxçıvanı aid etmək olar. Lakin Azərbaycanın bütün şəhərlərinin tarixinə, mədəniyyətinə və ya etnoqrafiyasına uyğun simvollarının formalaşdırılması indiyə qədər diqqətdən kənarda qalıb.

Məsələyə münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Trend-ə bidirib ki, bununla bağlı müəyyən addımların atılmasını məqsədəuyğun hesab edir.

Onun fikrincə, şəhərlərin simvollarının seçilməsi ya qanunla, ya da Nazirlər Kabinetinin sərəncami ilə həyata keçirilə bilər: "Bu, dünyada olan bir təcrübədir. Dünyada müxtəlif şəhərlərin simvolları var. Azərbaycanın da bir sıra şəhərlərinin simvolları formalaşıb. Yaxşı olardı ki, bütün şəhərlərin simvolları formalaşsın". Məsələ ilə bağlı fikirlərini bölüşən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Әhmədova isə Trend-ə bildirib ki, Azərbaycanın qədim, inzibati ərazi vahidləri olan şəhərlərinin müəyyən dövrlərdə simvolları, atributları, gerbləri, şəhər və qala açarları olub.

F.Əhmədovanın sözlərinə görə, onların əksəriyyəti ya şəkil təsvirində qorunub, ya da Azərbaycan tarixi muzeyində saxlanılıb:
"Ancaq inzibati ərazi vahidi, mərkəz olmayan şəhərlərə bu, şamil edilə bilməz. Çünki bu şəhərlər tarixən mərkəz rolunu oynamayıblar. XX əsrdə yaranan, inzibati ərazisi olmayan şəhərlərin simvolları həmin bölgənin etnoqrafiyası, xalqın məşğuliyyəti baxımından elementlər nəzərə alınaraq tərtib olunmalıdır. Yəni tarixi ənənəsi, tarixi simvolları, atributları olan şəhərlərimiz üçün onların bərpa olunması məqbuldur. Amma yeni yaranmış şəhərlər üçün tarix, etnoqrafiya, mənəviyyat və digər elementlər nəzərə alınaraq simvollar tərtib oluna bilər".