Azərbaycanın "ABAD"laşması: Dövlət və vətəndaş bundan necə xeyir götürəcək?

Day.Az представляет новость на азербайджанском языке

Bir həftə öncə prezident İlham Əliyev ölkənin, hətta hər bir insanın həyatında mühüm rol oynaya biləcək bir sənəd imzaladı. Belə ki, dövlət başçısı sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması haqqında fərman verdi. Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən "ABAD" (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılsın.

Bəs ABAD ölkə iqtisadiyyatında hansı rolu oynaya bilər? Ailə biznesinə dəstəyin icra mexanizmi, ailələrin təşəbbüskarlığı və dəstək zamanı seçim məsələləri necə olacaq?

Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bu suallara aydınlıq gətirib:

"ABAD kiçik və orta sahibkarlığın, eləcə də ailə təsərrüfatının inkişafına hesablanmış bir təşəbbüsdür. ABAD-ın bu gün ölkədə kiçik və orta sahibkarlığı dəstəkləyən fondlardan əsas fərqi ondan ibarət olacaq ki, əgər fondlar yalnız güzəştli kredit verib, bu zaman girov tələb edirlərsə və kreditlərin məbləği yüksəkdirsə, ABAD-da prosedurlar fərqli olacaq. ABAD sahibkarlıq təşəbbüsü ilə çıxış edən şəxsin ideyasının gerçəkləşməsinə yardım edəcək. Bu, birbaşa biznes-planın hazırlanmasından başlayacaq. Bu gün fəaliyyət göstərən fondlar biznes-plan hazırlamırlar, onlar bunu şəxslərdən tələb edirlər. Amma ABAD ailələr üçün həm də biznes-plan hazırlayacaq.

Məsələn, ola bilər ki, vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün müəyyən ideyası var, amma biznes-planı yoxdur və ya onu hazırlaya bilmir. ABAD bunu onun üçün edəcək və biznes-planın hazırlanmasından sonra ona maliyyə dəstəyi verəcək, eyni zamanda həmin şəxsə təlimlərin keçirilməsini təmin edəcək. Çünki plandan asılı olaraq, həmin şəxsin biznes, marketinq, menecment təlimlərinə ehtiyacı ola bilər. Yəni biznes ideyası olan bir ailə və ya şəxs həm onu biznes-plan halına sala biləcək, həm onun maliyyələşməsinə nail olacaq, həm də təlimlər keçməklə biznesini reallaşdıra biləcək.

Eyni zamanda, ABAD digər fondlardan fərqli olaraq istehsal olunan məhsulların sertifikatlaşdırılmasını da təmin edəcək. Bunlar bütün proseslərin "bir pəncərə"də həyata keçirilməsinə imkan verəcək".

V.Bayramovun fikrincə, ABAD-ın ən böyük özəlliyi odur ki, o, "ASAN xidmət"in tərkibində formalaşacaq:  "Bu isə onun şəffaf və korrupsiyasız işləməsi üçün çox ciddi bir mesajdır. Etiraf etmək lazımdır ki, hazırda fəaliyyət göstərən fondlarda şəffaflıq dərəcəsi aşağıdır, bəzi hallarda sahibkarların maliyyə resurslarına çıxış imkanları məhduddur, müəyyən rəsmi və qeyri-rəsmi maneələr var. Amma ABAD-da bu baryerlər olmayacaq. Çünki ABAD-ın bağlı olduğu "ASAN xidmət" ölkə başçısının birbaşa iradəsi ilə formalaşmış, korrupsiyasız və şəffaf fəaliyyət göstərməsi baxımından brendə çevrilmiş bir modeldir. Ona görə də elə indidən birmənalı şəkildə demək olar ki, ABAD şəffaf, korrupsiyasız, süründürməçilik olmadan fəaliyyət göstərəcək. Bu isə vətəndaşların qurumun xidmətlərinə birbaşa çıxış və ondan rahat istifadə imkanlarını artıracaq". 

İqtisadçı ABAD-ın, əsasən, hansı təşəbbüsləri dətəkləyə biləcəyini də açıqlayıb: "Burada, təbii ki, istehsal yönümlü ideyaları olan vətəndaşlara üstünlük veriləcək. Əgər belə ideyalar varsa, onun biznes-plan halına salınması, təlimlər keçirilməsi və reallaşmasına daha çox diqqət ayrılacaq. Çünki hətta kiçik istehsal yaradacaq layihələrin maliyyələşdirilməsi daha məqsədəuyğundur. ABAD-ın məqsədlərindən biri daxili istehsalı dəstəkləmək olsa da, əsas məqsədi ailə təsərrüfatlarının və kiçik sahibkarlığın inkişafına nail olmaq və bununla da məşğulluğun təmin edilməsinə töhfə verməkdən ibarətdir. Bu baxımdan gözlənilir ki, ilin sonuna qədər konkret layihələrlə bağlı meyarlar, prioritetlər müəyyənləşdiriləcək".

İSİM rəhbəri ABAD-ın aztəminatlı ailələrin özünüməşğulluğu məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihədən fərqini də izah edib: "Nazirlik ünvanlı sosial yardım alan və yoxsulluq həddində yaşayan ailələrin özünü işlə təmin etməsi layihəsini həyata keçirir. Burada əsas məqsəd odur ki, ünvanlı sosial yardım alan ailələrin dövlətdən maliyyə asılılığı olmasın, öz müstəqil fəaliyyətlərini qura bilsin. Lakin bunlar çox kiçik vəsaitli layihələrdir. Məsələn, ailə heyvandırlaqla məşğul olmaq istəyirsə, bu nazirliyin həmin mal-qaranı alıb ailəyə verməsi formasında həyata keçirilir. Yəni bu, daha çox yoxsulluq həddində olanların ailə təsərrüfatını qurmasından və daimi gəlir mənbəyini formalaşdırmasından ibarətdir.

Amma ABAD məsələyə daha kompleks yanaşmadır. ABAD həm ailələrə, həm kiçik və orta sahibkarlara, həm də biznes ideyası olan şəxslərə "bir pəncərə" sistemi daxilində ideyalarının reallaşmasına yardım edəcək. Yəni gözlənilir ki, ABAD daha geniş kateqoriyanı əhatə edəcək və daha çox insanın onun fəaliyyətindən yararlanmasına imkan verəcək. Nəticə etibarilə bu, kiçik və orta sahibkarlığın, eləcə də ailə təsərrüfatının inkişafına stimul yaradacaq ki, bu da yeni iş yerlərinin yaradılması baxımından olduqca vacibdir".  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.