Büdcə ödənişlərindən yayınmaq istəyən işəgötürənlər hansı üsula əl atırlar? - FOTOLAR

21 апреля 2017 14:57

Day.Az представляет новость на азербайджанском языке

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və BMT İnkişaf Proqramının nümayəndələrinin iştirakı ilə BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Day.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının dünyada və planetin ayrı-ayrı regionlarında real əmək haqqı, onunla əmək məhsuldarlığı arasında əlaqə, əmək ödənişində gender nisbətinin necə dəyişdiyi, əmək haqqının bölgüsündə qeyri-bərabərlik, əmək bazarının aləti kimi minimum əmək haqqının üstünlükləri barədə məlumatları əldə etməyə imkan verdiyini vurğulayıb. İ.İsayev Azərbaycanın BMT-nin 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu,   bütün əhali üçün layiqli əməyin təmin olunmasının, qeyri-bərabərliyin aradan qaldırılmasının bu Məqsədlərdəki hədəflər sırasında olduğunu bildirib: "Həmin Məqsədlərdə 8-ci hədəf "Davamlı, inklüziv və dayanıqlı iqtisadi inkişafı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli iş imkanlarını təşviq etmək" və 10-cu hədəf "Ölkələrin daxilində və ölkələr arasında bərabərsizlikləri azaltmaq"dır. Bu hədəflərə çatmaq üçün əmək haqqının artırılması və əmək ödənişində qeyri-bərabərliyin aradan qaldırılması mühüm məsələlərdəndir".
 
Nazir müavini bildirib ki, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə onun əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması, dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunvericiliklə qadağan edilir. Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.
 
İ.İsayev iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanlarının daha da artırılması yönündə tədbirləri diqqətə çatdırıb, son on ildə ölkəmizdə minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq əməkhaqqının 3,3 dəfə artdığını, nəticə etibarilə yoxsulluq səviyyəsinin 6%-dən, işsizlik səviyyəsinin isə 5%-dən aşağı endiyini bildirib: "2016-cı ildə ölkədə  muzdla çalışanların orta aylıq əmək haqqı 2015-ci illə müqayisədə 6,9% artaraq 498,6 manat təşkil edib. Orta aylıq əmək haqqı neft sektorunda 2805 manat, qeyri-neft sektorunda 444 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 375 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 674 manat təşkil edib".

Nazir müavini 2015-ci illə müqayisədə 2016-cı ildə işçilərin orta aylıq əmək haqqının sənayedə 14,9% artaraq 900 manata, inşaat sektorunda 18,6% artaraq 814 manata, kənd təsərrüfatı müəssisə və təşkilatlarında 4% artaraq 256,6 manata çatdığını diqqətə çatdırıb. Əmək haqqının əhalinin gəlirlərinin formalaşmasında və məcmu istehlakın stimullaşdırılmasında mühüm rol oynadığını qeyd edən İ. İsayev bildirib ki, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7% artaraq 45 mlrd. 395 mln. manata çatıb. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4710 manat və ya ayda 392,5 manat təşkil edərək 7,5% artıb.
 
Nazir müavini diqqətə çatdırıb ki, hazırda məşğul əhali dünya əhalisinin 43,1%-ini təşkil edir, yəni dünya iqtisadiyyatında təxminən 3,3 mlrd. nəfər çalışır və məşğul əhalinin təxminən 50%-i muzdla çalışanlardır. Bu göstərici Avropa dövlətlərində daha yüksəkdir (80-90%). İnkişaf etməkdə olan ölkələrdə bu nisbətin aşağı olması ilk növbədə həmin ölkələrdə sərbəst məşğul əhalinin xüsusi çəkisinin yüksək olması ilə izah edilir. DSK-nin məlumatına əsasən ölkəmizdə iqtisadiyyatda məşğul olanların yalnız 31,8%-i muzdla işləyənlər, yəni əmək müqaviləsi bağlayan şəxslərdir".
 
İ.İsayev əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin  əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında da mühüm önəmini vurğulayıb: "Sisteminməlumatına əsasən 2017-ci ilin 1 yanvar tarixinə muzdla işləyənlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 15,4 min nəfər artaraq 1 milyon 265,3 min nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib. Həmçinin sistemin  məlumatına görə, muzdla işləyənlərin 47,8%-ini qadınlar təşkil edir. Qadınların orta aylıq əmək haqqı məbləği ölkə üzrə kişilərin orta aylıq əmək haqqı məbləğinin 54%-ini təşkil edir.
 
Elektron sistemin məlumatları əsasında qadınların əmək bazarında roluna, habelə yaş qrupları və təhsil səviyyələri üzrə iştirakına dair göstəriciləri diqqətə çatdıran İ. İsayev muzdla işləyənlər arasında 40-60 yaşlarda olan qadınların xüsusi çəkisinin həmin yaşlarda muzdla işləyən kişilərin xüsusi çəkisindən orta hesabla 6% çox olduğunu, muzdla çalışan qadınlar arasında ali təhsilli şəxslərin xüsusi çəkisinin kişilərə nisbətən 1% çox, yəni 38,5% təşkil etdiyini, təhsilin magistratura pilləsini bitirmiş muzdla işləyənlərin 52%-nin qadınlar olduğunu  bildirib. O qeyd edib ki, bu göstəricilər təhsilin qadınların əmək bazarında yer tapmasının əsas şərti olduğunu göstərir.
 
İ.İsayev bildirib ki, məcmu istehlak və yığım göstəricilərinin təhlili muzdla işləyənlərin sayının və əhalinin əmək haqqı formasında gəlirlərinin real olaraq rəsmi statistik göstəricilərdən daha yüksək olduğunu göstərir: "Təəssüf ki, bəzi işəgötürənlər vergi və sığorta ayırmalarından yayınmaq, işçilərin sosial xərclərini üzərilərinə götürməmək məqsədilə şəxsləri qeyri-rəsmi şəkildə işə cəlb edir, həmin şəxslərə qeyri-rəsmi qaydada, bəzi hallarda isə minimum aylıq əmək haqqı məbləğindən də az əmək haqqı ödəyərək, onların əmək və sosial hüquqlarını pozmaqda davam edirlər. Bəzən isə faktiki olaraq işçilərlə əmək münasibətlərində olmalarına baxmayaraq, məcburi dövlət ödəmələrindən yayınmaq məqsədi ilə onlarla mülkü hüquqi xarakterli müqavilələr bağlayırlar. Təəssüf ki, əmək resurslarımızın bir qismi bəzi hallarda işəgötürənlərin bu şərtləri ilə razılaşır, cari və gələcək dövr üçün dövlət, eləcə də işəgötürən tərəfindən əhatə edilməli olduqları sosial təminatın bütün formalarından kənarda qaldıqlarının fərqinə varmırlar". Nazir müavini diqqətə çatdırıb ki, real olaraq əmək haqqının əhalinin gəlirlərində xüsusi çəkisinin 5% artırılması 2,27 mlrd. manat əmək haqqının rəsmiləşdirilməsi, 270 mln. vergi və 570 mln. məcburi sosial sığorta ayırmaları deməkdir. Bu isə minimum əmək haqqının 10% və yaşa görə əmək pensiyasının baza hissəsinin isə 30% artırılmasına imkan verərdi.
 
İ.İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını vurğulayıb: "Komissiyaya əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərin dövlət başçısına təqdim edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanması və təsdiq edilməsi barədə müvafiq tapşırıqlar verilib. Bütün bunlar qeyd edilən məqsədlərə Azərbaycan Prezidentinin  nə qədər böyük önəm verdiyinin əyani sübutudur".
 
İ.İsayev vurğulayıb ki, işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz: "Sonuncu dəfə 2017-ci ilin yanvar ayından onun məbləği 10,5% artırılaraq 116 manat məbləğində müəyyən edilib. 2017-ci ilin əvvəlindən minimum əmək haqqının artırılması barədə qərarın verilməsi bir daha ölkədə sosial siyasətin ön planda olduğundan və bundan sonra da bu həddin artırılması siyasətinin davam edəcəyindən xəbər verir". Ölkəmizdə sosial partnyorluq sisteminin inkişafından bəhs edən nazir müavini bildirib ki, 2016-cı ilin sentyabr ayında Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun inkişafında keyfiyyətcə yeni mərhələ açıb. Komissiyanın fəaliyyəti sosial-iqtisadi önəm kəsb edən digər məsələlərlə bərabər, yeni işsizlik sığortası sisteminin tətbiqi, iqtisadi fəallığı təşviq edən pensiya islahatlarının uğurla reallaşdırılması, qeyri-leqal məşğulluğun aradan qaldırılması, işsizliyin azaldılması, korporativ sosial məsuliyyətin inkişafı sahəsində sosial partnyorların fəaliyyətinin daha sıx formada baxımından olduqca vacibdir.
 
İ.İsayev vurğulayıb ki, iqtisadi baxımdan əmək haqqının artımı ev təsərrüfatlarının istehlakını, o da öz növbəsində ÜDM-nin əsas hissəsini təşkil edən məcmu istehlakı stimullaşdırır  və bu, məhsulların (xidmətlərin) istehsalına olan tələbat və iqtisadi artım deməkdir: "Əmək haqqının artırılması məsələsinə baxdıqda ölkə iqtisadiyyatının spesifik xüsusiyyətlərini, iqtisadi imkanları və islahat tədbirlərini nəzərdən keçirmək lazımdır. Əmək haqlarının əsassız artımı inflyasiyanın yüksəlməsi və istehlak qiymətlərinin artımı ilə nəticələnə bilər ki, bu da dövlət üçün əlavə sosial xərclər deməkdir. Yəni bu sahədə düzgün atılmayan addım əks səmərə verə bilər".
 
O qeyd edib ki, bəzi hallarda əmək haqqının artımını bu sektorun səmərəliliyini yüksəltmədən, iş yerlərinin optimallaşdırmasını aparmadan mümkün deyildir: "Deyərdim ki, büdcə sektorunda səmərəliliyin artırılması və iş yerlərinin optimallaşdırması proseslərinə artıq başlanılmışdır. Ali təhsil müəssisələrinin maliyyələşmə mexanizminin dəyişdirilməsi və tibbi sığorta sisteminin tətbiqinə başlanılması bu qəbildən olan addımlardır". İ.İsayev diqqətə çatdırıb ki, iqtisadi  artımla əmək haqqının artımı arasında birbaşa əlaqənin olması hər bir işləyən şəxsin ölkə üzrə iqtisadi artımı özünün əmək haqqı məbləğində hiss etməsinə imkan verir: " Ölkəmizdə ÜDM-nin artım tempi (3,2 dəfə) əmək haqqının artım tempi (3,3 dəfə) ilə, demək olar ki, üst-üstə düşür. Bu sahədə ən mühüm məsələ qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və qeyri-formal əmək ödənişlərinin rəsmiləşdirilməsidir".
 
Nazir müavini əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılması üçün işçilərin peşəkarlıq və ixtisas səviyyələrinin artırılmasının vacibliyini, bunun əmək məhsuldarlığının artımında başlıca vasitə olduğunu qeyd edib. O bildirib ki, həmçinin qadınların əmək bazarına yüksək ixtisaslı işçi kimi çıxış imkanlarının artırılması nəzərdən keçirilməlidir: "Təcrübə göstərir ki, qadınların əmək bazarında xüsusi çəkisinin artması muzdla işləyənlərin məşğul əhalinin sayında xüsusi çəkisinin artmasına gətirib çıxarır. Qadınlar kişilərdən fərqli olaraq əmək bazarında əmək müqaviləsi əsasında fəaliyyətə daha çox üstünlük verirlər". İ.İsayev vurğulayb ki, minimum əmək haqqının vaxtaşırı artırılması məsələsinə baxılmalı, bu məsələdə sosial tərəfdaşlar daha aktiv mövqe nümayiş etdirməlidirlər. BƏT-in tövsiyə etdiyi minimum əmək haqqı anlayışında işçi ilə bərabər onun ailə üzvlərinin minimum yaşam tələbatları nəzərə alınır:  "Ünvanlı dövlət sosial yardım proqramı bu proqramın əhatəsində olan işçinin ailə üzvlərinin də yaşam xərclərini öz üzərinə götürüb. Düşünürəm ki, biz bu anlayışa yenidən baxmalıyıq və həmin xərclər dövlətin üzərindən götürülməlidir. Hesab edirəm ki, minimum əmək haqqının artırılması bu baxımdan digər göstəricilərə də müsbət təsir edər, eləcə də ölkəmizin bu məsələ ilə bağlı öhdəliklərinin icrasını təmin etmiş olardı. Məsələn, minimum əmək haqqının median əmək haqqına və ya orta aylıq əmək haqqına nisbəti göstəricisi yüksələrdi".
 
Sosial dialoqun daha da inkişaf etdirilməsi və s. barədə təkliflərini ifadə edən İ.İsayev həmçinin məcmu  istehlakın stimullaşdırılmasında aşağı vəzifə tutan işçilər üzrə əmək haqqı artımının rəhbər işçilər üzrə əmək haqqı artımına nisbətən daha təsirli olduğunu bildirib: "Aşağı vəzifə tutan işçilər əmək haqqı formasında əldə etdikləri gəlirlərini əsasən istehlaka yönəldirlərsə, rəhbər işçilər üzrə əmək haqqı artımı daha çox yığıma yönəldilir. Düzdür yığımın özü də investisiya formasında iqtisadi artımı stimullaşdırır, lakin onun təsir imkanları və tezliyi məcmu istehlakdan çox zəifdir".
 
Nazir müavini bildirib ki, əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasında büdcə-vergi siyasətinin və sosial sığorta sahəsində aparılan siyasətin əhəmiyyətini vurğulayıb: "Bu sahədə qanunvericilikdə kifayət qədər imtiyazlar nəzərə alınıb. Lakin hesab edirəm ki, bu sahədə fəaliyyəti daha da genişləndirmək olar. Eyni zamanda işəgötürən və işçilərin sosial sığortaya cəlb olunmasında diferensiallaşma tətbiq edilə bilər. Bu zaman minimum gəlirlərlə münasibətdə sosial sığorta yükünün tam olaraq işəgötürən tərəfindən qarşılanması, yuxarı gəlirlərə münasibətdə işəgötürənlərin sosial sığorta yükünün azaldılması məsələsi əsas şərtlərdən biri ola bilər".
 
AHİK sədrinin birinci müavini İlyas Əliyev BƏT-in Qlobal Əmək Haqqı hesabatından irəli gələn məsələlərin aktuallığını diqqətə çatdıraraq, işçilərin əmək haqlarının onların maddi firavanlığına uyğun səviyyədə olmasının, əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasının layiqli əməyin əsas komponentlərindən olduğunu vurğulayıb, AHİK-in bu məsələlərlə bağlı mövqeyini diqqətə çatdırıb. ASK-nın hüquq şöbəsinin müdiri Xəqan Hümmətzadə özəl sektorda işçilərin əmək haqqlarının müəyyən olunmasında işçinin işgüzar keyfiyyətlərinə, onun peşəkarlıq səriştəsinə, müəssisənin səmərəliliyinin artırılmasında, məhsuldar iş rejimində roluna uyğun olduğunu, bu sektorda da mütəmadi olaraq əmək haqqı artımlarının olduğunu qeyd edib.
 
BƏT-in layiqli əmək üzrə texniki dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin əmək haqqı üzrə mütəxəssisi Nikolas Studer Azərbaycanda əmək haqqı siyasətinin daim on planda saxlanmasının, minimum əmək haqlarının artırılmasının, ölkədə orta aylıq əmək haqqı səviyyəsinin  getdikcə yüksəlməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
 
Daha sonra BƏT-in rəsmiləri Nikolas Studer və Rosalia Vazquez BƏT-in 2016-2017-ci illəri əhatə edən  Qlobal Əmək Haqqı hesabatını təqdim ediblər. Tədbir hesabat əsasında geniş müzakirələr şəraitində davam edib, əmək haqqı siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.