Bakıdakı məcburi köçkünlər böyük şövqlə yeni mənzillərə köçür

Day.Az представляет новость на азербайджанском языке.

Yataqxanadan Müşfiqabada köçməyə hazırlaşan Füzuli köçkünü: "Yenidən normal evdə yaşayacağımız üçün çox sevinirəm"


"Evimi-eşiyimi ataraq ermənilərin təzyiqi ilə məcburiyyət qarşısında qalıb köçdüyümüz gün xatirəmdən silinmir. Həmin gün evdə çörək bişirirdim, xəmirim əlimdə, xörəyim də qazın üstündə qaynaya-qaynaya qaldı". Bu sözləri bizimlə söhbətində hazırda Bakı Dövlət Universitetinin "tələbə şəhərciyi"ndə yaşayan Füzuli rayonundan məcburi köçkün düşmüş 55 yaşlı Nigar Qasımova dedi. Həmsöhbətimiz 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində öz ata-baba torpağından çıxdıqdan sonra "tələbə şəhərciyi"ndə məskunlaşıb. Bir neçə günə isə ailəsi ilə birlikdə 20 ildir məskunlaşdığı "obşıyjitel"i (ümumi yaşayış məntəqəsi - A.Cəfərli) tərk edəcək. Bu dəfə isə 20 il əvvəl olduğu kimi, məcburi yox, könüllü surətdə. Yolu isə Bakının Müşfiqabad qəsəbəsinədir...

Qeyd edək ki, artıq 2 gündür ki, BDU-nun yataqxanasında məskunlaşan məcburi köçkünlər Müşfiqabad qəsəbəsində onlar üçün salınmış yeni şəhərcikdəki evlərinə köçürülürlər. N.Qasımova buna bir tərəfdən sevindiyini bildirsə də, digər tərəfdən ürəyində nəyinsə qırıldığını deyir: "Bizdən əvvəlki binaları artıq köçürüblər və bu köçhaköçə baxanda yadıma yenidən Füzulini necə tərk etdiyimiz gəlir. Həmin günləri yenidən yaşamalı oluram. Dəhşətli bir gün idi. Evdə çörək bişirmək üçün xəmir yoğururdum. Uşaqlar üçün də qazın üstünə xörək qoymuşdum. Birdən səs-küy qopdu, atışma səsləri gəldi, hamı qaçmağa başladı. Bizdən yuxarıda erməni kəndləri var idi. Onlar hər dəfə yuxarıdan bizim kəndi atəşə tuturdular. Hər dəfə də cavablarını verirdik. Amma həmin gün artıq biz heç nə edə bilmirdik. Yoldaşım da buna dözməyərək bir ay olardı ki, ürəyi partlayıb dünyasını dəyişmişdi. Uşaqlarımla tək yaşayırdım. Balaca qızımın 3 yaşı var idi. Bizi topa-tüfəngə tutdular.

Kənd camaatına qoşulub mən də uşaqlarımla birlikdə rayona qaçdım. O zaman köçhaköçdə 200 nəfər adam öldü. Kimisi ayaq altda qaldı, kimisini maşınlar əzdi. Buna görə, yenidən bizim üçün salınan şəhərciyə köçmək asan deyil, çünki biz artıq köçməkdən bezmişik. Hər dəfə köç görəndə həmin günlərin dəhşəti gözümün önündən getmir. Çox dəhşətli günlər idi".

Ermənilər evimdə qumar oynayırdılar

Evindən dönmək ümidi ilə çıxdığını deyən N.Qasımova buna görə açarı da götürdüyünü dedi: "Çıxanda yalnız evimin açarını götürdüm. Sonradan kəndimizə gedən qonşumuz mənə dedi ki, evimizin qapıları taybatay açıq olub və ermənilər orada qumar oynayırmışlar. Bundan sonra evimin açarının da artıq mənə lazım olmadığının fərqinə vardım və onu da digər dəyərli əşyalarım kimi Füzulidə qoydum".

Füzulidən gələndən sonra bir neçə ay Yeni Günəşli, Əhmədli və NZS deyilən ərazidə soyuq evlərdə kirayələrdə yaşadıqlarını deyən müsahibimiz həmin günlərin də çətin olduğunu bildirdi: "Təsəvvür edin, hər şeyimizi Füzulidə qoyub gəlmişik və kirayədə qalırıq. Aylıq kirayə haqqını ödəmək çox çətin idi, köçkün olduğumuz ilk aylarımızı qonşuların verdiyi ərzaq hesabına keçinirdik".

Bir neçə ay sonra indi çıxmağa hazırlaşdıqları yataqxanaya köçürüldüklərini deyən N.Qasımova burada da çətin günlər yaşayıb: "Vəziyyətimiz çox pis idi. 2 otaqda 5 nəfər yaşayırdıq. Özümüzə aid mətbəximiz, hamam-tualetimiz yox idi. Hər gün başımıza kanalizasiya suları damırdı, hər dəfə təmir etsək də xeyri olmurdu. İndi isə bizi Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün yeni tikilmiş mənzilə göndərəcəklər. Bu səbəbdən çox sevincliyik. Bizim üçün yeni imkan və şəraitin yaradılmasına görə əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk". Yataqxanadakı şəraitin dözülməz olduğunu deyən N.Qasımova püşkatma nəticəsində onlara mənzil verildiyini deyir: "Hamıya evin açarları təqdim edilir. Kimin qismətinə hansı evin açarı düşürsə, orada yaşayır. Şəhərcikdə bağçalar, məktəblər, xəstəxanalar tikilib, bizim üçün çox gözəl şərait qurulub. 20 il yataqxanada keçirdiyim acınacaqlı günlərdən sonra yenidən normal evdə yaşayacağımız üçün çox sevinirəm".

Doğma yurd-yuvamıza qayıtmaq arzusundayıq

Məcburi köçkünün sözlərinə görə, Füzulidə - öz doğma evində şəraitləri çox yaxşı olduğundan uzun müddət köçkün həyatına alışmaqda çətinlik çəkib. "Biz Füzulinin Cuarlı kəndində yaşayırdıq. Orada böyük həyətim, bağım var idi. Həm təsərrüfatla, həm də heyvandarlıqla məşğul olurduq. Biz orada heç vaxt bazara getmirdik bütün ərzağımızı özümüz əkib-becərirdik. Bağımda 25 ədəd tut ağacı var idi. Ömrümün ən gözəl günlərini orada yaşamışam" - deyən Nigar xanım kövrəlir.

Müsahibimiz onu da əlavə etdi ki, bundan sonra nə qədər gözəl şəraitli evi olsa da, ölənə qədər doğma yurd-yuvasının həsrəti ilə yaşayacaq: "Hamını yeni evlərə köçürmələrinə baxmayaraq, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər. Biz tezliklə işğal altında olan torpaqlarımızın azad olunmasını arzulayırıq. Çünki işğal günündən etibarən didərgin düşdüyümüz torpağımıza, evimizə qayıtmaq ümidi ilə yaşayırıq".

Qeyd edək ki, BDU-nun yataqxanalarında məskunlaşan 2736 nəfərin hamısı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1440 ailəlik yeni məhəllədə məskunlaşacaqlar.

Kaspi.az