Hacı Qamət: "Görünür, onlar nəyəsə arxayındırlar"

Day.Az представляет новость на азербайджанском языке

Dünən Nardaran kəndində radikal dindarlarla polis arasında qarşıdurma olub. Qarşıdurma zamanı 2 polis əməkdaşı və 4 nəfər dindar  ölüb. Nardarandakı qarşıdurmanı "Əbu Bəkr" məscidinin imamı hacı Qamət Süleymanov da şərh edib.

O, modern.az-a açıqlamasında deyib ki, hakimiyyətə qarşı hər hansı hadisənin törədilməsi yolverilməzdir.

"Nardaranda baş verən hadisələrə mövqeyimiz budur ki, hakimiyyətə qarşı çıxmaq olmaz. Hakimiyyət nümayəndələrinə xəsarət yetirmək, hər hansısa formada zərər vermək yanlış addımdır. Bu cür hadisələrin hər bir növünü pisləyirik. Belə addımları heç vaxt dəstəkləməmişik".

Hacı Qamət Nardaran hadisələrində dini kəsimin bu dərəcədə arxayın olmasında kənar qüvvələrin təsirinin olması fikrinə də toxunub.

"Nardaran hadisələrində kənar qüvvələrin müdaxiləsi də mümkün ola bilər. Görünür, onlar nəyəsə arxayındırlar. Bu, istisna edilmir. 

Bunların arxasında hansısa güclü tərəflər dayanmalıdır ki, qarışıqlıq yaratmağa qoşulan adamlar belə addım ata bilsinlər. Ola bilər ki, həm daxildə, həm də xaricdə Nardaran hadisələrinə rəvac verənlər olsun".

Hacı Qamət Nardaranda baş verənlərin iranmeylli qüvvələrlə əlaqələrin olmasına da münasibət bildirib.

"Nardaranda baş verən hadisələr iranmeylli qüvvələrin olmasını göstərir. Çünki dünənki hadisə şiə məzhəbinin tərəfdarları tərəfindən törədilib. Dəqiq nəsə deyə bilməsəm də, ehtimallar onu deməyə əsas verir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.