Qarabağ Dirçəliş Fondu ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığı mexanizminin tətbiqinə şərait yaradır

Qarabağ Dirçəliş Fondu 44 günlük Vətən müharibəsi dövründə bir yumruq olan xalqın Qarabağın bərpasında da birlik və iştirakının təminatçısı olmasına zəmin yaradır. Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

Bunu Day.Az-a Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə deyib.

Millət vəkili qeyd edib ki, dünya təcrübəsində əhəmiyyətli inkişaf yolu keçmiş ölkələrə baxdıqda burada dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) həmişə geniş parametrli mövzu olaraq xüsusi əhəmiyyət kəsb etmişdir. Dövlət və özəl sektor münasibətləri prioritet bir mövzu olub iqtisadi, sosial, hüquqi, mədəni, siyasi və digər çalarları özündə əks etdirir.

"İnstitusional təşəbbüslərin olması taleyüklü məsələlərin həlli istiqamətində dövlətin strateji yanaşdığını göstərir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini (bundan sonra - müvafiq sahə) həyata keçirən publik hüquqi şəxsdir", - deyə Ş.Seyidzadə vurğulayıb.  

Deputatın sözlərinə görə, bu fondun yaradılmasını milli birliyin qorunmasının bariz nümunəsi və dövlətin Qarabağ siyasətinin təzahürüdür. Həmvətənlərimizin həmin Fonda müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı deyil, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirməyə, vətəndaşlarımızın bir-birinə dəstək olmasına şərait yaradır.

"Dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən Qarabağ Dirçəliş Fondunun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, Qarabağ sakinləri daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar həmvətənlilərimizin həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək".

Abdul Kərimxanov