“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
Şuşanın tarixi görkəminin qorunması, bərpası, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin beynəlxalq aləmdə təbliği Ulu öndərimiz Heydər Əliyevin daim diqqət mərkəzində idi. Bir faktı xatırlatmaqla dahi şəxsiyyətin bu şəhərə xüsusi qayğı ilə yanaşmasını aydın görə bilərik. Belə ki, 1977-ci ildə ümummilli liderin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilməsi ilə burada abidələrə həssas münasibət bəslənilməsi, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı, bir sıra dəyərli layihələr reallaşdırıldı. Lakin Ermənistanın ölkəmizə qarşı başlatdığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa işğal olundu və şəhərdə xalqımızın zəngin tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi.
Bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
Deputat qeyd edib ki, ötən il noyabrın 8-də isə Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilərək Şuşa şəhərinin işğalına son qoyuldu: "Prezident, Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqa müraciətində dedi - "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!"
Prezident İlham Əliyev bu il yanvarın 14-də Şuşaya səfəri zamanı qədim mədəniyyət beşiyi olan tarixi şəhərimizin əvvəlki simasına qaytarılacağını bildirdi. Şuşaya, onun tarixi-mədəni irsinə, təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarlaşdırılması aparıldı, bərpa işlərinə başlanıldı. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün şəhərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi yaradıldı.
Şuşa şəhərinin tarixi simasının bərpa olunmasını xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev deyib: "Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir".
R.Mahmudov vurğulayıb ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarıbülbül" musiqi festivalının keçirilməsi də bu quruculuq layihələrinin sürətlə reallaşdırılması fonunda Qarabağın tarixi simasının qaytarılması, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpası istiqamətində atılan önəmli addımlardan biridir: "Yeri gəlmişkən, bu məqamda "Xarıbülbül" festivalının geniş televiziya ekranından ulu öndər Heydər Əliyevin işğal altındakı ərazilərimizin, o cümlədən Şuşanın azad ediləcəyi əminliyini ifadə edən tarixi çıxışı istər tədbir iştirakçılarnda, istərsə də bu konserti izləyən milyonlarla insanda kövrək hislər yaratdı - "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik".
Bəli, xalqımız Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər itkisi ilə barışmadı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - dedi".
Deputat əlavə edib ki, 30 ildən sonra bərpa edilən"Xarıbülbül" festivalı, sözün əsl mənasında, milli birlik, qürur, zəfər, ləyaqət bayramına, Böyük Qayıdışın təntənəsinə çevrildi: "Xatırladım ki, 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmaqla bərabər, Vətən müharibəsində qazanılan tarixi Zəfərin mədəniyyət sahəsində davamıdır. Bundan sonra da hər il Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq.
Ramazan bayramı ilə bağlı Şuşanın Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması, burada və digər azad edilən ərazilərimizdə azan səslərinin ucalması ölkəmizdə dini dəyərlərə xüsusi diqqət yetirilməsinin təcəssümü kimi hamımızda kövrək hislər doğurdu. Bu, təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin vurğuladığı kimi, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Beş il bundan əvvəl Cocuq Mərcanlı kəndi işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında dövlətimizin başçısı demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcək. Məhz Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulması da ölkə rəhbərinin uzaqgörənliyinin, müdrik siyasətinin, eyni zamanda, verdiyi vədə sadiqliyinin bariz ifadəsidir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре