Bakıda Milli Gimnastika Arenasında möhtəşəm ab-hava hökm sürür

Bakıda Milli Gimnastika Arenasında gözəl ab-hava var, azarkeşlər çoxdur, tamaşaçılar bədii gimnastika üzrə Avropa çempionatının iştirakçılarını dəstəkləyirlər.

Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı çərçivəsində Milli Gimnastika Arenasına gələn Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans deyib.

Səfir ölkəsinin yarışlarda iştirak edən gimnastları ilə də görüşüb.

"İlk dəfədir ki, Bakıda Gimnastika Arenasına baş çəkirəm və bu, əlbəttə ki, mənim üçün kəşfdir. Bədii gimnastika gözəl idman növüdür, yarışları izləmək çox maraqlıdır. Arenada ab-hava əladır. Şadam ki, Belçikadan olan gimnastlar Bakıda keçirilən Avropa çempionatında iştirak edir və gənc idmançılar Azərbaycana səfər edərək ölkənizi görə bildilər. Belə xatirələr əbədi olaraq qalır", - deyən səfir əlavə edib ki, yarışın bütün iştirakçıları çempionatda yaxşı nəticə göstərmək üçün çox səy göstəriblər, vaxt sərf ediblər və çox məşq ediblər.

Dövlətin idman sahəsinə diqqətindən danışan Mişel Pitermans qeyd edib ki, Azərbaycanda çoxlu idman obyektləri var, bu sahədə çoxsaylı tədbirlər keçirilir, bütün bunlar ölkədə idmanın inkişafına böyük diqqət yetirildiyini göstərir. Həmçinin ölkə vətəndaşları da bu sahəyə böyük maraq göstərirlər.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir.

Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.