Sülh prosesinə qarşı destruktiv cəhdlərin heç bir nəticəsi olmayacaq

Müəllif: Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Otuz ilə yaxın bir müddətdə davam edən və əsasında beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə zidd Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları olan münaqişənin tarixə qovuşması və hazırda regionda vəziyyətin normallaşması prosesinin getdiyi bir vaxtda müxtəlif dövlətlər və ayrı-ayrı şəxslər yeni qarşıdurmaların yaranmasına çalışırlar. Bu sırada 2003-2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş əslən argentinalı Luis Moreno Okamponun ümumiyyətlə hüquq məntiqi və elementar hüquqi anlayışlarla bir araya sığmayan açıqlamaları və davranışı diqqət çəkir.   

Yurisdiksiyası təcavüz, soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərə şamil edilən beynəlxalq məhkəmə orqanında vəzifə tutmuş bu şəxsin Azərbaycana qarşı sərgilədiyi mövge yalnız hiddət doğurur. Təcavüzün qurbanı olan, vətəndaşları sil-silə beynəlxalq cinayətlərə məruz qalan, ekoloji sisteminə bərpaolunmayan zərər vurulan, mədəni irsinə qarşı vandallıq aktları törədilən ölkəmizi bu "hüquq professoru" etnik təmizləmə və soyqırımda ittiham edir. 

Cari ilin 25 aprel tarixində qatı anti-Aərbaycan mövqeyi ilə fərqlənən Okampo Almaniya Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım Komisiyasının toplantısında "Ermənilərin "Dağlıq Qarabağdan" "zorla deportasiyasının" beynəlxalq hüquqi aspektləri" adlanan yalan və iftira dolu məruzə ilə çıxış etmişdir. Bu tədbirə Bundestaqın bir sıra komissiyalarının  üzvləri, erməni diasporası və kilsəsinin nümayəndələri, "insan hüquqları müdafiəçiləri" və bəşqa şəxslər qatılıblar.  

Bundan əvvəl də, keçən il sentyabr ayının 28-də Harvard Universitetində "Dağlıq Qarabağda soyqırım" adlı tədbiri gerçəkləşdirən eks-prokuror Okampo, sonradan 2024-cü ilin əvvəllərində San Paulo Universitetinin həyata keçirdiyi "Qlobal Dünyada İnnovasiya" layihəsi çərçivəsində  "Dağlıq Qarabağ məsələsi" adlanan məruzəni təqdim etmişdir və heç bir hüquqi əsası olmayan yalan məlumatlarla Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələri saxtalaşdırmağa cəhd etmişdir. Okamponun səviyyəsiz mülahizələri müasir beynəlxalq cinayət hüququ və insan hüquqlarının beynəlxalq hüququ ilə acıq-aşkar ziddiyət təşkil edir. Erməni əhalisinin öz arzusu ilə dinc və sərbəst şəkildə Qarabağ bölgəsini tərk etməsini eks-prokuror "etnik təmizləmə" kimi qələmə verməyə çalışır. Görünür ki, bu məqamda onun yaddaşını təzələməyə eytiyac var.

Beynəlxalq leksikona "etnik təmizləmə" termini 1992-ci ildə Keçmiş Yuqoslaviya ərazisində mövcud olmuş hadisələlərlə bağlı daxil edilmişdir. Bu ölkənin ərazisində baş vermiş beynəlxalq humanitar hüququn ciddi pozuntuları haqqında məlumatların toplanması və analizi üçün yaradılan ekspert qrupunun aralıq məruzəsində qeyd edilirdi ki, "etnik təmizləmə, müəyyən ərazidən konkret qrupları çıxarmaq üçün güc tətbiq etməklə və ya güc tətbiq etmək hədəsi ilə hər hansı məkanı etnik cəhətdən homogen etmək deməkdir". Komissiyanın qənaətinə görə, "etnik təmizləmələrin" müxtəlif üsullarına - qətlər, işgəncələr, əsassız həbslər, cinsi zorakılıq, mülki şəxslərə və obyektlərə qarşı silahlı hücumlar və əmlakın qəsdən məhv edilməsi daxil ola bilər". Sözügedən hərəkətlərin oxşar şərhini Prokuror v. Radoslav Brdanin işində Keçmiş Yuqoslaviya üzrə ad hoc Beynəlxalq Cinayət Tribunalı verərək vurğulamışdı ki, "etnik təmizləmələr insanları müxtəlif vasitələrlə - təhdidlər, seçmə qətllər, binaların dağıdılması vasitəsi ilə köcməyə məcbur etmə strateqiyası idi". Əslində beynəlxalq hüququ tətbiq edən və müvafiq qərarlar qəbul edən zaman beynəlxalq məhkəmə orqanlarının presedent huququnu nəzərə almağa borclu olan bir adamın yalan və iftira dolu aşıqlamalarının arxasında erməni diasporunun və Ermənistanın revanşıst qüvvələrinin məkrli cəhdləri durur.     

Eyni zamanda ciddi təəssüf hissi doğuran məqam ondan ibarətdir ki, mötəbər parlament tribunası və tanınmış elmi-tədris müəssisələrinin kürsüləri faktiki olaraq siyasi təxribat və hüquqi riyakarlığı əlində bayraq edən bir şəxsə sərbəst şəkildə təqdim edilir və bu gün Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsi üçün tarixi şansın yarandığı bir vaxtda bu prosesin qarşısını almaq, burada yaşayan millətlər arasında yenidən nifaq salmaq meylləri özünü açıq formada biruza verir.

Beynəlxalq ictimaiyyət arasında həqiqətə uyğun olmayan məlumatların yayılmasının qarşısı qətiyyətlə alınmalıdır və bunun üçün bütün beynəlxalq platformalardan səmərəli formada istifadə edilə bilər. Revanşist erməni qüvvələrinin və onların maliyyələşdirdiyi qurumların və şəxslərin cəhdləri heç bir nəticə verməyəcək və regionda yeni təhlükəsizlik rejiminin bərqərar olunması artıq qaçılmaz proses formasını almışdır. Bunun əyani təsdiqi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin post-münaqışə dövründə dövlətlərarası münasibətlərin tənzimləmə konsepsiyasının uğurla həyata keçirilməsi, delimitasiya və demarkasiya proseslərinin dövlətimizin irəli sürdüyü plan əsasında başlanmasıdır.