Sentyabrın 1-də keçiriləcək seçkilər ölkənin gələcək siyasi və iqtisadi istiqamətini də formalaşdıracaq

"Seçkilər yalnız parlamentin tərkibini müəyyənləşdirməklə kifayətlənməyəcək, eyni zamanda ölkənin gələcək siyasi və iqtisadi istiqamətini də formalaşdıracaq. Azərbaycanın daxili sabitliyini və beynəlxalq mövqeyini daha da gücləndirəcək. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Ermənistanla daimi sülhə, sülh sazişinə nail olmaq üçün intensiv diplomatik səylər davam edir. Qafqazda uzunmüddətli münaqişələrin sona çatması və regional sabitliyin təmin olunması üçün Azərbaycanın sabit və güclü olması əsas şərtdir. Bu seçkilər Azərbaycanın mövqeyini gücləndirir".

Bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Şamil Ayrım qeyd edib ki, bu gün Azərbaycan daxildə parlament seçkiləri, regionda sülh danışıqları və beynəlxalq aləmdə COP29 kimi mötəbər tədbirə ev sahibliyinə hazırlıqlar kimi mühüm proseslər astanasındadır: "Ölkənin bu proseslərdə əldə edəcəyi uğurlar, həm daxili, həm də xarici siyasətdə güclü bir mövqeyə çatmasına səbəb olacaq. Parlament seçkilərinin canımız Azərbaycan xalqı üçün uğurlu olmasını ürəkdən arzulayıram".