Mərakeşli jurnalistlər Milli Məclisdə olublar

İyulun 3-də Milli Məclisin deputatları - Soltan Məmmədov, Pərvanə Vəliyeva və Zaur Şükürov Mərakeşin ölkəmizdə səfərdə olan nüfuzlu media orqanlarının bir qrup nümayəndəsi ilə görüşüblər.

Parlamentdən Day.Az-a bildirilib ki, görüş zamanı mərakeşli jurnalistlərə Azərbaycanın regiondakı lider mövqeyi, təşəbbüskarı olduğu genişmiqyaslı layihələr, ölkəmizdə mövcud olan tolerantlıq və mültikultural dəyərlər, bölgədə və dünyada sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verilib.

Milli Məclisin deputatları Azərbaycan və Mərakeş arasında əlaqələrin inkişaf etdirilməsi imkanlarından danışıblar, bu istiqamətdə Milli Məclisin parlament ölçüsündə dəstək verməyə hazır olduğunu bildiriblər. Millət vəkilləri ölkələrimizin həm ikitərəfli formatda, həm parlamentlər səviyyəsində, həm də media platformalarında əməkdaşlığı ilə bağlı fikirlərini bölüşüblər.

Söhbətdə qonaqların Azərbaycan reallıqları, Milli Məclisin fəaliyyəti ilə bağlı suallarına ətraflı cavablar verilib, mədəni, humanitar, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq imkanları və digər mövzular barədə fikir mübadiləsi aparılıb.