Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi təsdiq edilib

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi təsdiq edilib.

Day.Az xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Əsasnamə Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının (bundan sonra - Komissiya) səlahiyyətlərini və fəaliyyət qaydasını müəyyən edir.

Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur.

Komissiya öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurur.

Komissiyanın üzərində adı həkk olunmuş blankı vardır.

Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.

Komissiyanın aşağıdakı səlahiyyətləri vardır:

 
  • xüsusi icra məmuru vəzifəsi üçün müsabiqəni elan etmək, müraciətlərin qəbulunu və onlara baxılmasını həyata keçirmək;
  • xüsusi icra məmuru olmaq istəyən namizədlərin bilik səviyyəsinin yoxlanılması məqsədi ilə test imtahanları təşkil etmək;
  • test imtahanında istifadə olunacaq suallar toplusununu və cavabları tərtib etmək;
  • test imtahanın təşkilinə və keçirilməsinə məsul olan heyət, onun tərkibini və vəzifələrini müəyyən etmək;
  • texniki səbəblərdən imtahanı davam etdirməsi mümkün olmayan namizəd üçün yenidən imtahanın keçirilməsi vaxtını müəyyən etmək;
  • test imtahanının keçirilməsi qaydalarını pozan namizədlərin nəticələrini ləğv etmək;
  • test imtahanın nəticələrindən narazı qalan namizədlərin müraciətlərinə baxmaq və nəticəsi barədə qərar qəbul etmək;
  • test imtahanlarında uğur qazanmış namizədlərlə müsahibə keçirmək;
  • müsahibənin nəticələrinə dair qərar qəbul etmək.

Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:

  • namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olduqda, yaxud iclasda baxılan məsələ Komissiyanın üzvünün şəxsi maraqlarına toxunduqda, habelə obyektivliyinə və qərəzliliyinə təsir göstərə biləcək digər hallarda özü-özünə etiraz etmək;
  • Komissiyanın fəaliyyətinə və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək, obyektiv və ədalətli mövqe nümayiş etdirmək, malik olduğu hüquqlardan vicdanla istifadə etmək;
  • müsahibə mərhələsində namizədə verilən sualları müvafiq ballara uyğun qiymətləndirmək;
  • Komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;
  • Komissiyanın qərarlarını imzalamaq;
  • Komissiyanın iclaslarını üzrsüz səbəblərdən buraxmamaq;
  • Komissiyanın qərarlarının və digər sənədlərin icrası ilə bağlı tədbirlər görmək;
  • Komissiyanın fəaliyyəti ilə bağlı konfidensiallığı qorumaq;
  • Komissiyanın fəaliyyəti ilə əlaqədar digər vəzifələri yerinə yetirmək.

Komissiya üzvlərinin hüquqları aşağıdakılardır:

  • Komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;
  • Komissiyanın iclaslarının gündəliyi ilə və iclasda baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq;
  • Komissiya üzvləri ilə müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq;
  • Komissiyanın iclaslarının gündəliyi barədə, eləcə də Komissiyanın səlahiyyətlərinə aid məsələlərə Komissiyanın iclaslarında baxılması barədə təklif vermək;
  • Komissiyanın iclaslarında iştirak etmək, iclasın aparılmasına, habelə qəbul olunması təklif edilən qərarlara dair fikirlər bildirmək və suallar vermək;
  • Komissiyanın iclas protokolları və digər sənədləri ilə tanış olmaq;
  • Komissiyanın qərarı ilə razı olmadıqda və ya həmin qərarla bağlı xüsusi rəyi olduqda yazılı şəkildə rəy bildirmək;
  • qanunla nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Komissiya 9 (doqquz) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın 3 (üç) üzvü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik), 3 (üç) üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 (bir) üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndədən, 1 (bir) üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim və 1 (bir) üzvü Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.

Nazirlik, Xüsusi İcra Məmurlarının Palatası və Notariat Palatası öz nümayəndələrini ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə 5 (beş) ildən artıq iş stajına malik olan şəxslər sırasından, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyası isə öz nümayəndəsini 5 (beş) ildən artıq iş stajına malik olan hakimlər və vəkillər sırasından təyin edirlər.

Həmin qurumlar tərəfindən həmçinin ehtiyat üzvlər müəyyən olunur.

Komissiyanın fərdi tərkibi Nazirlik tərəfindən təsdiq edilir.

Komissiyanın səlahiyyət müddəti 3 (üç) ildir. 3 (üç) ildən sonra onun üzvlərinin azı üçdə bir hissəsinin aşağıdakı ardıcıllıq və qayda ilə rotasiyası həyata keçirilir:

  • Nazirlik və Xüsusi İcra Məmurlarının Palatası tərəfindən təyin edilən üzvlərdən hər 3 (üç) ildən bir azı 1 (bir) üzv yenisi ilə əvəz edilir.
  • Notariat Palatası, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyası tərəfindən təyin edilən üzvlər arasından Komissiyanın müəyyən etdiyi ardıcıllıqla hər 3 (üç) ildən bir azı 1 (bir) üzv yenisi ilə əvəz edilir.