Avropa Komissiyası əlçatan mənzil üzrə ilk Avropa planını hazırlayır
Avropa Komissiyası əlçatan mənzil üzrə ilk Avropa planını hazırlayır və onun həyata keçirilməsi üçün maliyyə alətlərini genişləndirir. Bu çərçivədə investisiya platformaları, qrant və kreditlərin qarışıq maliyyələşdirilməsi, eləcə də özəl kapitalın cəlb edilməsi üçün mənzil istiqrazlarının buraxılması nəzərdə tutulur.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mənzil siyasəti üzrə işçi qrupuna rəhbərlik edən baş direktor müavini Metyu Robert Bolduin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində baş tutan "Mənzil - qlobal koalisiyaların mərkəzində" adlı sessiyada bildirib.
"Əlçatan mənzil siyasəti G7, G20 və G77 gündəliklərində əsas yer tutmalıdır. Çünki əlçatan mənzil çatışmazlığı əmək bazarlarına, iqtisadi artıma və demoqrafik proseslərə birbaşa təsir göstərir", - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.
O qeyd edib ki, əlçatan mənzil çatışmazlığı işçilərin işə cəlb olunması imkanlarını məhdudlaşdıran amilə çevrilir, çünki insanlar iş yerlərinin yerləşdiyi ərazilərdə yaşaya bilmirlər. Bolduinin sözlərinə görə, bu vəziyyət artıq təkcə sosial sahəyə deyil, iqtisadiyyatın rəqabət qabiliyyətinə də təsir edir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре