Xaricdə təhsil: nəyə diqqət yetirilməlidir?

Day.Az представляет новость на азербайджанском языке
Təhsil Nazirliyindən daha bir çağırış: seçəcəyiniz ali təhsil müəssisəsinin tanınıb-tanınmadığı əvvəlcədən araşdırılmalıdır
Azərbaycan müstəqillik qazandıqdan sonra təhsil üçün xaricə üz tutan gənclərimizin sayında artım müşahidə olunur. Lakin xaricdə təhsil alanların bir qismi ölkəyə qayıdarkən diplomlarının tanınmaması problemi ilə üzləşirlər. Belələri əsasən xaricdə təhsil adı ilə fəaliyyət göstərən fırıldaqçı şirkətlərin qurbanları olurlar.
Qeyd edək ki, bu məsələ həmişə aktual olub. Zaman-zaman istər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, istərsə də Təhsil Nazirliyi bununla bağlı xəbərdarlıq edərək, abituriyentləri və onların valideynlərini diqqətli olmağa çağırıb. Bu günlərdə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bəzi təhsil şirkətlərinin telekanallarda attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarının tanınmasına Təhsil Nazirliyi zəmanət verdiyi barədə reklam getdiyini deyərək, heç bir şirkətin TN-dən belə bir zəmanət almadığını vurğulamışdı. C.Valehov bildirib ki, bu, insanları aldatmaqdır və şirkətlər subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir: "Zəmanətin verilməsi hüquqi prosesdir. Təhsil Nazirliyi tərəfindən həmin şirkətlərlə bağlı müraciət olarsa, hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər. İnsanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər. Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir".
Yeri gəlmişkən, Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə daha bir çağırış edib. Verilən məlumata görə, xaricdə təhsil almaq istəyənlər seçəcəkləri ali təhsil müəssisəsinin dövlət və ya beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınıb-tanınmadığını əvvəlcədən araşdırmalıdır. Bunun üçün Enic-Naric onlayn şəbəkəsindən (www.enic-naric.net) istifadə edərək müvafiq ölkə üzrə tanınan Ali təhsil müəssisələri haqqında məlumat əldə edə bilərsiniz (ENİC - İnformasiya Mərkəzlərinin Avropa Şəbəkəsi, NARİC - Akademik Tanınma üzrə Milli Mərkəzlər); Eləcə də ali təhsil müəssisəsindən akkreditasiya sənədi tələb edə bilərsiniz.
Xaricdə təhsil almaq istəyənlər dərslərə davamiyyətə riayət etməlidir. Təhsil müddətində normativlərə uyğun olaraq dərs məşğələlərində iştirak etməlidir. Tədris proqramını mənimsəyəcək qədər tədris dilini bilməlidir. Bir ixtisas üzrə hər hansı təhsil formasına ölkəmizdə yol verilmirsə, başqa bir ixtisası seçmələri məqsədəuyğundur.
Təhsil müddəti - əsassız olaraq bir tədris proqramını normativlərdən az müddətə bitirmək yolverilməzdir.
Bakalavriat və magistratura ixtisasları arasında uyğunluq - ölkəmizdə mövcud qanunvericiliyə əsasən magistratura bakalavriatın əsasən davamı olmalıdır.
Təhsil sənədinin verdiyi hüquqlar - Əgər təhsil sənədinin alındığı ölkədə verilən akademik və ya peşəhüquqları məhduddursa (məsələn, növbəti təhsil pilləsində birbaşa davam etdirmək hüququ vermirsə), ölkəmizdə də həmin hüquq verilməyəcək;
Xaricdə təhsili bitirdikdən sonra ali təhsil haqqında sənədlər tanınma üçün təqdim edilməmişdən əvvəl verildiyi ölkədə müvafiq qaydada leqallaşdırılmalıdır.
Bir qayda olaraq "Haaqa Konvensiyası"na qoşulan dövlətlərin ali təhsil haqqında sənədləri (diplom və ona əlavə) "apostil" möhürü ilə leqallaşdırılmalıdır.
Apostilin 3-cü bəndində rektorun imzasının, 4-cü bənddə isə universitetin möhürünün həqiqiliyi təsdiq olunur.
"Haaqa Kovensiyası"na qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində (və ya təhsilin keyfiyyətinə nəzarət edən səlahiyyətli qurumda) müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırılmalıdır.
Təhsil üzrə ekspert Məlahət Mürşüdlünün sözlərinə görə, dövlət hesabına xaricdə təhsil proqramı bakalavr üzrə dayanadırılsa da, magistr təhsili üçün davam etdiriləcək. Onun fikrincə, ali təhsil müəssisəsi xarici ölkədədirsə, bu, hələ onun keyfiyyətli təhsil verəcəyinə zəmanət vermir.
"Xaricdə təhsillə bağlı dəfələrlə Təhsil Nazirliyindən xəbərdarlıq olunub. Belə ki, xaricdəki təhsil müəssisələrinin heç də hamısının diplomu tanınmır".
M.Mürşüdlü bildirib ki, xarici ölkədə təhsilini başa vuran və diplomu öz ölkəsində tanınmayan xeyli gənc var: "Onlar öz vəsaiti hesabına xaricdə təhsil alır. Və təhsil müəssisəsini bitirəndən sonra iş tapa bilmirlər. Diplomları qəbul olunmur. Bu kimi problemlər olmasın deyə, əvvəlcədən xarici ölkələrdə yerləşən təhsil müəssisələri barədə informasiya toplamaq lazımdır. Təhsil Nazirliyinin saytında ölkəmizdə diplomları tanınan xarici ölklərdəki təhsil müəssisələrinin siyahısı verilib. Buna diqqət yetirmək lazımdır. İstənilən xarici ölkələrdəki təhsil müəssisəsi ilə bağlı birbaşa Təhsil Nazirliyinə zəng vurub soruşmaq olar".
Dediyinə görə, xarici ölkələrdəki təhsil müəssisələrinin diplomları dövlətlərarası müqavilələr imzalananda tanınır: "İnsanlar xaricdə təhsillə bağlı reklamlara aldanmamalıdır. Əvvəlcə araşdırmalı, öyrənməlidir. Xarici ölkələrdəki təhsil müəssisələrinin diplomları tanınmadıqda, əziyyətləri hədər gedəcək. İnsanlar xaricə axışıb getməsin. Geri qayıdanda onların iş problemi ola bilər. Xüsusilə də, attestatla qəbul olan universitetlərlə bağlı problemlər çox olur".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре