Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır - Ehud Olmert
İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir.
Day.Az xəbər verir ki, bu barədə Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır:
"Azərbaycan ordusu son bir neçə ildə öz gücünü sübut edib, ölkənin ərazi bütövlüyünü bərpa edib", - keçmiş nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре