Azərbaycan və Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib
"Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" Saziş 2026-cı il 27 fevral tarixində Bakı şəhərində imzalanıb.
Sazişin əsas məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq, müdafiə sahəsində əməkdaşlığın beynəlxalq sülh və sabitliyi təşviq etdiyini nəzərə alaraq müvafiq istiqamətlər üzrə ikitərəfli əlaqələri (hərbi təhsil, məşq, təlim, mülki-hərbi əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar, maddi-texniki təminat, hərbi-texniki əməkdaşlıq və sairə istiqamətlərdə) genişləndirmək və möhkəmləndirməkdir.
Sazişdə əməkdaşlığın formaları kimi rəsmi səfərlər və işgüzar görüşlər, hərbi təhsil, treninq, ikitərəfli danışıqlar, məsləhətləşmələr, hərbi təlimlərdə iştirak, müdafiə sərgilərində iştirak, hərbi və mülki heyətlərin səfərləri və s. nəzərdə tutulur.
Sazişin həyata keçirilməsi üçün həvalə edilmiş səlahiyyətli orqan hər iki ölkənin Müdafiə Nazirliyidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре