Medianın rolu mənzil və sosial inkişaf məsələlərində daha da ön plana çıxır

Media bu gün sadəcə informasiya ötürən platforma deyil, ictimai maarifləndirməni formalaşdıran, vətəndaş iştirakını təşviq edən və dövlət institutları ilə cəmiyyət arasında kommunikasiya körpüsü yaradan mühüm vasitədir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov WUF13 çərçivəsində keçirilən "Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi" mövzusunda tədbirdə deyib.

R.Bağırov bildirib ki, peşəkar və məsuliyyətli media dayanıqlı şəhər inkişafı, mənzil əlçatanlığı, ekoloji məsuliyyət və sosial inklüzivlik üzrə daha əsaslı və məlumatlı müzakirələrin aparılmasına mühüm töhfə verir:

"Dəqiq, balanslı və faktlara əsaslanan kommunikasiya vətəndaşların şəhər transformasiya proseslərini daha yaxşı anlamasına və şəhərlərin gələcəyi ilə bağlı müzakirələrdə daha fəal iştirak etməsinə imkan yaradır".

O diqqətə çatdırıb ki, media dialoq üçün mühüm platformadır:

"Dövlət qurumları, vətəndaş cəmiyyəti, yerli icmalar və digər maraqlı tərəflər arasında konstruktiv kommunikasiya dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması üçün əsas şərtlərdən biridir. İnklüziv dialoq ictimai etimadı gücləndirir və şəhərsalma proseslərinin cəmiyyətin real ehtiyaclarına uyğunlaşdırılmasına imkan verir".

Departament rəhbəri əlavə edib ki, medianın rolu xüsusilə mənzil və sosial inkişaf məsələlərində daha da ön plana çıxır. Media həmçinin şəhər idarəçiliyində şəffaflıq və hesabatlılığın gücləndirilməsində mühüm rol oynayır. Şəhər planlaşdırma təşəbbüslərinin, infrastruktur layihələrinin, ekoloji siyasətlərin və ictimai xidmətlərin obyektiv işıqlandırılması institusional məsuliyyəti artırır və ictimai etimadı gücləndirir.

"Bununla yanaşı, data əsaslı jurnalistika və analitik yanaşmalar mürəkkəb şəhər problemlərini daha anlaşılan ictimai biliklərə çevirə bilir və cəmiyyətin şəhər siyasətində daha mənalı iştirakını təmin edir.

Lakin müasir informasiya mühitində bu imkanlarla yanaşı ciddi çağırışlar da mövcuddur. Dezinformasiya, manipulyativ narrativlər və yoxlanılmamış məlumatların sürətli yayılması ictimai etimada zərər verə, sosial birliyi zəiflədə və xüsusilə şəhər transformasiyası dövrlərində qərarverməni çətinləşdirə bilər.

Bu səbəbdən etibarlı informasiya, etik jurnalistika, media savadlılığı və peşəkar standartlar dayanıqlı cəmiyyətlərin əsas sütunlarıdır. Vətəndaşlar etibarlı məlumat əldə etdikdə və informasiya mühitini tənqidi qiymətləndirmə bacarığına sahib olduqda, cəmiyyətlər daha güclü və daha dayanıqlı olur", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.