İdman şəhərlərin gələcəyində əsas inkişaf aləti kimi önə çəkilib

İdmanın şəhər siyasətinə və planlaşdırmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir, təhlükəsiz və inklüziv ictimai məkanların formalaşmasına töhfə verir, icma həmrəyliyi artırır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kosta Rikanın sabiq prezidenti, Beynəlxalq Olimpiya Komitəsinjn BMT-dəki daimi müşahidəçisi Laura Çinçilla Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhərlər üçün idman və şəhər gələcəyi" mövzusunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırda dünyada mövcud problemlər ən çox sıxlıq olan şəhər mühitlərində özünü göstərir. Onun sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir ki, bu da mövcud çağırışları daha da artıracaq və buna görə də indidən tədbir görülməsi vacibdir.

"Sürətli və birgə fəaliyyət zəruridir. İdman isə sosial, iqtisadi və ekoloji sahələrdə tərəqqini sürətləndirən aşağı xərcli, lakin yüksək təsirə malik bir vasitə kimi artıq özünü təsdiqləyir", - o bildirib.

O qeyd edib ki, bu yanaşma yalnız fikrə əsaslanmır, həm də BMT-nin 2030 Gündəliyi, "Gələcək üçün Pakt" və Doha Bəyannaməsi kimi beynəlxalq sənədlərdə üzv dövlətlər tərəfindən idmanın inkişaf, sosial həmrəylik, icma sağlamlığı və rifahı üçün rolu dəfələrlə təsdiqlənib. Eyni zamanda, bu siyasi iradənin maliyyə dəstəyi ilə də gücləndirildiyi bildirib.

"Dayanıqlı İnkişaf üçün İdman vasitəsilə İnkişaf Banklarının Koalisiyası 2030-cu ilə qədər icma əsaslı, inklüziv və dayanıqlı idman infrastrukturu və insan kapitalının inkişafı layihələrinə 10 milyard ABŞ dolları həcmində investisiya qoymağı öhdəsinə götürüb. Bu siyasi iradəni və maliyyə öhdəliyini real nəticələrə çevirmək məqsədilə UN-Habitat ilə birgə şəhərlərdə Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması istiqamətində iş aparılır. Bu çərçivədə dörd əsas istiqamət müəyyən edilib.

Birinci istiqamət şəhərlərin strateji, büdcə, məkan və iştirak əsaslı planlaşdırma proseslərinə idman siyasətinin və məlumatların inteqrasiyasıdır. İkinci istiqamət əhalini idmanın və fiziki aktivliyin faydaları barədə məlumatlandıran genişmiqyaslı kommunikasiya kampaniyalarının həyata keçirilməsidir.

Üçüncü istiqamət yerli orqanların sübutlara əsaslanan planlaşdırma, təsirin qiymətləndirilməsi və inteqrasiya olunmuş idman siyasəti hazırlamaq bacarıqlarının gücləndirilməsidir. Dördüncü istiqamət isə inkişaf maliyyələşməsi ilə dəstəklənən yüksək təsirli idman infrastrukturu və insan kapitalı layihələri üzrə layihə zəncirinin formalaşdırılmasıdır", - o bildirib.

Sabiq prezident çıxışında vurğulayıb ki, idmanın şəhər siyasətinə və planlaşdırmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir, təhlükəsiz və inklüziv ictimai məkanların formalaşmasına töhfə verir, icma həmrəyliyi artırır: "Eyni zamanda, bu yanaşma yerli bizneslərə fayda verir, gənclərin prosesə cəlb olunmasını artırır və iqtisadi fəallığı gücləndirir. İdman aktiv hərəkətliliyi təşviq edir, yaşıllıq zonalarından istifadəni artırır və çoxfunksiyalı icma məkanlarının yaranmasına şərait yaradır".

O həmçinin qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin Qaçqınlar Fondu tərəfindən hazırlanan "Şəhərlər: İdman və İnklüzivlik" siyasətinə əsasən, idman köçkün icmaların şəhər mühitinə inteqrasiyasında da mühüm vasitədir.

O, çıxışının sonunda vurğulayıb ki, hazırkı dövrdə birləşmək və əməkdaşlığı gücləndirmək xüsusilə vacibdir.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.