Media urban inkişafı texniki mövzudan çıxarıb insan mərkəzli dialoqa çevirən əsas hərəkətverici qüvvədir - Şəfəq Mehrəliyeva
İdarəetmə təsisatları öz vəzifələrini nə qədər səmərəli yerinə yetirməyə çalışsalar da, məskunlaşma və şəhərsalma dayanıqlılığı məsələlərindəki çağırışları birtərəfli şəkildə, ictimai iştirak və ictimai etimad olmadan effektiv ünvanlaya bilməzlər. Bu iki element isə - iştirak və etimad - kommunikasiya olmadan mövcud ola bilməz.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru Şəfəq Mehrəliyeva WUF13 çərçivəsində keçirilən "Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi" mövzusunda tədbirdə deyib.
Ş.Mehrəliyeva bildirib ki, kommunikasiya sadəcə urban siyasətə əlavə bir element deyil, dayanıqlılıq infrastrukturunun vacib hissəsi kimi qiymətləndirilməlidir.
Müşahidə Şurasının üzvü vurğulayıb ki, Qarabağın yenidən qurulması və məskunlaşdırılması prosesi Azərbaycan üçün xüsusi nümunədir və beynəlxalq qonaqların buradan götürə biləcəyi ən yaxşı dərslərdən biridir.
"Təxminən bir milyon insan 30 il ərzində məcburi köçkün vəziyyətində olub. Bu gün biz öz azad edilmiş ərazilərimizə qayıdırıq və hər bir gerin dönən insanın doğma məkana 30 il əvvəlki xatirələrinə əsasən öz gözləntiləri var. Məsələn, bu gün Ağdama qayıdan insanlar tamamilə fərqli, daha müasir və dayanıqlı bir mənzərə ilə qarşılaşırlar. Və mən bu məqamda Azərbaycan mediasını təqdir etmək oistərdim, çünki onlar ictimaiyyətə qarşılaşdıqları mənzərənin niyə məhz bu cür olduğu, Qarabağın gələcəyinin necə olacağını çox peşəkar şəkildə izah edirlər.
"Ağdam və mən" kimi media layihələr vasitəsilə doğma torpaqlarına qayıdan icmalar addım-addım bu prosesə hazırlanır. Onlara izah olunur ki, geri qayıdacaqları mühit gələcəyə yönəlmiş bir mühit olacaq. Bu isə onların dayanıqlılıq hissini gücləndirir.
Bu nümunə onu sübut edir ki, məlumatlandırma və kommunikasiya urban planlaşdırma proseslərinin sonunda deyil, lap əvvəlindən düzgün qururlmalıdır. Çox vaxt məlumat yalnız qərarlar verildikdən sonra ictimaiyyətə təqdim olunur. Bu, qlobal bir problemdir".
Mənzil siyasəti və planlaşdırma sənədlərdə mövcud ola bilər, amma əgər icmalar bunun onların həyatına necə təsir etdiyini anlamırsa, prosesin iştirakçısına çevrilmirlərsə, ən yaxşı hazırlanan siyasət belə tətbiqdə effektivliyini itirə bilər.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре