"Türkiyəni bizim günümüzə salmaq istəyirlər"

Day.Az представляет новость на азербайджанском языке

"Terror aktının sadəcə, partlayış və ya atışma, insan tələfatı və faciə olduğunu düşünməyin. Biz əvvəllər elə düşünürdük. Amma sonra anladıq ki, belə deyil. Terror aktlarının başlıca məqsədi ölkəyə zərbə vurmaqdır. Bizə o zərbəni vurdular. Çox ağır zərbə oldu. İndi Türkiyəni hədəfə alıblar".

Misirli iş adamı, ölkənin ən məşhur kurortu sayılan Şarm əl Şeyxdə onlarla dükanı olan Qamel Əhməd Milli.Az-a açıqlamasında belə dedi.

Onun sözlərinə görə, İstanbulun Atatürk hava limanındakı terror aktının arxasında "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının durduğuna şübhə etmir.

41 yaşlı Qamel İŞİD-ə "DAİŞ" deyir. DAİŞ bizim İŞİD adlandırdığımız terror qruplaşmasının ərəb dilindəki abbreviaturasıdır. Ərəbcə "Əd Daula əl İslamiya fil İrak vəş Şam" adlanan bu terror təşkilatının DAİŞ adının digər mənası da var: belə ki, "əd daiş" ərəb dilində "qurumuş at təzəyi"dir.

Ərəblər arasında İŞİD-ə nifrət edənlər də DAİŞ deyərkən terrorçuları "at təzəyi" adlandırırlar.
Qamel də İŞİD-in düşməni olduğunu söyləyir. Dediyinə görə, Misirin turizm sektorunun indiki böhranında, kurortların faktiki olaraq boş qalmasında, dünyanın bir sıra dövlətlərinin aviaşirkətlərinə Şarm əl Şeyx və Hurqada kurortlarına uçuşları yasaqlamasında İŞİD bilavasitə suçludur.

Britaniyalı ekspertlər dedilər ki...

İstanbuldakı Atatürk hava limanında törədilmiş terror aktının başlıca hədəfi Türkiyənin turizm sektoru olub.
Britaniyanın antiterror məsələləri üzrə ekspertlərinin fikrincə, "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçuları Türkiyədə belə qanlı terakt törətməklə ölkəyə gələn turistlərin sayının azalmasına çalışırlar.

Turizm sektoru Türkiyə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil etdiyindən teraktlar vasitəsilə turist axınını azaltmağı hədəfləyən İŞİD ağır maliyyə və iqtisadi böhranla üzləşəcək ölkədə yoxsulların, işsizlərin sayının artmasını, sonra həmin adamların İŞİD-ə qoşulmasını istəyir.
Eyni ssenari Misirdə və Tunisdə sınanıb.

İŞİD vurnuxur

İstanbuldakı hava limanına hücum edən terrorçuların, islamçı ekstremistlərin fəaliyyət ssenariləri indiyədək ərəb ölkələrində "yoxlanmış" variantın yeni izharı idi.
Terrorçular xarici ölkələrdən müsəlman dövlətlərinə turizm axınının qarşısını almaq, turistlərin sayını minimuma endirmək istəyirlər.
Atatürk hava limanındakı terakta görə məsuliyyəti boynuna almış İŞİD belə teraktlar vasitəsilə potensial turistlərin canına xof salmaq, onları qorxutmaq, Türkiyə də daxil olmaqla müsəlman ölkələrinə turizm səfərlərinə yollanmaq fikrindən döndərməkdir.
İŞİD rəhbərliyi, məşum terror aktlarını planlaşdıran və hazırlayan "beyin"lər teraktlar törətməklə günahsız insanları öldürmək, şikəst etməyi başlıca məqsəd saymırlar. Onlar Misir və Tunislə yanaşı, Türkiyəyə istirahətə, səyahətə və ya gəzintiyə getmək istəyənləri "yaxşıca düşünməyə" vadar etmək istəyirlər.

İŞİD üçün belə qorxu və təlaş Şimali Afrika, Cənubi Avropa və Yaxın Şərqdəki ekspansiya planları üçün müstəsna əhəmiyyət kəsb edir.
Çünki terrorçular üçün Misir, Tunis təki, Türkiyənin də hədəf seçilməsi bu dövlətlərin turizm sektorunu ağır böhrana sövq etməklə işsizlərin, ümidsizlərin sayını artırmaq, beləcə, potensial "rekrut"larının sayını artırmaq məqsədi güdür.
Suriya və İraqda beynəlxalq antiterror koalisiyasının zərbələri nəticəsində ağır itkilər verən, Fəlluca və Rəmadi kimi strateji əhəmiyyət daşıyan şəhərləri tərk etmək məcburiyyətində qalan İŞİD-in faktiki paytaxtı olan Rəqqa şəhərinin azad edilməsi də artıq yaxın perspektivin məsələsidir.

Suriya ilə İraqda neft yataqlarını ələ keçirəndən sonra "qara qızıl" satışından hər gün milyonlarla dollar qazanan İŞİD dünya bazarlarında neftin ucuzlaşması nəticəsində bu gəlir mənbəyini də praktiki baxımdan itirmiş durumdadır.
Maliyyə imkanları xeyli azalan İŞİD-in digər problemi bu terror təşkilatına qoşulmaq istəyən "könüllülər"in sayının azalmasıdır.
Ötən ilin əvvəllərinədək İŞİD-də sıravi terrorçuların orta aylıq maaşları 450-620 dollar idisə, indi bu rəqəm 50 dollaradək azalıb.

Suriya və İraqdakı döyüşlər nəticəsində geri çəkilən İŞİD artıq "İslam Xilafəti" idefiksinin stabil daşıyıcısı imicini də itirir.
Ötən ilin əvvəllərinədək ələ keçirdiyi, nəzarətdə saxladığı əraziləri fasiləsiz artıran İŞİD bisavad, lümpen düşüncəli müsəlmanların nəzərində "qüdrətli İslam Xilafəti" obrazına malikdisə, indi fasiləsiz uduzan, geri çəkilən, məğlubiyyətləri sıralayan adi terror təşkilatına çevrilib.

Və əgər İŞİD-ə əvvəllər könüllü qatılanlar "Xilfətə hicrət" adı ilə İraq və Suriyaya yollanırdılarsa, indi ağır zərbələr alan terror təşkilatına qatılmaq istəyən, hər an ölüm təhlükəsi ilə üzbəüz qalıb bombardmanda, atışmada və ya snayper atəşində ölmək riskinin müqabilində ayda 50 dollar almaq istəyənlərin sayı çox deyil.
İŞİD-i qəzəbləndirən, vurnuxduran da budur.

Planlaşdırılmış aksiya idi

Atatürk hava limanındakı terror aktı yaxşı planlaşdırılmış aksiya idi. Türkiyədə antiterror məsələləri üzrə tanınmış ekspertlərdən sayılan Ege Seçkinin sözlərinə görə, İstanbuldakı teraktın vaxtı və yerinin seçimi təsadüf deyildi.
"İŞİD bu qanlı terror aktını məhz indi, iyun ayının sonlarında törətdi. Çünki bu vaxt Türkiyə ilə yanaşı, turizm sektorunun inkişaf etdiyi bütün ölkələrdə turist axınının daha çox olduğu vaxtdır. İŞİD də Türkiyənin turizm biznesini hədəfə alaraq teraktı törətdi", - E.Seçkin söyləyir.

Bu ilin yanvarında İstanbulda tarixi Sultanahmet meydanındakı terror aktında 11 alman turistin, mart ayında şəhərin İstiklal küçəsindəki teraktda isə  3 israilli və 1 iranlı turistin həlak olduğunu xatırladan E.Seçkin bu aksiyaları hazırlayaraq reallaşdıran İŞİD-in Türkiyədən qisas almaqla yanaşı, ölkə iqtisadiyyatını çox ağır böhrana sürükləmək fikrində olduğunu bildirib.
İstanbulda yaşayan və beynəlxalq biznes-konsaltinq şirkətində çalışan Allen Kollinsuort da bu fikirdədir.

"Bizdə olan məlumatlara görə, 2,5 milyon nəfərdən artıq britaniyalı bu ilin sonunadək Türkiyə kurortlarında istirahət etməyi planlaşdırırdı. Amma indi həmin rəqəmə yenidən baxmaq gərəkdir, çünki o britaniyalıların əksəriyyəti Atatürk hava limanındakı teraktdan sonra fikirlərini dəyişərək istirahət üçün başqa ölkəni, "daha təhlükəsiz məkanı" seçmək fikrindədir. Türkiyə kurortlarında istirahət edən turistlərin sayı azalıb və bu proses daha da güclənə bilər", - A.Kollinsuort söylədi.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, may ayında ölkəyə 2,48 milyon turist gəlib. Bu isə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,6 faiz azdır.

Əvvəl Tunis, sonra Misir və Türkiyə

Ötən ilin iyun ayında Tunisin dünyaca məşhur Sus kurortunda, çimərlikdə İŞİD terrorçuları turistlərə hücum etmişdilər. Gülləbaranda 39 nəfər həlak olmuşdu ki, onların 30-u Britaniya vətəndaşları idi.

Həmin qanlı aksiyadan sonra Britaniya XİN-i ölkə vətəndaşlarına Tunisə istirahətə getməməyi məsləhət bildi. Sonucda ilin əvvəlindən bəri Tunisdə dincəlmiş britaniyalı turistlərin sayı 2014-cü illə müqayisədə 90 faiz azalıb.
Tunisin turizm sektoru sanki uçurumun dibindədir. Ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsi olan bu sahəni böhrandan çıxarmaq üçün hakimiyyət dairələri ən radikal addımlara əl atırlar.

Qonşu Əlcəzairdə islamçı terrorçular aktivləşib, digər qonşu Liviya isə parçalanmış, xaosa sürüklənmiş vəziyyətdədir. İş o yerə çatıb ki, Tunisin Liviya ilə sərhədində 200 kilometr uzunluğunda hasar da inşa edib.

"Ölkədə işsizlik artır. Nə edəcəyimizi bilmirik. Turistlər azaldığından otellər, çimərliklər boş qalıb. Kurort zonalarında çalışanlar işsiz qalıbsa, ailəsini dolandırmaq məcburiyyətindədirsə, nə etməlidir? Bütün bunlar İŞİD-ə sərf edir. Təsadüfi deyil ki, terrorçular məhz turizm sektorunu hədəfə alıblar", - Tunisin Monastir kurortundakı otellərdən birinin sahibi Yasin Abdulla danışır.

Tunisə ilin əvvəlindən bəri yönəlmiş turistlərin sayında azalma artıq 25 faizə çatıb. Bu da ölkə iqtisadiyyatının ümumi inkişaf tempini 0,8 faizə salıb.
Halbuki 2014-cü ildə həmin rəqəm 2,3 faizə bərabərdi.

"İşçiləri evə yollayırıq. Nə edək?!"

Misirdə də turizm biznesi çox ağır vəziyyətdədir.
Ötən ilin oktyabrın 31-də Rusiyanın "MetroJet" aviaşirkətinin 9268 saylı reysi ilə uçan Airbus sərnişin təyyarəsi Sinay yarımadasının səmasında partlayandan sonra Şarm əl Şeyx kurortuna turist axını səngiyib.
"Bataqlıqdayıq. 500 işçimizi öz hesabına məzuniyyətə yollamışıq. Nə edək?! Vəziyyət ağırdır, çox ağır. Turistləri az qala barmaqla saymaq olar", - Şarm əl Şeyxdəki "Sentido Reef Oasis Senses Aqua Park Resort" otelinin meneceri Səid Məhəmməd Milli.Az-a bildirdi.

Onun sözlərinrə görə, terrorçular Rusiyanın sərnişin təyyarəsi ilə yanaşı, Şarm əl Şeyxdəki turizm biznesini "partlatdılar".
Hazırda Şarm əl Şeyx kurortundakı istisnasız olaraq bütün otellər qiymətləri aşağı salıblar. Ucuzlaşma 28 faizdən başlayır, bəzi otellərdə hətta 70 faizə çatır.
Bu kurortda 100-dən artıq otel bağlanıb.

"Şarm əl Şeyx ölmüş vəziyyətdədir. Şəhərin ən gur, vaxtilə turistlərin əlindən tərpənməyin mümkün olmadığı "Soho" və "Nəama Bey" küçələri bomboşdur. Dükanları da yalnız işi dayandırmamaq üçün bağlamırıq. Elə dükanlar var ki, səhərdən bəri heç "siftə" etməyiblər", - Şarm əl Şeyx sakini, iş adamı Nadi Abdulla söylədi.
Onun sözlərinə görə, turistlərin sayında 90 faizə çatan azalma var.
... Ərəb iş adamları söyləyirlər ki, Tunis və Misirdən sonra İŞİD növbəti hədəf qismində Türkiyəni seçib.
"Türkiyəni də bizim günümüzə salmaq istəyirlər", - Nadi deyir.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.