Hövsan soğanının sirri nədədir?

Day.Az представляет новость на азербайджанском языке.

Hövsan qəsəbəsi bir çox məsulları ilə məşhurdur.

Amma bu gün də bakılıların dillər əzbəri olan Hövsan soğanı haqda az eşidilir. Bu soğanın Bakıda bir vaxtlar bu qədər məşhur olması olduqca maraqlıdır. Bəziləri bunun səbəbini, bu soğanın orqanizmə gizli faydası ilə izah edir, bəziləri isə satışda az olması ilə.

81 yaşlı həmsöhbətim Rahelya Məmmədova Bakuinfo.Az-ın əməkdaşı ilə söhbəti zamanı bu soğanın sirlərini açıqladı:

"Hövsan soğanını Bakıda Şarlot soğanı da adlandırırlar. Hövsan soğanını hər yerdə yetişdirmək olur. Hətta Almaniyada belə, o soğan bitir. Lakin Hövsanda bitən soğan başqa cür olur. Onun dadına heç nə çata bilməz. Bakıda həmişə hövsan soğanı olurdu. Lakin Bolqariyadan bu gün istifadə etdiyimiz soğanları gətirdikdən sonra Hövsan soğanını artıq heç kim yetişdirmək istəmədi. Çünki əkinçilər xeyir almaqdansa, ziyana düşürdülər. Həm də bu soğan növü balaca olur, ona görə də alan olmur.
 

Hövsan soğanı çox acı olur. Uzunsov bir formaya malikdir. Onu adətən salatda istifadə edirlər. Sovet dövründə Hövsan soğanı süfrələrdən əskik olmazdı. Amma sonra onu ancaq bazarda görmək olur. Özü də bu soğan adi soğanlardan bahadır: kilosu 3 manata olur. Amma olduqca xeyirli soğandır.
 

Mən özüm Hövsanda böyümüşəm. Gözümü açandan o soğanı tanıyıram", - Rahelya Məmmədova dedi.
 

Həmsöhbətimin sözlərinə görə, bu soğan qan dövranına xeyirlidir. Və qocalmağın qarşısnı alır.
 

"O vaxtı yaddaşı yaxşı olmayanlara Hövsan soğanı məsləhət görürdülər. Deyirdilər ki, bu soğan yaddaşı gücləndirir", - R.Məmmədova deyir.
 

Qəribə olsa da, hövsanlıların sözlərinə görə, Hövsan soğanı başqa yerlərdə, eləcə də Abşeronun digər kəndlərində formasını dəyişir, Hövsanda becərilən soğana nisbətən qidalılıq keyfiyyətlərini müəyyən qədər itirir.
 

Hövsan soğanının qeyri-adi tarixçəsi var. Məlumata əsasə, orta əsrlərdə yerli şeyxlərdən biri Məkkə ziyarətindən qayıdarkən orada uzunsov soğan görür və bu soğanın başqa soğanlara nisbət 2-3 dəfə baha qiymətə satılmasının səbəbi ilə maraqlanır. Öyrənir ki, bu soğan dadına və digər keyfiyyətlərinə görə adi soğanlardan qat-qat üstündür. Həmin soğanın toxumundan alıb gətirir və bir neçə il bu soğanın toxumunun artırılması ilə məşğul olur. Bakıətrafı kəndlərdən bir neçəsində peşəkar tərəvəzçilər hesab olunan tanışlarına həmin toxumdan az-az paylayır. Əlavə edir ki, bu soğan toxumunu Həcc ziyarətindən qayıdarkən müqəddəs Məkkədən gətirib və dostlarına paylamaqda əsas məqsədi Abşeron üçün bu yeni soğan növünün geniş yayılmasına nail olmaqdır. İlk illər həmin soğana Şıxverdi (yəni, Şeyx verdi) soğanı deyirlərmiş. Abşeronun digər kəndlərində əkilib-becərilsə də, məlum olur ki, həmin soğan öz ilkin formasını və qidalılıq keyfiyyətlərini yalnız Hövsan torpağında tam bərpa edir.

O zamandan bəri hımin soğan növü Hövsan soğanı adı ilə məşhurlaşır...

/Bakuinfo.Az/