Azərbaycanlı rejissor: "Bizim serialların büdcəsi çox azdır" Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az "Aktrisa" filminin, "Pərvanələrin rəqsi", "Sonuncu fəsil" seriallarının rejissoru Rövşən İsaxın publika.az-a müsahibəsini təqdim edir.

- Rövşən müəllim, yeni iş mövsümü başlamaq üzrədir. Hansı yenilikləriniz var?

- Bu mövsümdə heç bir serialla, filmlə efirdə olmayacağam. Həmişə tələskənliklə görülən işin əleyhinə olmuşam. Bu dəfə belə bir işə qol qoydum və yaxşı alınmadı. "Pərvanələrin rəqsi" serialında, "Aktrisa" filmində olduğu kimi, tam hazırlaşıb, götür-qoy elədikdən, ürəyim istədiyi aktyoru, aktrisanı tapdıqdan sonra başlayacağam.

- Ürəyinizcə olmayan serial deyəndə "Sonuncu fəsil"i nəzərə tutursunuz?

- Bəli, "Sonuncu fəsil" ürəyimcə olmadı. Çünki tələsdim.

- Səbəb nə idi?

- Onun obyektiv və subyektiv səbəbləri var. Vaxt böyük amildir. ATV kanalının rəhbərliyi dedi ki, siz peşəkarsınız, nə qədər zəif çəksəniz də, digər seriallardan üstün alınır. Mən ötən il yayda gözümü əməliyyat etdirdim, səhhətim yaxşı deyildi, müəyyən proseslərdə iştirak edə bilmədim, kastinq qaçaraq oldu. Ona görə də nəticə istədiyim kimi alınmadı.

- Sizcə, hansı rollara aktyorlar səhv seçilmişdi?

-Yox, heç vaxt aktyoruma qarşı hörmətsizlik etmərəm. Mənim tələsib-tələsmədiyimin orda çəkilən aktyorlara, aktrisalara dəxli yoxdur. Bu, mənim problemimdir.

- Belə fikirlər var ki, sizin daimi işlədiyiniz bir neçə aktyor var. Məsələn, Ramiz Novruz, İlqar Cahangir...

- Həmişə demək düzgün deyil. "Pərvanələrin rəqsi"ndən sonra ikinci seriala başlamışıq. Amma bu dəfə hamını başqa ampluada çəkdim. Məsələn, ilk serialımızda İlqar Cahangir mənfi obrazı gözəl oynamışdı deyə, onu ikinci serialda da mənfi rol vermədim. Yəni "xaltura" eləmədim.

- İlqar Cahangirin əlliyə yaxın yaşı var. Amma "Sonuncu fəsil" serialında o, subay cavan oğlanı - Altayı oynayırdı. Bu, uğursuz addım deyildimi?

- Xeyr. Orada deyilir ki, o qız məktəbə gedəndə Altay əsgərlikdən qayıtmışdı.

- İstənilən halda uyğunsuzluq vardı. Bu, mənim şəxsi fikrimdir.

- Halal haqqınızdır və bunu səmimi qəbul edirəm. Sadəcə, orada qızı Altaya vermək istəməmələrinin iki səbəbi vardı. Birincisi - yaş, ikincisi - Altayın anasının gürcü olması...

- "Pərvanələrin rəqsi" həm tamaşaçılar, həm də tənqidçilər tərəfindən yaxşı qarşılandı. Düşünmürsünüzmü ki, "Sonuncu fəsil" ilk serialdakı uğurunuza da kölgə saldı?

-"Sonucu fəsil" ümumilikdə zəif deyildi. Amma "Pərvanələrin rəqsi" ilə müqayisədə istədiyim kimi alınmadı. Burada da aktyorlar bir dəfə də olsun yalançı pafosa yol vermədilər. Sadəcə süjet xətti ləng inkişaf etdi. "Pərvanələrin rəqsi" efirə çıxanda 18 seriya tam hazır idi, əlavə 10 seriya da çəkilmişdi. 36 seriyanın isə ssenarisi əlimizdəydi. Pərvanə Qurbanovanı, Elxan Abbasovu Gəncə Dram Teatrından dəvət elədim və yaxşı mənada Azərbaycan rejissorlarının beyninə bir virus saldım ki, əyalətdən də aktyor çağırmaq olar. Paytaxt teatrlarında aktyorlar var idi ki, heç vaxt heç yerə çağırılmamışdılar. Çəkildilər və çox da yaxşı alındı. Yəni aktyorla işləməyə vaxtım olmuşdu. 6-7 səhnə montajda xoşuma gəlmədiyinə görə yenidən çəkmişdim.

- Çox qəribə bir tendensiya var. Sizin çəkdiyiniz serialların sonuna yaxın aktyorlarla pul probleminiz olur. Biri "Facebook"da yazır, biri mətbuatda bəyanat verir. Əvvəldən necə danışırsınız ki, axırda narazılıq yaranır?

- Hansı aktyor məndən pula görə narazılıq edib? Bütün aktyorlarla halallaşıb, öpüşüb- görüşüb ayrılmışıq.

- Məsələn, Mətanət Eres ilk serialınızdan narazı qalmışdı. İkinci serialdan da narazı olanlar var idi...

- Mətanət Eres ondan tutulan əlavə dəyər vergisinə narazılıq edərək demişdi ki, guya onu aldadıblar. Pulun azlığından bütün aktyorlar şikayət edə bilər. Kiməsə 5 manat söz verib, sonda 3 manat verməmişəm.

- İşə başlayanda aktyorlarla rəsmi müqavilə imzalayırsınız?

- Siz Vergilər Nazirliyinin işçisi deyilsiniz.

- Amma hər halda, maraqlıdır.

- Mən çoxdandır müsahibə vermirəm deyə yadımdan çıxıb. Həmişə məndən müsahibə almaq istəyən adama deyirəm ki, maliyyə söhbəti eləməyin. Əsəbiləşdim e... Bizim serialların büdcəsi çox azdır. Türkiyədə çəkilən serialın bir seriyasına ayrılan pulla biz bir sezon iş görürük. Nəticədə, tamaşaçı bizdən türk serialı ilə başabaş iş tələb edir. Tamaşaçını qınamıram. Onun üçün keyfiyyətli serial olsun. Onu maraqlandırmır ki, hansı serial neçəyə çəkilir. Bir dəfə bir qız məndən müsahibə alırdı. Müsahibə üçün mobil telefonla şəkil çəkir. Soruşuram ki, hanı sizin fotoqraf? Deyir ki, maliyyə çatmır. Bəs eyni şey də bizdədir də. Rusiyada, Türkiyədə çəkiliş meydançasında quruluşçu rejissordan savayı 40 nəfər adam olur. Biri kostyumu ütüləyir, biri geyindirir... O ki qaldı hansısa aktyorun mənim haqqımda nəsə deməsinə, belə şeyə rast gəlməmişəm.

- Növbəti mövsüm üçün hansısa serial planı var?

- Bu mövsüm çəkəcəyəm, amma gələn mövsüm yayımlayacağam. İşimi tələsmədən görəcəyəm.

- Əvvəlki seriallarda çəkdiyiniz aktyor, aktrisalardan kimlər olacaq?

- Hələ biz ssenarini yazmaqla məşğuluq. Konkret ad çəkə bilmərəm. Amma çalışacağam ki, bu dəfə çəkəcəyim insanların hamısı yeni sima olsun.

- Ssenarini özünüz yazırsınız?

- Mən, Vüqar Əmirov və başqa iki nəfər də olacaq. Bizim yazarların 90 faizi dialoq yaza bilmirlər, kitab cümlələri yazırlar. 40 yaşlı adam 15 yaşlı uşaq kimi danışır.

- Yaxşı məqama gəldik. Sizin serialların bəzi epizodlarında məişət üslubuna həddən artıq yer verilir. Məslən, kişi qadına deyir ki, az, filan şey filan oldu....

- Necə desin? Xarakterdən çıxış edərək "az" da deyə bilər, "ə" də, "alə" də. Bu, obrazın xarakterindən asılıdır. Obraz söyüşcül də ola bilər.

- Sonuncu serialdakı Faxı obrazı söyüşcül idi

- Çox da normaldır. Beş manat pul qazanmaqdan ötrü qardaşının həyatıyla oynayan adam nə cür desəniz danışa bilər. "Aktrisa" filmində dialoqları özüm işləmişəm. Ssenari müəllifi İlqar Fəhmi idi. Onu bədii film halına gətirmək üçün dialoqları təzədən söküb yığdıq və oxusanız görərsiniz ki, filmlə povestin arasında böyük fərq var.

- Bunu ona görə edirsiniz ki, tamaşaçı hadisəni daha yaxşı başa düşsün?

- Xeyr. Bu məqamda bu adam belə danışa bilər. Dialoqları yazanda xəyalən aktyorların əvəzindən oynayıb yazıram. Hər iki serialda yazdığım obrazların prototipini həyatda tanıyıram.

- Bizim serialların zəif alınmağının yeganə səbəbi puldur?

- Xeyr. Ad çəkməyəcəyəm, amma siz də, tamaşaçıların böyük əksəriyyəti də indi deyəcəklərimi yaxşı bilir. Bizdə elə adamlar serial çəkir ki, rejissoruluğun"r" hərfindən xəbərləri yoxdur. Onlara Türkiyədə çəkilən hansısa bahalı serialın pulunu da versən, alınmayacaq. Yəni səbəb təkcə maliyyə deyil.

- Başqa səbəb nədir?

- Əvvəla, təhsil olmalıdır. İkincisi, seriallarda elə şeylərə rast gəlirəm ki, ətim tökülür. Azərbaycan tamaşaçısını Azərbaycan serialından iyrəndiririk.

- Ətinizi tökən nədir, hansı məqamdır?

- Süni danışıq, teatral oyun. Qaş gözünü bərəldə-bərəldə oynayır, guya mənfi obrazdadır. Qeyri-real süjetlər çəkmək də gülməlidr. Mən kiminsə maşınını qumbaraatanla partladıram və elə bilirəm ki, kiməsə xoş gələcək. "İndeyski" dava səhnələri... Bir təpik vurur, adam beş metr kənara uçur. Baxırsan ki, bu, fakturasına uyğun gəlmir. Aazərbaycan reallığına uyğun hadisələr çəkmirlər. Mən kiminsə xətrinə dəysəm, gedib 7-8 nəfər əli tapançalı adam gətirə bilməz üstümə. Bu, Azərbaycanda mümkün deyil. Reytinq xətrinə yerli-yersiz öpüş səhnələri, dramaturgiyadan xəbəri olmayan adamın oturub ssenari yazmağı.... Mən ən primitiv şeylərdən danışıram.

- Bizdə adətən kriminal xarakterli serialları Kənan Mahmudov, Samir Qulamov çəkir. Öpüş səhnəsinə isə İntiqam Hacılının "Qız yükü" serialında rast gəlmişdik. İradlarınızın bu üç rejissordan hansısa daha çox aidiyyatı var?

- Siz intriqa axtarısnız?

- Qətiyyən.

- Sizi Azərbaycan serialının taleyi maraqlıdır? Ad çəkməyin nə dəxli var? Kənan Mahmudov Eldar Quliyevin tələbəsi olub, kinorejissorluq fakültəsini bitirib. Onun haqqında deyə biləcəyim bunlardır. Niyə oturub onun serialı haqqında, yaxud İntiqam Hacılının işi barədə müzakirə açmalıyam? Elə seriallar var, heç adını da bilmirəm. Dedi-qodu eləmək istəsəm, başqa serialda çəkilən aktyorların gəlib mənə dediklərini deyərəm. Heç vaxt reklam dalınca qaçmamışam.

- Tənqidi də ünvanlı demək lazımdır axı.

- Mən sizdən soruşum ki, bu sualı kimdən oğurlamısınız? Bu nə dərəcədə ciddi söhbətdir? Belə şeylər nəyə lazımdır? Mən Azərbaycan serialında olan problemi deyirəm də. Bizim seriallarda yersiz vay-şüvən göstərirlər. Baxanda adamın əti tökülür. Hər şeyin bədii forması tapılmalıdır.

- Seriallarımızı tənqid elədiniz. Amma özünüzün rejissor kimi zəif cəhətinizi demədiniz.

- Özümün rejissor kimi salamat tərəfim var ki? Hamısı zəifdir də. Çalışıram ki, düzəldim.