Dörd kəndin qaytarılması Azərbaycan dövlətinin növbəti uğurudur

Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin qaytarılması ölkəmiz üçün çox əlamətdar hadisədir.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə almalıyıq ki, həmin ərazilərin mühüm strateji əhəmiyyəti var.

"Kəndlərin qaytarılması ölkəmizə imkan verir ki, təhlükəsizlik, sosial-iqtisadi məsələlərlə bağlı bizə ciddi üstünlüklər qazandıracaq. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyev və Müzəffər Ordumuzun sayəsində baş tutdu. Bu, Azərbaycan dövlətinin növbəti uğurudur. Bu fəaliyyətin davamı olaraq proseslərin digər ərazilərimizdə də aparılacağına inanırıq.

Azərbaycanın bütün beynəlxalq hüquq tələblərinə və konvensiyalara baxsaq, ölkəmiz öz hüquqi ərazisini bərpa edib. Ermənistanın havadarları və daxilindəki revanşist qüvvəllər hər hansısa formada məsələni beynəlxalq ictimaiyyətə başqa cür təqdim etməyə çalışırlar. Bu qətiyyən belə deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Daha geniş videomüsahibəni təqdim edirik: