“Almaniya almanlar üçündür”

Day.Az представляет новость на азербайджанском языке

Ötən əsrin 90-cı illərində populyar olan neofaşist şüarları bu gün də təkrarlana bilər

Avropa İttifaqı ərazisində qaçqınların sayı durmadan artır. İlin sonuna kimi onların sayının 850 min nəfərə çatacağı proqnozlaşdırılır. Bir çox ekspertlər artıq baş verənləri İkinci Dünya müharibəsindən sonra ən irimiqyaslı köçürmə, Avropanın ənənəvi həyat nizamının məhvi adlandırırlar. Gəlinən qənaət budur ki, vəziyyət belə getsə, bu, yerlilərlə gəlmələr arasında qarşıdurmalara - qanlı hadisələrə gətirib çıxara bilər. Özü də belə hadisələr Avropa ölkələrinin, konkret olaraq Almaniyanın tarixində yaşanıb. Bu gün də onların təkrarlanması ehtimalları güclüdür. Müşahidəçilər xatırladırlar ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Qərbi Avropa ölkələrində də indiki kimi köçkün axını start götürdü, lakin bu, fəlakətli həddə yüksəlmədi. Həqiqətən də, miqrasiya axınının qarşısı uğurla alınsa da, bu proses "ağrısız" başa çatmadı. Rusiya nəşrləri həmin dövrlərin ən dramatik epizodlarından birini - Almaniyada və şəxsən Angela Merkeldə dərin iz buraxmış həmin hadisələri yada salıb. O vaxt "Almaniya almanlar üçündür", "Rədd olun buradan", "Biz sizi yandıracağıq" şüarları ilə küçələrə çıxan insanlar miqrantların qaldıqları yataqxanaları yandırdılar. Polis fəaliyyətsiz qalmışdı. 1992-ci ilin avqustunda Rostokda əməlli-başlı miqrant qırğını yaşandı. Bu şəhər "soyuq müharibə" illərindən sonra çiçəklənmə dövrünü yaşayırdı. Baltik dənizinin sahilində yerləşməsi bu şəhərdə həyat səviyyəsini xeyli yüksəltmişdi. 1945-ci ildən sonra şəhərin əhalisi dörd dəfə artmışdı. Lakin Almaniyanın birləşməsindən sonra burada vəziyyət pisləşməyə doğru istiqamət götürdü. Bu da təbii ki, sosial gərginliyin artmasına və gəlmələrə qarşı nifrət hissinin güclənməsinə səbəb oldu. Və şəhərdə qeyd etdiyimiz kimi, miqrantlara qarşı sözün əsil mənasında müharibə başladı.

Ümumiyyətlə, Almaniya Federativ Respublikasına miqrant axını 1987-ci ildən artmağa başladı və 1992-ci ildə pik həddə çatdı. Təqribən 500 minə yaxın insan həmin il yaşamaq üçün müraciət etdi. Mühafizəkar siyasi qüvvələr iqtisadi miqrantların qəbuluna qarşı kampaniyaya başladılar. 1991-ci ildən irqçiliklə bağlı cinayət halları artmağa başladı. Həmin ilin sentyabrında Hoyersverd şəhərində miqrantlara qarşı aksiyalar başladı, onların evləri yandırıldı. Skinxed dəstəsi qastarbayter və miqrantlara hücum etdi. Bu aksiyalar digər şəhərləri də əhatə etdi. Yuxarıda qeyd edilən Rostok şəhərində yaşayan az sayda Vyetnam icması və qaraçılara qarşı isə qətliam həyata keçirildi. Rumıniyadan olan qaraçılara qarşı nifrət daha güclü idi. Qaraçılar olmazın natəmizlik şəraitində saxlanılırdılar. Onların iyrənc həyat tərzi sürməsindən isə yerli sakinlər zara gəlmişdilər. Məlumatlar daxil olurdu ki, vəziyyət gərginləşir. Ultrasağ millətçi qruplar yaydıqları vərəqələrdə "Rostok alman şəhəri kimi qalmalıdır" yazır və problemin tez bir zamanda həllinə çağırışlar edilirdi. Yerli iki redaksiyaya edilən anonim zəng isə aləmi bir-birinə vurdu. Həmin zəngdə bildirilirdi ki, əgər şəhər rəhbərliyi miqrantlarla bağlı problemi həll etməsə, onda əhali özü problemi həll edəcək. Hətta tarix də göstərilmişdi - avqustun 22-23-ü. Bu zəngdən sonra şəhərdə müxtəlif qruplaşmalar gəlmələrə qarşı hücumlara başladılar. Qaraçılara qarşı hücuma keçən insanlar onların yaşadıqları binanı yandırdılar. Özü də hücum edənlər təkcə neofaşistlər deyildi. Əhali də bir növ bu məsələdə onlarla həmrəy idi. Küçələrdəki satıcılar onlara fast-fud paylayır, içkilər verir, hər cür dəstək göstərirdilər. Polis də nəticədə talançılarla bacara bilmədi. Maraqlıdır ki, asayişi qorumaq üçün cəmi 30 polis əməkdaşı cəlb edilmişdi. Sonrakı gün Almaniyanın digər yerlərindən bura ultrasağ qüvvələr gəlməyə başladılar. 5 minə yaxın insan qaraçıların və digər miqrantların olduğu binaya yaxınlaşdı. "Almaniya almanlar üçündür, rədd olun buradan" şüarı səsləndirən aksiyaçılar qaraçılarla yanaşı, vyetnamlıları hədəf seçdilər. Polis onların qarşısını ala bilməkdə aciz idi. Bu zaman polis odlu silahı işə saldı. Axşama yaxın 74 polis əməkdaşı yaralandı, 130 nəfər isə saxlanıldı. İnsident sakitləşdi və şəhər polis idarəsinin rəhbəri fəaliyyətsizliyinə görə məhkəməyə çıxarıldı. Lakin ona qarşı cinayət işi 1994-cü ildə dayandırıldı. 

Ekspertlər isə bildirirdilər ki, hüquq-mühafizə orqanları talançılara qarşı passivlik nümayiş etdirmək tapşırığı almışdılar. Onların qənaətincə, bunu ona görə belə etmişdilər ki, hakimiyyət sonradan özünə sərf edən qanun qəbul etsin. Həqiqətən də belə oldu. Talan və aksiyalardan sonra Almaniya miqrasiya qanunvericiliyini sərtləşdirən qanun qəbul etdi. Başqa bir versiya. Polislər həddən artıq sərt addımlar atmaqdan çəkinirdilər. Onlar ehtiyat edirdilər ki, sonradan onların özlərini həbs edə bilərlər. Hələ də belə fikir var ki, polislər talançılara və sağ qüvvələrə rəğbət bəsləyiblər. Maraqlısı odur ki, ksenofobiya tərəfdarlarını sakitləşdirmək üçün Rostok şəhərinə şəxsən Angela Merkel təşrif buyurmuşdu. O zaman o, gənclər və qadın məsələləri üzrə nazir vəzifəsində çalışırdı.

Beləliklə, həmin hadisələrin bu gün də təkrarlanması ehtimalı günbəgün artır. Almaniya miqrantların cəlb olunması ilə bağlı proqram elan etsə də, əhali buna qarşıdır. Elə keçirilən rəy sorğularının nəticələri də bunu deməyə əsas verir. Eləcə də Almaniyada neofaşist təşkilatlarının xeyli fəallaşdığı vurğulanır. BMT-nin İnsan haqları komitəsində bu yaxınlarda baş tutan müzakirələrdə də bununla bağlı narahatçılıq səslənib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

kaspi.az