Müştərinin yeməyini yolda yediyinə görə işdən qovulan kuryerə rəğbət bildirilir

Day.Az представляет новость на азербайджанском языке

Hindistanda sifarişli yeməklər daşıyan kuryer müştəriyə yemək apararkən həmin yeməyin bir hissəsini yediyinə görə işdən çıxarılıb.

Bu hadisə Hindistanda kuryer xidmətinin vəziyyəti barədə diskussiyalar doğurub.

Hindistanın cənubundakı Maduray şəhərində çəkilmiş videoda görünür ki, üzərində populyar Zomato yemək sifarişi şirkətinin maykası olan kuryer yemək qutusunu açıb oradan yeyir, sonra isə qutunu bağlayaraq yenidən paketin içinə yerləşdirir.

Bu video minlərlə izləyici cəlb edib.

İlk əvvəl video ikrah, qəzəb hissi və lağa qoymaqla qarşılanıb.

Hindistanın ən iri yemək sifarişlərini yerinə yetirən Zomato şirkəti sosial mediada bu hadisəyə verilən reaksiyadan sonra bəyanat verərək, belə hallara "çox ciddi" yanaşdığını qeyd edib.

Şirkət həmin işçinin işdən kənarlaşdırıldığını bildirib.

Lakin kuryerin işdən çıxarılması xəbərindən sonra sosial şəbəkələrdəki müzakirələrin tonunda həmin işçiyə rəğbət hiss olunmağa başlanıb.

Çoxları kuryerlərin uzun iş günü ilə ağır şəraitlərinə və aşağı maaşlarına diqqət yetiriblər.

BBC-nin söhbətləşdiyi kuryer işində işləyən bəzi insanlar oxşar gileylərini dilə gətiriblər.

"Əvvəllər hər bir sifarişin çatdırılmasına görə 60 rupi [85 cent] verirdilər. Sonra salındı 40 rupiyə. Buna baxmayaraq işləyirdim, çünki uşaqlarımı oxutmalıyam. İndi isə şirkət sifariş çatdırmaq tarifini 30 rupiyə salmaq istəyir. Bəs mənim xərclərim necə olsun? Benzin - xərcdir, uşaqlarıma baxmalıyam. Mən nə etməliyəm?" - adının çəkilməsini istəməyən kuryerlərdən biri BBC-ə bildirib.

Mobil tətbiq vasitəsilə yemək sifarişi Hindistanda nisbətən yeni biznesdir, lakin qısa zaman ərzində bu sahə sürətlə inkişaf edib.

Yeməkdən başqa mobil tətbiqlər vasitəsilə bazarlıq və hətta mebel alanların sayı artmaqdadır.

Amazon və Walmart-a məxsus Flipkart kimi nəhəng şirkətlər üçün on minlərlə kuryer işləyir.

Hindistanda işçi qüvvəsi kütləsində hər il 6-8 milyon artım olur, işçilər cüzi olsa qazanc əldə etmək üçün ağır şəraitli işlərə hazır olurlar.

Zomato bildirib ki, Hindistanda 150 minədək kuryer işlədir. Daha bir yemək sifarişi şirkəti - Swiggy-də işləyən kuryerlərin sayı 100 minə çatır.

Zomato Hindistanda hər ay 21 milyon yemək sifarişi qəbul etdiyini bildirib.

Swiggy və Zomato kuryerləri iş yükünün həddən artıq ağır olduğunu inkar edirlər.

"Bütün kuryerlər müstəqildilər, istədikləri vaxt onlayn rejimindən çıxıb yenidən qayıda bilərlər. Bu müddət bir neçə saat, bir neçə gün və ay çəkə bilər. Onlara bildirilib ki, istədikləri vaxt istirahət götürə bilərlər", - Zomato nümayəndəsi BBC-ə bildirib.

Hər iki şirkət kuryer işçilərin sığortalandığını qeyd edib.

Deepak adlı bir kuryer BBC-ə bildirib ki, istirahət götürdüyünə görə heç zaman cərimə olunmayıb, lakin qeyd edib ki, kuryerlərin sayının artmasına görə həmişəki qazancı əldə etmək çətinləşib.

Həmin şəxs Zomato kuryerini müştərinin yeməyini yediyinə görə qınayıb:

"O, bunu etməməli idi. Kimsə sizə üstündən yeyilmiş yeməyi versə onu yeyərsiniz?"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.