ABŞ-da nəsli kəsilməkdə olan meymun balası doğulub

ABŞ-ın Luiziana ştatının Nyu Orlean zooparkında nəsli kəsilməkdə olan Sumatra oranqutanq balası dünyaya gəlib.

Day.Az APA-ya istinadən bildirir ki, meymun balasının anası Menari əkizlər dünyaya gətirməli idi, lakin onlardan biri onun bətnində ölüb. Zooparkda bildiriblər ki, oranqutanqların nadir hallarda əkizləri olur, bu da təbii olaraq yüksək risklə əlaqələndirilir.

"Oranqutanq hamiləliyi, xüsusilə ilk dəfə doğan meymunlar üçün bir çox risklə qaynaqlanır", - deyə zooparkın baş baytarı Bob Maklin bildirib.

O izah edib ki, meymun balası problemsiz doğulub. Sonra Menari təkbaşına ikinci övladı dünyaya gətirməyə çalışsa da, buna müvəffəq olmayıb, bundan sonra mütəxəssislər ona kömək etməyə başlayıblar. Menari narkoz edildikdən sonra baytarlar ikinci balanın artıq öldüyünü müəyyən ediblər.

Xatırladaq ki, hazırda təbiətdə 14 mindən az Sumatra oranqutanqı yaşayır və onların sayı azalmaqda davam edir.