Azərbaycan və Ermənistan arasında birbaşa dialoq sülhə nail olmaq üçün əsas amildir

Azərbaycan və Ermənistan arasında birbaşa dialoq sülhə nail olmaq üçün əsas amildir.

Day.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bu gün keçirdiyi brifinqdə deyib.

"ABŞ danışıqlara təşviq etmək üçün bu həftə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etməkdən məmnundur. Çunki onlar Cənubi Qafqaz regionunda dinc gələcəyi təmin etmək üçün birlikdə çalışırlar. Katib Blinken xarici işlər nazirlərini salamlamaqdan və bu səhər Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində keçirilən açılış plenar iclasında iştirak etməkdən şərəf duydu. Dövlət katibi hesab edir ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz buna diqqət yetirməyə davam edəcəyik. Biz bu iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq və onları məmnuniyyətlə alqışlayırıq. Nəhayət, biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq və bu iki ölkə arasında sülh və sabitliyə nail olmağa çalışırıq. Biz hesab edirik ki, burada diplomatiya vasitəsilə birbaşa dialoq əsasdır", - deyə V.Patel bildirib.

Qeyd edək ki, bu gün ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşdən sonra ABŞ-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.