Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunub

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunub.

Day.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

"ABŞ bu prosesi dəstəkləməyə davam etməyə hazırdır. Hər iki tərəf son bir neçə gün ərzində çox çətin məsələləri müzakirə edib və davamlı sülh sazişi üçün danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə edib. Razılaşma əldə edilə bilən səviyyədədir və bu razılaşmanın əldə edilməsi Azərbaycan və Ermənistan xalqlarının mənafeyinə uyğun olacaq və onlardan kənarda da müsbət təsir göstərəcək", - deyə o bildirib.

Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib.