Paşinyan Paşinyana qarşı

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

33 il əvvəl sabiq Sovet İttifaqının dağılmasından sonra Müstəqil Dövlətlər Birliyinin (MDB) faktiki yaradılmasının bəyan edildiyi Alma-Ata şəhəri bu yaxınlarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesinlə ciddi irəliləyişin qeydə alınacağı məkan ola bilər.

Bir şərtlə ki, Ermənistanda baş nazir Nikol Paşinyan onu hakimiyyətdən kənarlaşdırmaq istəyən "qarabağlılar" klanı ilə Ermənistan Apostol Kilsəsinin (EAK) yeni yaranmaqda olan birliyinin öhdəsindən gələ bilsin.

Azərbaycan bölgədə dayanıqlı, stabil və daimi sülhə can atır. Ermənistanla aparılan danışıqlar da məhz ölkəmizin şərtləri və təklifləri əsasındadır. Reallıq budur ki, hazırda sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlarda kiçik də olsa, müsbət dinamika müşahidə olunur.

Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiya prosesi başlanıb, rəsmi İrəvan 32 ildən bəri erməni işğalında olan 4 kəndin azad olunaraq Azərbaycana təhvil verilməsi prosesinə start verilib.

Eyni zamanda, şərti dövlət sərhədinin demarkasiyası ilə bağlı da işlər görülür.

Bütün bu proseslər Bakı ilə irəvan arasında hər hansı vasitəçi, üçüncü tərəf (ölkə və ya təşkilat), moderator və ya aktor olmadan əldə edilmiş razılaşmalar əsasında aparılır.

Beləcə, sadə həqiqət aşkardır: Azərbaycanla Ermənistana sülhə nail olmaq üçün vasitəçilər, xüsusilə də Cənubi Qafqazla bağlı bəlli merkantil maraqları olan "təşəbbüsçülər" gərək deyil. Çünki həmin maraqların total əksəriyyəti bölgənin və bölgə ölkələrinin mənafelərinə zidd olaraq Cənubii Qafqazın geosiyasi, iqtisadi, siyasi, humanitar və s. resurslarının istismarına yönəlib.

Həmin "vasitəçilər" Bakı və İrəvan arasında anlaşmanın gerçəkləşməsi üçün yardım təklif etmirlər, öz maraqlarını güdürlər. Daha dəqiq olsaq, "vasitəçilik" etmək istəyən ölkələr, təşkilatlar və siyasətçilər Cənubi Qafqazda yeni münaqişə ocağını alovlandırmaq istəyirlər.

Bakı malik olduğu bütün imkanlar və vasitələrdən yararlanaraq sözügedən planların reallaşmasına imkan verməməyə çalışacaq.

Ermənistanın baş naziri Nikol Paşinyana gəldikdə isə, o, ölkənin müxtəlif məkanlarında keçirilən, azsaylı dəstələrin qatıldığı etiraz aksiyalarına rəğmən, 4 kəndin təhvil verilməsi prosesini başa çatdırmaq, anlaşmalarla razılaşmalarda üzərinə götürdüyü öhdəlikləri qismən də olsa, həyata keçirməyə can atır.

Proses ABŞ, Avropa İttifaqı və Fransanın təqdim etməyə çalışdığı kimi, mürəkkəb və "ciddi müzakirə tələb edən məsələ" deyil.

1991-ci ilin Almatı bəyannaməsinə uyğun olaraq Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin Qazax rayonu istiqamətindəki hissəsinin 10-12 kilometrlik bölümü delimitasiya olunur.

Delimitasiya və demarkasiya prosesində bundan sonra da Alma-Ata bəyannaməsinin prinsiplərinin məhvər əsaslar sayılacağı tam bəlli deyil. Mümkündür ki, prosesin gələcək mərhələlərində yeni prinsiplərdən istifadə olunsun və sülh sazişinin imzalanması prosedurunda müəyyən dəyişikliklər reallaşsın.

Dünən Ermənistanın İctimai Televiziyasında Petros Kazaryanın proqramına qatılan və sualları cavablayan N.Paşinyan maraqlı açıqlamalar verib.

N.Paşinyanın sözlərinə görə, delimitasiya prosesi belə davam edəcək:

1. Delimitasiya komissiyası hazırda delimitasiya prosesinin getdiyi ərazidə öz işini başa çatdırır.

2. İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti, o cümlədən cari prosesin təcrübəsi dəqiqləşdiriləcək.

3. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək.

4. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdən davam etdirəcəklərini müəyyənləşdirəcək və hərəkətləri razılaşdıracaqlar.

Dörd kəndə gəlincə, onlar titul ölkənin nəzarətindən kənardadırlar.

"Bu cəhət dünya miqyasında bizə qarşı istifadə olunur və titullu ölkənin gücündən kənarda yerləşən yaşayış məntəqələri yaşayış məntəqəsi olmayan ərazilərdən təbiətinə görə xeyli fərqlənir", - N.Paşinyan deyib.

Onun fikrincə, "Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var: "Bu riski minimuma endirmək üçün münaqişə potensialının yüksək olduğu yerlərdən başlayırıq ki, vəziyyət nəzarətdə qalsın. Dörd kəndin delimitasiyası məsələsinin həll olunmaması Azərbaycana bu məsələnin həllindən daha çox eskalasiya üçün səbəb və imkanlar verə bilər".

Ermənistanın baş naziri daha sonra təbii ki, Rusiyadan və MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) şikayətlənməyi də unutmayıb: "Gözümüzün qabağında təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan strukturlar və ölkələr öz öhdəliklərini yerinə yetirə bilməyiblər. Buradan belə nəticə çıxır ki, biz özümüzə güvənməli və təhlükəsizliyi təmin etmək üçün tədbirlər görməliyik".

Paşinyanı GPS avadanlıqları da razı salmır.

"Azərbaycana qaytarılan 4 kənd heç vaxt bizim olmayıb. Bu kəndlər Sovet Azərbaycanının tərkibində idilər. Xəritədə sərhəd postunun harada yerləşdiyini təsəvvür edirik, lakin yerdəki koordinatları təyin edən GPS cihazından istifadə edərək yerində ölçmə aparmağa gedəndə kənarlaşmalar yaranır", - Ermənistanın baş naziri deyib.

Almatı bəyannaməsinə gəldikdə, Nikol Paşinyan biri daha təkrarlayıb ki, 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla Ermənistan ərazi bütövlüyünü və suverenliyi qarşılıqlı şəkildə bir daha tanıyıblar: "Biz razılaşdıq ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. Bu prosesə sadiqliyimizi praktikada nümayiş etdirmək indi son dərəcə vacibdir. Təbii ki, Azərbaycanın da bunu etməsi vacibdir".

Paşinyan hesab edir ki, qarşıdakı illərdə Ermənistan həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq: "Bu müddət ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistanın müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu, gözünüzün qarşısında baş verir. Azərbaycanla sərhəd delimitasiya olunmadığından müəyyən münaqişə riski var. Bu riski minimuma endirmək üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq ki, vəziyyət nəzarətdə qalsın".

Nikol Paşinyan ümumiyyətlə, Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiya prosesinə xüsusi önəm verib. O, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin hansı əsaslarla aparıldığını izah edib və müxalifətin Kadastr Komitəsinin müvafiq sənədlərinin olmaması ilə bağlı bəyanatına cavab verib.

"Sənədlər Müdafiə Nazirliyinə verilib, bu da anlaşılmazlığa səbəb ola bilərdi. Bütün sənədlər hökumətin sərəncamındadır, müxtəlif idarələr onlarla müxtəlif rejimlərdə işləyir. Biz əsas diqqəti ərazilərə yönəldirik, lakin delimitasiya prosesində hökumətin vəzifəsi bütün sərhəd boyu təkrar istehsalın qanuniliyini təmin etməkdir, biz delimitasiya prosesinin hansı prinsip əsasında aparılacağını qəbul etməliyik", - Paşinyan bildirib.

O, müxalifətin sərhədin delimitasiyasının "parça-parça deyil, hissə-hissə aparılır" ittihamına da münasibət bildirib.

"Biz Alma-Ata bəyannaməsinə əsaslanaraq, bu, uzun bir prosesdir, bundan sonra əldə etdiyimiz təcrübəni parlamentin təsdiqinə göndərəcəyik hansısa format, sonra biz bütün prosesi bu mandata uyğun davam etdirəcəyik", - Paşinyan bildirib.

O xatırladıb ki, Ermənistanla Gürcüstan arasında delimitasiya prosesi 20 ilə yaxındır ki, davam edir.

"Ancaq Azərbaycanla bu, sürətləndirilməlidir", - deyə Paşinyan bildirib.

... Göründüyü kimi, Nikol Paşinyan sülh prosesinə, sərhədin delimitasiya və demarkasiyası ilə bağlı ilkin anlaşmalara sadiq olduğunu göstərməyə çalışır.

Həmişə kimi, sözlər və bəyanatlardır.

Tələsməyək, gözləyək və Nikol Paşinyanın sözlərinin əməllərinə nə nqədər uyğunr olduğunu görək.