DİM bu gün 500-ə yaxın şagird üçün əlavə imtahan keçirir

Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarına üzrlü səbəbdən qatıla bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahanlar təşkil edir. Bununla yanaşı, Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də bu imtahanda iştirak edəcəklər.

DİM-in Day.Az-а verdiyi məlumata görə, Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində keçirilən imtahanlar üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 mühafizə əməkdaşı və 6 bina nümayəndəsi təyin olunub.

İmtahanlar saat 10:00-da başlayır və buraxılış rejimi 09:45-də bitir. Bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İştirakçıların imtahan binasına rahat daxil ola bilmələri üçün fərqli vaxtlar təyin edilib və bu vaxtlar buraxılış vərəqələrində qeyd olunub. Şagirdlərin buraxılış vərəqəsində göstərilən vaxtda gəlməsi tövsiyə olunur.

İmtahanda iştirak etmək üçün şagirdlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İmtahana buraxılış vərəqəsi;

2. Şəxsiyyəti təsdiq edən sənədin əsli (Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Dövlət Miqrasiya Xidmətinin verdiyi icazə vəsiqəsi və ya qaçqın vəsiqəsi);

3. Şəkli olmayan şəxsiyyət vəsiqəsi sahibləri üçün təhsil müəssisəsinin verdiyi, fotoşəkilli arayış.

İmtahanlarda 9 illik orta təhsil səviyyəsi üzrə 241, 11 illik təhsil səviyyəsi üzrə isə 159 şagirdin iştirakı gözlənilir. Bununla yanaşı, 75 şagird yalnız Azərbaycan dili fənnindən imtahan verəcək. İmtahanda sağlamlıq imkanları məhdud olan 3 şagirdin də iştirakı üçün xüsusi zal və fərdi nəzarətçilər ayrılıb.