Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi

Bu gün səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli faciəsi məni çox kədərləndirdi.

Day.Az xəbər verir ki, bu barədə İsrail Dövlətinin Prezidenti İshak Hersoq "X" sosial media hesabında qeyd edib.

"Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş bütün xalqların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm", - paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.